AZ

Şakir Ağayev: “Üçtərəfli format regiona həm sabitlik, həm də inkişaf vəd edir”

"Fevralın 24-də Milli Məclisdə keçirilən üçtərəfli görüş - Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin görüşü - üç ölkə arasında formalaşmış ənənəvi strateji tərəfdaşlıq və əməkdaşlıq mexanizmlərinin tərkib hissəsidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan regionda bir sıra üçtərəfli əməkdaşlıq platformalarında fəal iştirak edir və bu istiqamətdə təşəbbüskar mövqe nümayiş etdirir. Bu formatların ən mühümlərindən biri Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyüdür. Həmin ölkələr arasında müdafiə, iqtisadiyyat və digər sahələrdə mütəmadi görüşlər keçirilir, əməkdaşlıq daha da genişləndirilir. Azərbaycan bu modelin tətbiqində və inkişafında önəmli rol oynayır. Bu üç ölkəni bir-birinə bağlayan güclü siyasi, iqtisadi və humanitar əlaqələr mövcuddur. Azərbaycandan keçən qlobal logistika və enerji layihələri - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat-kommunikasiya xətləri - məhz bu üç ölkənin ərazisindən keçir. Azərbaycanın Avropaya enerji ixracı da bu marşrut vasitəsilə həyata keçirilir: Azərbaycan mənbə ölkə, Gürcüstan və Türkiyə isə əsas tranzit tərəfdaşlar kimi çıxış edir. Bütün bunlar 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"ndən sonra formalaşmağa başlayan iqtisadi-logistik əməkdaşlığın davamıdır. Bu proses Azərbaycan üçün ciddi iqtisadi üstünlüklər yaratmaqla yanaşı, Gürcüstanın da tranzit ölkə kimi böyük fayda əldə etməsinə imkan verib. Azərbaycanın Avropaya çıxışında Gürcüstan mühüm rol oynayır və tranzit haqları hesabına iqtisadi imkanlarını genişləndirir. Eyni sözləri Türkiyə haqqında da demək mümkündür. Üç ölkə arasında iqtisadi bağlılıq son dərəcə güclüdür və bununla bağlı çoxsaylı nümunələr göstərmək olar.

Ekspert qeyd edib ki, parlamentlərarası əməkdaşlıq isə enerji, nəqliyyat və kommunikasiya sahələrində əldə olunan konkret nəticələrin hüquqi əsasını formalaşdırır. Bu istiqamətdə qəbul edilən sənədlər hər üç ölkənin parlamentində müzakirə və ratifikasiya olunur. Parlamentlərarası əlaqələr mühüm qanun və sazişlərin daha operativ şəkildə təsdiqinə, qərarların çevik icrasına şərait yaradır. Eyni zamanda, hər üç ölkədə, xüsusilə Gürcüstanda yaşayan azərbaycanlı icmanın hüquq və maraqlarının qorunması baxımından da parlamentlərarası münasibətlər əhəmiyyətlidir. Qəbul olunan qanunvericilik aktlarında bu məsələlərin nəzərə alınmasında belə əməkdaşlıq platformalarının rolu var.

"Azərbaycan, Türkiyə və Gürcüstan bir-biri ilə sıx bağlı olan ölkələrdir. Bütün sahələr üzrə əməkdaşlığın gücləndirilməsi regiona sabitlik və inkişaf gətirə bilər", - deyə ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr