AZ

“Xocalıya Ədalət” kampaniyası



Xocalı soyqırımı Azərbaycan xalqının tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi həkk olunmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində törədilmiş kütləvi qırğın təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən hesab olunur. Bu faciənin dünya ictimaiyyətinə çatdırılması, ona hüquqi-siyasi qiymətin verilməsi və günahkarların cəzalandırılması məqsədilə başladılan ən genişmiqyaslı hərəkat isə Xocalıya Ədalət beynəlxalq kampaniyasıdır. Xocalıya Ədalət kampaniyası 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start götürmüşdür. Kampaniyanın əsas strateji məqsədi Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, beynəlxalq təşkilatlara və qlobal ictimai rəyə çatdırmaq, bu qətliamın soyqırımı aktı kimi tanınmasına nail olmaqdır. Ötən illər ərzində kampaniya çərçivəsində dünyanın 70-dən çox ölkəsində müxtəlif səviyyəli tədbirlər, konfranslar, sərgilər və anım mərasimləri keçirilmişdir. Bu fəaliyyətlər nəticəsində bir çox ölkələrin parlamentləri, habelə ABŞ-ın onlarla ştatı Xocalı hadisələrini rəsmi şəkildə soyqırımı və ya insanlıq əleyhinə cinayət kimi tanıyan qətnamələr qəbul etmişdir. Kampaniyanın beynəlxalq müstəvidə uğurları arasında İslam Əməkdaşlıq Təşkilatının Xocalı faciəsini soyqırımı aktı kimi tanıyan ilk beynəlxalq təşkilat olmasını, ardınca isə Meksika, Pakistan, Kolumbiya, Çexiya, Rumıniya, Sudan və digər ölkələrin qanunverici orqanlarının analoji qərarlar qəbul etməsini qeyd etmək olar. Xocalı soyqırımı beynəlxalq hüququn, xüsusilə 1948-ci il Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın müddəalarını tamamilə ehtiva edir. Şəhərin mülki əhalisinin milli mənsubiyyətinə görə qəsdən və amansızlıqla məhv edilməsi bu faciəni müasir tarixin ən böyük utanc nöqtələrindən birinə çevirmişdir. Xocalıya Ədalət kampaniyası vurğulayır ki, cəzasızlıq yeni cinayətlərə rəvac verir, buna görə də cinayəti törədənlərin beynəlxalq tribunallar qarşısında cavab verməsi kampaniyanın ali hədəfidir. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və Xocalı şəhərinin azad edilməsi tarixi ədalətin bərpası yolunda atılmış ən böyük addımdır. Bu gün Xocalıda Azərbaycan bayrağının dalğalanması həm də faciə qurbanlarının ruhu qarşısında mənəvi borcun yerinə yetirilməsidir. Xocalıya Ədalət sadəcə bir şüar deyil, bəşəriyyətin gələcəkdə bu cür faciələrlə bir daha qarşılaşmaması üçün vicdan səsi və beynəlxalq həmrəylik rəmzidir.

Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı



Seçilən
2
aia.az

1Mənbələr