
"Ali Məhkəmənin plenum qərarları məhkəmələrin işlərə vahid yanaşma ilə baxmasına kömək edir".
Bunu hüquq müdafiəçisi Əkrəm Həsənov "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qanuna Ali Məhkəminin ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izahdan danışarkən deyib.
Vəkil Ali Məhkəmənin qərarlarının yalnız məhkəmələr üçün olduğunu bildirib: "Bu kimi işlərə baxanda nəyin necə qiymətləndirilməsi, işə necə baxmaları izahda verilib. Bu yeni qanun, insanlara çağırış deyil. Sadəcə, işə necə baxmaları məhkəmələrə izah olunur. Haqqı pozulan hər bir kəs, əgər ona qarşı zor tətbiq olunubsa, hansısa bir əmlak hüququ pozulubsa polisə, məhkəməyə müraciət edə bilər. Kimsə müraciət edəcək, ya etməyəcək onun öz işidir".
Əkrəm Həsənov hesab edir ki, Ali Məhkəmənin bu qərarı vətəndaşların davranışında heç nəyi dəyişməyəcək: "Yalnız məhkəmələr işlərə eyni qaydada baxmağa meyilli olacaqlar".
Qeyd edək ki, Ali Məhkəmə ilk dəfə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib. Bildirilib ki, "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağan edən hallar aydınlaşdırılıb.