AZ

ABŞ dən Ukraynaya demarş Dron zərbəsi Vaşinqtonu hiddətləndirib

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın Vaşinqtondakı səfiri Olqa Stefanişyna bildirib ki, 2025-ci ilin noyabrında Ukrayna dronlarının Novorossiysk limanında yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) infrastrukturuna hücumundan sonra ABŞ Dövlət Departamentindən demarş (rəsmi diplomatik bildiriş) alıb.

“AzPolitika” xəbər verir ki, bu barədə CNN və “Suspilne” məlumat yayıb.

Səfirin sözlərinə görə, ABŞ tərəfi Kiyevə ümumilikdə Rusiyanın hərbi və enerji infrastrukturuna zərbələrdən çəkinməyi təklif etməyib. Demarş konkret olaraq həmin obyektlə bağlı olub: “Söhbət məhz orada ABŞ-nin iqtisadi maraqlarının toxunulmasından gedirdi”.

“Biz bunu nəzərə aldıq”, – deyə o, brifinqdə bildirib.

KTK iri beynəlxalq layihədir. Konsorsiumda Qazaxıstan 19%, Rusiya 24% paya malikdir, həmçinin bir sıra qlobal neft şirkətləri iştirak edir. O cümlədən, ABŞ-nin “Chevron” korporasiyasının törəmə şirkəti səhmlərin 15%-nə sahibdir. Boru kəmərinin uzunluğu 1500 kilometrdir və KTK Qazaxıstanın neft ixracının təxminən 80%-ni təmin edir.

Noyabrın 29-na keçən gecə dəniz dronlarının zərbəsi nəticəsində Novorossiysk limanında yerləşən uzaq yanalma qurğusu (VPU-2) sıradan çıxarılıb. Bu isə Qazaxıstandan Novorossiysk limanına nəql olunan neftin tankerlərə yüklənməsini ciddi şəkildə çətinləşdirib. Qazaxıstan Xarici İşlər Nazirliyi VPU-2-yə hücuma görə məsuliyyəti Ukraynanın üzərinə qoyub. Rəsmi Kiyev isə Rusiyadakı bir çox digər obyektlərə hücumlardan fərqli olaraq bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Qazaxıstanın energetika naziri Erlan Akkenzhenov 2025-ci ilin dekabrında bildirib ki, KTK-ya hücumlar nəticəsində neft hasilatı itkiləri 480 min tona çatıb. Noyabrdan bəri konsorsiumun infrastrukturuna yeni zərbələr endirilməyib.

Bu arada Ukrayna Prezident Ofisinin rəhbəri Kril Budanov çərşənbə günü “RBK-Ukrayna”ya açıqlamasında müharibə aparan ölkələrin siyasi mərkəzlərinə və liderlərin olduğu məkanlara zərbələr endirilməsinin əleyhinə olduğunu bildirib.

“Söhbət Kiyevdən və ya şərti olaraq Valdaydan getməsindən asılı deyil. Xüsusən də indi, mürəkkəb sülh danışıqları prosesinin getdiyi bir vaxtda”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, çətin sülh danışıqları şəraitində qaydalara əməl etmək xüsusi əhəmiyyət daşıyır: “Yalnız bu yolla çoxdan gözlənilən dayanıqlı sülhə yaxınlaşa bilərik”.

Rusiya hakimiyyəti daha əvvəl iddia etmişdi ki, dekabrın sonunda Ukrayna Rusiya prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahına zərbə endirməyə cəhd edib. Kiyev bu iddianı təkzib edib. ABŞ Prezidenti Donald Trump da Rusiya tərəfinin iddialarına inanmadığını bildirib. Bundan sonra Moskva bu mövzuya toxunmağı dayandırıb.

Ukrayna prezidenti Volodimir Zelenski isə öz növbəsində həyatına qarşı sui-qəsd cəhdləri barədə danışıb.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
azpolitika.info

1Mənbələr