GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Qara dəniz boyunca uzanan “Türk Axını” və “Mavi Axın” boru kəmərlərinə qarşı təxribat ehtimalının olduğunu bildirib.
Kreml rəhbərinin sözlərinə görə, bəzi qüvvələr diplomatik həll və sülh prosesini pozmağa çalışırlar:
Putinin təhlükə xəbərdarlığı realdır, yoxsa hesablanmış addım?
Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, “Türk axını” ideyası birbaşa Rusiyanın siyasi rəhbərliyinə məxsusdur:
“Bu marşurut Rusiyadan başlayıb Qara dəniz üzərindən Türkiyəyə köçürülməsi planlanan təbii qaz boru xətti layihəsinin adıdır. Bu ad ilk dəfə 1 dekabr 2014-cü ildə Türkiyəyə səfəri zamanı Vladimir Putin tərəfindən səsləndirilib.
“Mavi axın” qaz kəməri uzun müddətdir işləyir, Türkiyəyə 16 milyard kubmetr tədarük edir. Məhz bu kəmər vasitəsilə üçüncü ölkələrin bazarlarına çıxmaq, imkanları genişləndirmək barədə müxtəlif vaxtlarda tərəflər arasında müzakirələr aparılıb. Lakin 4 ildən artıq davam edən Rusiya-Ukrayna müharibəsində rəsmi Moskvanın mövqelərini və iqtisadi imkanlarını zəiflətmək üçün “Türk Axını” və “Mavi Axın” boru kəmərlərinin fəaliyyətinə mane olmaq hədəflənib. Rusiya prezidenti bu işi “düşmən planı” adlandırır”.
Politoloqun sözlərinə görə, Qara dənizin dibi boyunca qaz sistemlərinin partladılması qəsdən edilir:
“Mövcud hadisə beynəlxalq hüquqa zidd olsa da, sanksiya paketlərinin “davamı” kimi də başa düşülməlidir. Məqsəd Rusiya iqtisadiyyatının tamamilə çöküşünə hesablanmış aktdır. Bu hadisə ilə bağlı konkret ad və ya ünvan göstərilməsi çox çətindir. Doğrudur, Ukraynanın əsas maraqlı tərəf olması zaman-zaman səsləndirilir. Rusiya prezidentinin bu cür açıqlama verməsi də, təsadüfi deyil. Sözsüz ki, ölkə rəhbərinin belə bir bəyanat verməi konkret məlumata əsaslana bilər. Eyni zamanda məsələnin ictimailəşdirilməsi xəbərdarlıq xarakteri də daşıyır”.
Bakir Həsənbəyli
B.Həsənbəyli qeyd edib ki, Putinin hadisə baş verməmişdən əvvəl belə bir informasiyanı ictimailəşdirməsi mesaj xarakterlidir:
“Rusiya 2024-cü ildən “Şimal axını”nın və Ukrayna ərazisindən tranzitin dayanması səbəbindən Avropa bazarını faktiki olaraq itirib. Türkiyədən keçməklə Avropaya aparan iki kəmərin bu marşrut üzrə hər hansı təxribatla üzləşməsi Rusiyanın iqtisadi sahədə arteriya damarlarının kəsilməsi olacaq.
Putin dəfələrlə qeyd edib ki, müxtəlif layihələrin gündəmə gəlməsindən asılı olmayaraq Ankara ilə “Türk axını” qaz boru layihəsi üzrə əməkdaşlıqdan imtina etməyəcək. Rusiya prezidenti bu tip bəyanatlarla özünün etibarlı tərəfdaş imicini formalaşdırmaq istəyir”.
Turan Rzayev
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.