"Xocalı şəhərinin taleyi, əslində, soyqırım törədilməsindən təxminən dörd ay əvvəl həll olunmuşdu. 1991-ci ilin sonlarından etibarən artıq Xocalının hava əlaqəsi kəsilmişdi. Şəhərin ətrafındakı bütün yüksəkliklər Rusiyanın 366-cı motoatıcı alayının şəxsi heyəti və erməni silahlı dəstələri tərəfindən nəzarətə götürülmüşdü".
Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, əhalinin şəhərdən çıxa biləcəyi bütün yollar erməni silahlılarının nəzarəti altında idi. Şəhərlə əlaqə yalnız hava yolu ilə mümkün ola bilərdi. Lakin payız aylarından etibarən hava əlaqəsi də faktiki olaraq mümkünsüzləşmişdi. Çünki Xocalıya uçan helikopterlər erməni silahlıları tərəfindən atəşə tutulurdu.
1991-ci ilin oktyabr ayında Şuşa səmasında mülki helikopterin vurulması vəziyyəti daha da ağırlaşdırdı və bundan sonra hava əlaqəsi tamamilə dayandırıldı. Helikopterimizin vurulmasından sonra uçuşlar da tamamilə dayandırıldı. Beləliklə, Xocalı tam mühasirəyə alındı və şəhər faktiki olaraq blokada şəraitində yaşamağa məcbur edildi. Xocalı soyqırımına aparan proses Ermənistan tərəfindən hələ 1991-ci ilin payız aylarından başlanmışdı.
Şəhərin mühasirəyə alınması üçün əsas taktiki-operativ üstünlüklər tamamilə erməni qüvvələrinin tərəfində idi. Çünki şəhərin ətrafındakı bütün hakim və strateji yüksəkliklər erməni silahlıları və Rusiyanın 366-cı alayının nəzarətində idi.
Xocalının müdafiə potensialı demək olar ki, sıfıra bərabər idi. Əhalinin əlində olan ov silahları belə əvvəlcədən yığılmışdı. Şəhər dörd tərəfdən, sanki üzüyün qaşı kimi, tam blokadaya alınmışdı. Məhdud sayda yerli özünümüdafiə dəstələri ilə şəhərin müdafiəsini uzun müddət saxlamaq, təbii ki, mümkün deyildi.
Onlar yalnız yüngül atıcı silahlarla silahlanmışdılar. Bu silahlar isə erməni silahlılarının və 366-cı alayın arsenalında mövcud olan artilleriya qurğuları, tanklar, BMP-lər və digər ağır texnikalar qarşısında tamamilə yetərsiz idi. Belə şəraitdə mühasirəni yarmaq və əhalini təhlükəsiz şəkildə çıxarmaq faktiki olaraq mümkün deyildi. Xocalı faciəsi Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Bu soyqırımı azərbaycanlı mülki əhalinin qəsdən öldürülməsi, əsir götürülməsi, işgəncələrə məruz qalması və əmlakının talan edilməsi məqsədilə törədilmiş ağır müharibə cinayəti idi".