AZ

Həbsdən çıxdı, amma birdəfəlik müavinət verilmədi: Vətəndaş şikayətinə RƏSMİ CAVAB

Azərbaycanda penitensiar müəssisələrdən azad edilən şəxslərin cəmiyyətə reinteqrasiyası və sosial adaptasiyası dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab olunur. Bu məqsədlə qanunvericiliyə uyğun olaraq azadlığa çıxan və sosial dəstəyə ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti təyin edilir. Lakin bəzi hallarda vətəndaşların müraciətləri təmin olunmur və bu, müxtəlif suallar doğurur. Xüsusilə eyni şəxsin təkrar müraciəti zamanı müavinətin verilib-verilməməsi ilə bağlı hüquqi mexanizmlər ictimai maraq doğuran məsələlərdən biridir.

Məhz belə müraciətlərdən biri də Quliyev Xəlil Mübariz oğlu tərəfindən KONKRET.az-ın redaksiyasına ünvanlanıb.

O, azadlığa buraxıldıqdan sonra tələb olunan bütün sənədləri təqdim etsə də, hesabına vəsait köçürülmədiyini bildirərək səbəbin araşdırılmasını istəyib.
Vətəndaşın sözlərinə görə, cəzaçəkmə müəssisəsindən buraxılış vərəqəsini, yaşayış arayışını və digər sənədləri Sosial Müdafiə Fonduna təqdim edib. Lakin müraciətdən 15 gün sonra 142 çağrı mərkəzi ilə əlaqə saxladıqda ona imtina qərarı verildiyi bildirilib:

“Mənə dedilər ki, hesabıma pul köçürülə bilməz, imtina gəlib. Maraqlıdır, səbəb nədir?” – deyə o, müraciətində qeyd edib.

Məsələ ilə bağlı redaksiya tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlanıb. Nazirliyin cavabında bildirilib ki, Quliyev Xəlil Mübariz oğlu 30 yanvar 2026-cı il tarixində cəza çəkməkdən azad edildikdən sonra sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təyin olunması üçün müraciət edib.

Qurumun məlumatına görə, qanunvericiliyə əsasən penitensiar müəssisələrdən azad edilmiş və tibbi-sosial yardıma ehtiyacı olan şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik müavinət verilir. Lakin adıçəkilən şəxsə bu müavinət ilk dəfə 2024-cü ilin sentyabr ayında, əvvəlki azadlığa buraxılışından sonra təyin edilərək ödənilib.

Nazirlik vurğulayıb ki, sosial adaptasiya tədbirləri qarşılıqlı hüquq və vəzifələr prinsipi əsasında həyata keçirilir. Birdəfəlik müavinət alındıqdan sonra yenidən cinayət törədilərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunma sosial adaptasiya məqsədlərinə zidd sayılır. Bu səbəbdən vətəndaşa müavinətin təkrar təyin edilməsi mümkün sayılmayıb.

Qeyd olunub ki, məsələ ilə bağlı vətəndaşa rəsmi cavab məktubu da göndərilib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
11
1
konkret.az

2Mənbələr