AZ

Məktəb balı ədalətsizlik yarada bilər - Ekspertdən XƏBƏRDARLIQ

Təhsil eksperti Ramin Nurəliyev təklif edib ki, universitetlərə qəbul zamanı ümumi 700 yekun balın üzərinə məktəb performans balı da əlavə olunsun.

Redaktor.az-a danışan "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlunun fikrincə, təklif maraqlı, amma çox həssas və riskli bir mexanizmdir:

"Çünki hazırda ali məktəbə qəbul sistemi əsasən mərkəzləşmiş imtahan nəticəsinə, yəni maksimum 700 bala əsaslanır. Məktəb performans balının əlavə edilməsi isə bir növ modeli dəyişir və bir neçə ciddi sual yaradır. Burada müsbət tərəflər odur ki, 11 illik əmək qiymətləndirilir. Şagird yalnız bir imtahanla deyil, illər boyu göstərdiyi nəticə ilə dəyərləndirilir. Bu, məktəbə davamiyyət və sistemli oxuma motivasiyasını artıra bilər. İkinci məsələ repetitor asılılığını azalda bilər. Əgər məktəb göstəricisi real ölçmə vasitəsinə çevrilərsə, repetitor bazarının təsiri nisbətən zəifləyə bilər. Akademik davranışın stimullaşdırılması var. Yalnız test texnikası deyil, həm də ümumi akademik performans ön plana çıxa bilər".

Müsahibimiz vurğuladı ki, qeyd olunan təkliflə bağlı risklər və problemlər var:

"Qiymətləndirmədə subyektivlik məsələsi mövcuddur. Məktəblərdə verilən qiymət real olmaya bilər. Yəni burada şişirtmə ola bilər. Eyni səviyyədə iki şagird fərqli məktəbdə oxuyub tam fərqli attestat balı ala bilər. Bu halda sistem ədalətli olmaz. Şəhər-kənd fərqi də var. Resurs fərqi olan məktəblərdə oxuyanlar üstün mövqeyə keçə bilər. Sosial bərabərsizlik dərinləşə bilər. Korrupsiya riski də gözlənilir. Əgər məktəb balı qəbul prosesinə real təsir edəcəksə, qiymət manipulyasiyası riski yüksələr".

Rizvan Fikrətoğlu məktəb performans balının necə hesablana biləcəyi ehtimalından da danışdı:

"Burada orta illik qiymət, buraxılış imtahanı, fənlər üzrə çəki əmsalı, standartlaşdırılmış daxili qiymətləndirməmi nəzərə alınacaq? Mexanizm necə qurulacaq, o da müəyyən qədər fərqlidir. Amma bir çox ölkədə məktəb nəticəsi qəbulda rol oynayır. Məsələn, Türkiyədə orta məktəb balı YKS-yə müəyyən faizlə əlavə edilir. Amma bu ölkələrdə məktəbdaxili qiymətləndirmə sistemi nisbətən standartlaşdırılıb və audit mexanizmi güclüdür.

Əgər belə model tətbiq olunacaqsa, daha təhlükəsiz variant olmalıdır. MəsələnŞ məktəb balı maksimum 50 bal kimi götürülə bilər. Məktəb göstəricisi yalnız buraxılış imtahanı nəticəsinə, uşaq hansı qrupa gedəcəksə, o qrupa əsaslanmalıdır. Qiymətləndirmə elektron monitorinq sistemi ilə qurulmalı və regionlar üzrə normallaşdırma tətbiq edilməlidir.

Hazırkı qiymətləndirmə reallığında bu təklif tələsik tətbiq edilsə, təbii ki, ədalətsizlik yarada bilər. Amma paralel olaraq məktəbdaxili qiymətləndirmə sistemi islah edilərsə, uzunmüddətli perspektivdə doğru istiqamət ola bilər. Amma reallıqda hökumət tərəfindən belə bir mövqedə çıxış olunmayıb və düşünmürəm ki, Elm və Təhsil Nazirliyi və əlaqədar qurumlar nəsə bir ideya ilə, təkliflə çıxış etsin. Yəni sadəcə bu, özlüyündə yerinə yetirilməyəcək bir təklifdir".

Aytəkin TOFİQQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr