AZ

“Qəzzada davamlı atəşkəs və iki dövlətli həll yolu əsas prioritetdir” - Fuat Oktay

“Qəzza məsələsində ötən illə müqayisədə qanaxmaların müəyyən qədər azaldığını görürük. Lakin aparılmış razılaşmalara baxmayaraq, İsrail tərəfinin hücumları nəticəsində hələ də ölümlər və qətliamlar davam edir”.
SİA xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay səfərlə bağlı yekun mətbuat konfransında səsləndirib.
O bildirib ki, Türkiyə ABŞ öncülüyündə qurulan barış təşəbbüsünü dəstəklədiyini açıq şəkildə bəyan edib: “Atəşkəsin bütün aspektləri ilə təmin olunmasını, humanitar yardımın fasiləsiz davam etməsini və Rəfah sərhəd keçid məntəqəsinin tam şəkildə açılmasını vacib hesab edirik. Normal vəziyyətin bərpası üçün Fələstin idarəsinin səlahiyyətlərini tam şəkildə həyata keçirməsi və daxili təhlükəsizlik məsələlərini öz üzərinə götürməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Qəzzanın yenidən qurulması prosesinə başlanmalı və iki dövlətli həll yolunda irəliləyiş əldə olunmalıdır”.
Fuat Oktay vurğulayıb ki, Türkiyə prosesdə üzərinə düşən bütün məsuliyyəti yerinə yetirməyə davam edir: “Azərbaycanla birlikdə xüsusilə Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığını daha yüksək səviyyəyə qaldırmaq, bölgəni rifah və sülh mühitinə daşımaq məqsədilə Bakıda bir sıra görüşlər keçirdik. Bu görüşlər olduqca səmərəli və dəyərli oldu”.
Komitə sədri əlavə edib ki, səfər çərçivəsində məktəblər də ziyarət olunub: “Orada bir daha şahid olduq ki, Türkiyə-Azərbaycan qardaşlığı yalnız bizim nəsildə deyil, gələcək nəsillər arasında da eyni ruhla davam edir”.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
10
sia.az

1Mənbələr