25 fevral 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Güllütəpə ərazisində səyyar görüş-qəbul keçirmişdir.
Səyyar görüş-qəbulu açan İcra başçısı ilk öncə iştirakçıları Ramazan bayramı münasibətilə təbrik etmiş, onlara möhkəm cansağlığı arzulamış və bayram təbriklərini çatdırmışdır.
Daha sonra Güllütəpə kəndi haqqında məlumat verən rayon rəhbəri kəndin rayonun ən qədim yaşayış məskənlərindən biri olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Güllütəpə ərazisində yerləşən İsgəndərtəpə adlanan sahədə aparılan arxeoloji qazıntılar zamanı müxtəlif döyüş sursatları və qədim məişət əşyaları aşkar edilmişdir. Bu tapıntılar həmin ərazinin qədim yaşayış məskəni olduğunu bir daha təsdiq edir.
Qeyd olunmuşdur ki, Güllütəpə ərazisində məskunlaşma prosesi XVIII əsrin ikinci yarısından sonra başlamışdır. Kənddə ilk məktəbin fəaliyyəti isə 1947-ci ilə təsadüf edir.
Həmçinin vurğulanmışdır ki, Güllütəpə ərazi dairəsinə aid olan kəndlər tarixən igid və vətənpərvər oğulları ilə seçilmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə kənd sakinləri böyük şücaət və qəhrəmanlıq nümunələri göstərmişlər. Əraziyə daxil olan kəndlərin Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış övladları, qaziləri və müharibə iştirakçıları vardır.
Qeyd olunmuşdur ki, şəhidlərin əziz xatirəsi daim uca tutulur, onların ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Eyni zamanda, qazilər və müharibə iştirakçıları bu gün də cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edir, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına öz töhfələrini verirlər.
Daha sonra söz Masallı Rayon İcra Hakimiyyəti aparatının sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərova verilmişdir.
Şöbə müdiri çıxışında bildirmişdir ki, Yeni Zuvand kənd tam orta məktəbi istilik sistemi ilə təmin olunmuşdur. Həmçinin Güllütəpə-Yolağac yolunda əsaslı təmir işləri aparılmışdır.
Qeyd edilmişdir ki, şəhid ailələrinə və aztəminatlı ailələrə mütəmadi olaraq maddi yardımlar göstərilmiş, şəhid adını daşıyan küçəyə 1060 metr uzunluğunda asfalt örtüyü çəkilmişdir.
Kəndin qəbiristanlığına gedən yolun 160 metrlik hissəsinə şebel örtüyü salınmışdır.
Eyni zamanda, Əmirtürbə kəndində 93 evə təbii qaz xətti çəkilmiş, kənd ərazisində 20 metr uzunluğunda dəmir körpü inşa edilmişdir.
Bundan başqa, ərazidə 1600 metr yola qrebel tökülmüş, elektrik dirəkləri yeniləri ilə əvəz olunmuş, ərazidə 740 metr uzunluğunda su kanalı təmizlənmişdir.
Bildirilib ki, 60 nəfərə qurban payı verilmiş, həmçinin şəhid plakatları və lövhələri yeniləri ilə əvəz edilmişdir.
Daha sonra vətəndaşlar tərəfindən qaldırılan müraciətlər rayon rəhbəri tərəfindən dinlənilmişdir.
İlk olaraq Yolağac kənd yolunun asfaltlanması ilə bağlı müraciət səsləndirilmişdir. Növbəti müraciət isə Yolağac kəndinin adının dəyişdirilməsi ilə bağlı olmuşdur.
Daha sonra kəndin elektrik təchizatında mövcud olan problemlərlə əlaqədar rayon rəhbərinə məlumat verilmiş, ərazidə yeni transformatorun quraşdırılması ilə bağlı müraciət edilmişdir.
Növbəti çıxış edən vətəndaş ərazidə ümumilikdə görülmüş işlərə görə kənd sakinləri adından rayon rəhbərinə minnətdarlığını ifadə etmişdir.
Digər kənd sakini isə təbii fəlakət nəticəsində yaşadığı evdə yaranmış problemlərin aradan qaldırılmasına göstərilən köməyə görə İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova öz təşəkkürünü bildirmişdir.
Daha bir vətəndaş müraciəti isə kəndin qaz təchizatı ilə bağlı olmuşdur. Köhnə Zuvand kənd sakini isə ərazidə internet xəttinin bərpa olunması ilə bağlı müraciət edərək köməklik göstərilməsini xahiş etmişdir.
Həmçinin ərazidə həkim çatışmazlığı ilə bağlı məsələ qaldırılmış, Güllütəpə ərazisində fəaliyyət göstərən tibb məntəqəsində vakant həkim yerinə müvafiq ixtisaslı mütəxəssisin təyin olunması xahiş edilmişdir.
Bununla yanaşı, Tatyanoba kəndində mərasim evinin tikintisi ilə bağlı müraciət olunmuş, eyni zamanda həmin kənddə körpünün inşası məsələsi rayon rəhbərinin diqqətinə çatdırılaraq dəstək göstərilməsi xahiş edilmişdir.
Rayon rəhbəri qeyd olunan bütün müraciətləri diqqətlə dinləmiş, qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapmış, digər müraciətlər isə araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürülmüşdür.