Ukraynanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanına hücumundan sonra ABŞ Dövlət Departamenti Kiyevi ABŞ maraqlarına zərbə vurmamağa çağırıb. Bunu Ukraynanın Vaşinqtondakı səfiri deyib.
Səfir Olqa Stefanişina bu mesajı demarş, yəni rəsmi və diplomatik müraciət kimi xarakterizə edib. Bu mesajı necə qəbul etdiyi, Dövlət Departamentinə çağrılıb-çağrılmadığı haqda ətraflı danışmayıb, Ukraynanın bu müraciəti nəzərə aldığını deyib.Stefanişina fevralın 24-də, Rusiyanın genişmiqyaslı işğalının dördüncü ildönümündə çıxış edib. Onun sözlərinə görə, Novorossiyskə hücumdan sonra Dövlət Departamenti Ukrayna ilə əlaqə saxlayıb, çünki bu, Amerika və Qazaxıstanın iqtisadi maraqlarına toxunmuşdu. Qazaxıstan neftinin böyük hissəsi ixrac üçün Novorossiyskə göndərilir. Ukraynanın dron hücumundan sonra liman noyabr ayı üzrə neft ixracını qısa müddətə dayandırıb. Stefanişina bildirib ki, mesaj Rusiyanın infrastrukturuna hücumların tam dayandırılması deyil, ABŞ maraqlarına təsir edən zərbələrlə bağlı olub: "Bu təmasın məqsədi Ukraynanı Rusiya hərbi və enerji infrastrukturuna zərbələrdən çəkindirməyə təşviq deyildi. Söhbət orada Amerika iqtisadi maraqlarına təsirdən gedirdi".
Qazaxıstan Rusiyanın Ukraynada müharibəsi və sanksiyalar səbəbindən xam neftin nəqlində problemlərlə üzləşib. Bu ölkə gündəlik 1,4 milyon barel xam neft ixrac edir ki, bu da qlobal tədarükün cəmi 1 faizindən çoxdur. Ötən 20 il ərzində qazax enerji şirkəti nefti Rusiyanın Qara dənizdəki Novorossiysk limanı vasitəsilə ixrac edib. Bu limana neft nəql edən boru kəmərinin bağlanmasından və Ukrayna zərbələrindən sonra qazax hökuməti Azərbaycanla danışıqlara başlayıb və SOCAR ilə xam neftin Bakı-Tiflis-Ceyhan boru kəməri ilə daşınmasına dair müvafiq saziş imzalayıb. Qazaxıstan 2025-ci ildə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə 1,3 milyon ton neft tədarük edib. 2026-cı il üçün gözlənilən həcm 1,6 milyon tona qədərdir. Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ildə Bakı-Tiflis-Ceyhan marşrutu ilə təxminən 1,4 milyon ton Qazaxıstan nefti nəql edilib.
Tahir TAĞIYEV