AZ

Humanitar jest yox, nüfuz artırmaq siyasəti- Vardanyanın köçkünlərə yardımının məqsədi- ÖZƏL

Qarabağdan köçən yeddi ailəyə Ermənistanın Tatev icması ərazisində kənd təsərrüfatı torpaqları verilib. Torpaqların Bakıda 20 il həbs cəzası alan Ruben Vardanyanın ailəsi tərəfindən hədiyyə edildiyi bildirilir. Bu addımın Vardanyanın köçən ermənilər arasında müsbət imic formalaşdırmaq cəhdi olduğu qeyd olunur.
Vardanyan ailəsinin bu addımı humanitar jest kimi qiymətləndirilə bilərmi, yoxsa siyasi məqsəd daşıyır? Bu təşəbbüs Ermənistan daxilində "Qarabağ gündəmi"nin yenidən aktivləşməsinə xidmət edə bilərmi?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Ruben Vardanyanın fondunun Qarabağdan olan 7 erməni ailəsinə Gorus rayonu ərazisində ev tikməsinə və torpaq ayrılmasına kömək etməsi humanitar məqsəddən daha çox siyasi məqsəd daşıyır. Çünki Vardanyan Ermənistanda siyasi hakimiyyətə iddialı bir şəxs idi. Doğrudur, onun bu iddiaları yarımçıq qaldı və o, artıq Bakıda həbs həyatını yaşayır. Amma bütün hallarda bu cür addımlar siyasi məqsədlə həyata keçirilir və erməni cəmiyyəti daxilində Vardanyana rəğbətin artırılması, ona olan sayğı və hörmətin gücləndirilməsi məqsədi daşıyır. Bu, nüfuz məsələsidir və Ermənistanda siyasi məqsədlər üçün atılan addımdır.
Gələcəkdə bu, Qarabağ məsələsini aktuallaşdıra bilərmi? Əslində, Ermənistanda elə qüvvələr var ki, müəyyən radikal, xəstə təxəyyüllü, utopik "tarixi Ermənistan" iddiaları ilə yaşayırlar və bu məsələdən hər zaman istifadə etməyə çalışacaqlar. Lakin onların vasitəsilə bu cür imkanlara sahib olan şəxslərin mövqeyi Ermənistanda ciddi təsir yarada bilməz.
Qarabağ erməniləri üzərindən aparılan məsələyə gəldikdə isə demək lazımdır ki, Qarabağdan könüllü köç etmiş ermənilərin artıq təxminən 25-30 faizinin Ermənistanı tərk edərək başqa ölkələrə köçdüyü bildirilir və bu, rəsmi şəkildə də təsdiq olunur.
Hazırda Ermənistan hakimiyyəti tərəfindən bu mövzu qapadılıb. Əvvəllər bu mövzunu qabartmağa və yenidən gündəmə gətirməyə çalışan qüvvələr var idi. Amma düşünmürəm ki, bu vəziyyəti dəyişmək və ya həmin ideyanı gündəmdə saxlamaqla regionda yaranmış reallığı hər hansı formada dəyişmək mümkün olsun". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr