AZ

Türkiyə Rusiya–Ukrayna müharibəsinin tezliklə başa çatmasının tərəfdarıdır - Fuat Oktay

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Rusiya–Ukrayna müharibəsinin uzanması ilə bağlı Türkiyənin mövqeyi bir daha açıqlanıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə bildirib ki, Ankara qarşıdurmanın ən qısa zamanda dayandırılmasını dəstəkləyir.

Fuat Oktay bəyan edib ki, artıq beşinci ilinə qədəm qoyan müharibə təkcə tərəfləri deyil, bütövlükdə regionu ciddi şəkildə yorub və geniş siyasi-iqtisadi fəsadlara səbəb olub. Onun sözlərinə görə, davam edən hərbi əməliyyatlar nə regional sabitliyə, nə təhlükəsizliyə, nə də iqtisadi inkişafa xidmət edir.

Oktay vurğulayıb ki, Türkiyə müharibənin davamını çıxış yolu hesab etmir və prosesin diplomatik müstəvidə həllini zəruri sayır.

“Biz müharibənin ən qısa zamanda dayanmasını istəyirik. Bu qarşıdurma bölgənin sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına mənfi təsir göstərir. Təəssüf ki, savaşın bitməsində maraqlı olmayan aktorlar da var”, – deyə komitə sədri bildirib.

Onun sözlərinə görə, Ankara bundan sonra da Kiyev və Moskva arasında dialoqun təşviqi istiqamətində fəal rol oynamaqda davam edəcək. Bu proses həm Vaşinqtonun iştirakı ilə üçtərəfli mexanizm çərçivəsində, həm də Türkiyənin ev sahibliyi etdiyi İstanbul platformasında reallaşa bilər.

Rəsmi Ankara hesab edir ki, davamlı və ədalətli sülhə aparan yol yalnız danışıqlar və ardıcıl diplomatik səylərdən keçir. Türkiyə regionda qarşıdurma deyil, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılmasının tərəfdarı olduğunu bir daha bəyan edir.

Seçilən
15
turkic.world

1Mənbələr