AZ

İpoteka limiti artırıla, faizlər aşağı salına bilər - Ev almaq istəyənlərə ŞAD XƏBƏR

2026-cı il üçün dövlət büdcəsindən ipoteka kreditləşməsinə əlavə vəsait ayrılması və müvafiq qurumun yaxın zamanda yeni kredit limitlərini açacağı ilə bağlı gözləntilər, mənzil almaq istəyən vətəndaşlar üçün ipoteka bazarında aktivliyin artacağına işarə edir. Proqnozlara görə, ayrılacaq maliyyə əsasən güzəştli ipoteka kreditlərinin genişləndirilməsinə yönəldiləcək.

Day.Az xəbər verir ki, bu il güzəştli ipoteka kreditlərinin verilməsi üçün 100 milyon manat vəsait ayrılıb. 2025-ci ildə isə bu məbləğ təxminən 96 milyon manat olub və nəticədə 1156 vətəndaş mənzil sahibi ola bilib. Əvvəlki illərdə verilmiş kreditlər üzrə geri dönüşlər də nəzərə alınarsa, güzəştli ipoteka üçün ayrılan vəsaitin 100 milyon manatdan daha çox olacağı ehtimal edilir. Belə olan halda, cari il ərzində bu imtiyazdan yararlanacaq vətəndaşların sayının artacağı gözlənilir.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, 2026-cı ildə təxminən 1200 vətəndaş güzəştli ipoteka kreditlərindən istifadə edərək mənzil problemini həll edə biləcək.

Onun sözlərinə görə, proses onlayn qaydada həyata keçiriləcək. Bu isə o deməkdir ki, limitlər açıldıqdan sonra vətəndaşlar müvəkkil banklar vasitəsilə elektron formada müraciət edə biləcəklər. Güzəştli ipoteka kreditləri əsasən gənc ailələr üçün nəzərdə tutulub. Bununla yanaşı, müəyyən hallarda 35 yaşdan yuxarı vətəndaşlar da müraciət hüququna malikdir. Məqsəd əsasən gənc ailələrin mənzil problemini həll etməkdir.

Ekspertlərin fikrincə, mövcud iqtisadi şərait və daşınmaz əmlak bazarında qiymət artımı güzəştli ipoteka kreditləri üzrə maksimum məbləğin artırılması məsələsini də gündəmə gətirir. Hazırda 100 min manat olan limitin 150 min manata yüksəldilməsi təklif olunur. Limitlərin açılması həm mənzil bazarında canlanmaya, həm də kirayə bazarında təzyiqin qismən azalmasına səbəb ola bilər.

Bununla yanaşı, sual yaranır: bu canlanma süni qiymət artımına səbəb ola bilərmi?

Daşınmaz əmlak üzrə ekspert bildirib ki, ipoteka kreditlərinin bazardakı payı böyük deyil və ümumi əməliyyatların təxminən 6-7 faizini təşkil edir. Buna görə də ipoteka kreditlərinin qısa müddətdə qiymətlərə müəyyən nisbi təsiri olsa da, sonrakı mərhələdə bu təsir ciddi xarakter daşımır.

Bu il faiz dərəcələri ilə bağlı dəyişiklik ehtimalı da müzakirə olunur. Hazırda güzəştli ipoteka kreditləri illik 4 faiz, adi ipoteka kreditləri isə 8 faizlə təqdim edilir.

Dövlət maliyyələşməsi hesabına verilən sosial ipoteka kreditlərində faizlərin daha da aşağı salınmasının mümkün olduğu bildirilir. Əgər bu addım reallaşarsa, ipoteka kreditlərinə əlçatanlıq daha da artmış olacaq.

Elxan Turan
Day.Az

Seçilən
15
day.az

1Mənbələr