AZ

Rayon rəhbəri Güllütəpədə tikintisi davam edən mərasim evinə baxış keçirib » AzadMedia.az


Masallı Rayon İcra Hakimiyyəti tərəfindən 25 fevral 2026-cı il tarixində Güllütəpə ərazisində təşkil olunmuş səyyar vətəndaş qəbulundan sonra rayonun icra başçısı Araz Əhmədov xeyriyyəçilərin təşəbbüsü və maliyyə dəstəyi əsasında inşasına start verilmiş mərasim evində görülən tikinti-quraşdırma işləri ilə yerində tanış olmuşdur.

Baxış zamanı başçının birinci müavini Tohid Hüseynov, aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov, Memarlıq-tikinti məsələləri sektorunun müdir vəzifəsini müvəqqəti icra edən Zamin Kazımov, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və sakinlər iştirak ediblər.

Rayon rəhbərinə tikintinin mövcud vəziyyəti, görülmüş işlərin həcmi və növbəti mərhələlər barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, mərasim evinin müasir standartlara uyğun şəkildə inşa olunması, sakinlərin istifadəsinə verilməsi üçün zəruri şəraitin yaradılması nəzərdə tutulur.

İcra başçısı tikinti prosesinin müəyyən olunmuş qrafikə uyğun, keyfiyyət tələbləri gözlənilməklə davam etdirilməsinin vacibliyini vurğulamış, işlərin operativ və yüksək səviyyədə başa çatdırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını ifadə etmişlər.
Seçilən
4
1
azadmedia.az

2Mənbələr