ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Azərbaycanda ümumi təhsil pilləsində kurikulum sistemi illərdir tətbiq olunsa da, ali məktəblərdə xüsusilə gənc müəllimlərin hazırlığında bu yanaşmanın yetərincə yer almadığı iddia olunur. Halbuki müəllim olmaq istəyən namizədlər Təhsil İnstitutu tərəfindən təşkil olunan Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında məhz kurikulum üzrə biliklərini nümayiş etdirməlidirlər.Universitetlərdə gənc müəllimlərə kurikulum təhsili verilmir, amma MİQ imtahanında niyə tələb olunur?
Təhsil eksperti Şəmsi Qoca Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, ali məktəblər hələ də keçmişin tozlu rəflərində qalmış metodlarla gənc müəllim ordusu yetişdirir: “Azərbaycan təhsilindəki mövcud vəziyyət əslində "sağ əlin sol qulağı qaşıması" deyil, sağ əlin sol qulağın yerini belə bilməməsidir. Ali məktəblər hələ də keçmişin tozlu rəflərində qalmış metodlarla gənc müəllim ordusu yetişdirir; Elm və Təhsil Nazirliyi isə bu ordunu MİQ (Müəllimlərin İşə Qəbulu) adlı bir "tələyə" salır. Universitet auditoriyasında kurikulumun adını belə eşitməyən, dərsin məqsədini alt-standartla uzlaşdırmağın praktik yolunu görməyən gənc, diplomunu alan kimi qarşısında Təhsil İnstitutunun hazırladığı qəliz, bəzən isə məntiqsiz kurikulum suallarını görür.
Buradakı ən böyük paradoks və ədalətsizlik ondan ibarətdir ki, dövlət özü öz təhsil proqramını inkar edir. Əgər Təhsil İnstitutu və Nazirlik kurikulumu müasir təhsilin onurğa sütunu hesab edirsə, bəs nə üçün bu sütun universitetlərin proqramında hələ də "yad cisim" kimi qalır? Təhsil İnstitutu yalnız metodik vəsaitlər hazırlamaqla kifayətlənməməli, universitetlərlə məktəblər arasındakı bu uçurumu aradan qaldırmalı idi. Lakin görünən odur ki, nazirlik sadəcə nəticəni yoxlamaqla məşğuldur; prosesin, yəni kadr hazırlığının nə dərəcədə bərbad vəziyyətdə olması sanki onları maraqlandırmır”.
Şəmsi Qoca
“Mövcud sistem gənc müəllimi faktiki olaraq repetitorun qucağına itələyir. Dörd il dövlət büdcəsi hesabına oxuyan tələbə, sonda dövlət məktəbinə işə düzəlmək üçün şəxsi vəsaiti hesabına kurikulum kurslarına getməyə məcbur qalır. Bu, həm nazirliyin, həm də Təhsil İnstitutunun strateji uğursuzluğudur. Bir tərəfdən islahatdan dəm vurub, digər tərəfdən həmin islahatı icra edəcək kadrın bazasını (universiteti) boş buraxmaq absurddur. Nəticədə ortada yalnız "kağız üzərində" uğurlu görünən, lakin reallıqda bir-birini təkzib edən bir təhsil idarəçiliyi qalır.
Elm və Təhsil Nazirliyinin və onun müvafiq qurumlarının fəaliyyəti bu nöqtədə kəskin tənqid olunmalıdır: Siz öyrətmədiyiniz bir şeyi soruşmaqla gənclərin gələcəyini və təhsilin keyfiyyətini sadəcə bir imtahan statistikasına qurban verirsiniz”, - deyə Şəmsi Qoca vurğulayıb.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.