AZ

Rumıniya mövcud məlumat mərkəzlərinin sayına görə dünyada 30-cudur

Buxarest, 25 fevral, AZƏRTAC

Rumıniya 63 məlumat mərkəzi fəaliyyət göstərir. Bu göstərici ilə ölkə dünya üzrə 30-cu pillədə qərarlaşıb.

AZƏRTAC xəbər verir ki, ölkədə bu sahədə hələ genişmiqyaslı investisiyalar həyata keçirilməsə də, mövcud infrastruktur regional rəqəmsal bazarda müəyyən mövqe formalaşdırıb.

Məlumata əsasən, məlumat mərkəzlərinin əksəriyyəti paytaxt Buxarestdə cəmləşib. Digər iri texnoloji qovşaqlar sırasında Timişoara, Kluj-Napoka və Braşov şəhərləri yer alır. Bununla belə, ümumi hesablama gücü və infrastruktur miqyası baxımından Rumıniya hələ Avropanın aparıcı ölkələri ilə müqayisədə geridə qalır.

Ekspertlər bildirirlər ki, ölkənin seysmik zonada yerləşməsi və iqlim dəyişiklikləri ilə bağlı risklər iri investisiya qərarlarına təsir göstərən əsas amillərdən biridir. Xüsusilə zəlzələ təhlükəsi və ekstremal hava hadisələri məlumat mərkəzləri kimi yüksək təhlükəsizlik və fasiləsizlik tələb edən obyektlər üçün əlavə texniki və maliyyə tələbləri yaradır.

Bununla yanaşı, Rumıniyanın Avropa İttifaqı məkanında yerləşməsi, geniş fiber-optik şəbəkəsi və nisbətən rəqabətqabiliyyətli enerji qiymətləri potensial üstünlüklər kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, iri beynəlxalq texnologiya şirkətlərinin bazara daxil olması ölkənin məlumat mərkəzləri sektorunda mövqeyini gücləndirə və regionda rəqəmsal hab rolunu artırmağa imkan verə bilər.

Qeyd edək ki, məlumat mərkəzləri rəqəmsal iqtisadiyyatın əsas infrastruktur komponentlərindən biri sayılır və bu sahəyə yatırılan investisiyalar ölkələrin texnoloji inkişaf səviyyəsinin mühüm göstəricisi kimi qəbul olunur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Seçilən
2
2
azertag.az

3Mənbələr