AZ

İşğaldan azad olunmuş ərazilərə köçən gənc əhaliyə kənd təsərrüfatı sahəsində işləməyi öyrətmək lazımdır

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı bərpa prosesinin əsas dayaqlarından biri kimi planlaşdırılmalıdır. Bu sahədə vahid və məcburi model tətbiq etmək əvəzinə, torpaqdan istifadə formaları ailələrin bacarıq və maraqlarına uyğun şəkildə diferensiallaşdırılmalıdır. Maldarlıq, əkinçilik və emal istiqamətində fəaliyyət göstərmək istəyənlər üçün subsidiya, güzəştli kredit və texniki dəstək mexanizmləri genişləndirilməlidir.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hökumət kifayət qədər iş görür, investisiya yatırır, vətəndaşların öz dədə-baba yurduna geri qayıtması ilə bağlı işlər aparır, iş təminatı məsələsinə də baxılır: “Regionlarda hamı sözsüz ki, işləyən deyil. Hamı işləsə, o qədər iş yeri açmaq da mümkün deyil. Bildiyiniz kimi bu gün əhali köçürüldükcə, onların iş təcrübəsinə və təhsilinə baxırlar. Buna uyğun onları işlə təmin etməyə çalışırlar. Çalışırlar ki, ən azı heç olmasa ailədən bir nəfər olsa da, işlə təmin olunsun. Amma kənd təsərrüfatı ilə, sözsüz ki, kimsə məşğul olmalıdır.

30 il öncə ərazidən köçən əhali artıq yaşlıdır. Cavanların hələ kənd təsərrüfatında işləmək təcrübələri yoxdur. Bu ərazilərə köçən cavan əhaliyə kənd təsərrüfatı sahəsində işləməyi öyrətmək lazımdır. Avropa ölkələrində və inkişaf edən ölkələrin çoxunda, Rusiyanın özündə biznes inkubatorları açılır. Azərbaycanda onun analoqu KOBİA-dır”.

Elnur Azadov

Ekspert hesab edir ki, ümumiyyətlə kənd əhalisinin çoxu ənənəvi prinsiplərlə yaşayır, yəni sovet hökuməti vaxtında onlar öz ərazilərində nə əkirdilərsə, nə becərirdilərsə bu gün də onunla məşğuldurlar: “İstər o vaxt köçən, istər indi köçəcək əhalinin az çox torpaq sahələri var, yaxud olacaq. Onların üzərində daha müasir formada məhsullar əkməyi öyrətmək lazımdır. Bunun üçün kifayət qədər təcrübəli şəxsləri bu işə cəlb etmək lazımdır.

Sovet hökuməti vaxtında kifayət qədər kolxoz, sovxozlar vardı. Kolxoz və sovxozların kifayət qədər texnikası, aqronomları, fermerləri, baytar həkimləri də vardı. Sovet hökuməti dağılandan sonra pay torpaqları vətəndaşların ixtiyarına keçdi. Amma texnika az olduğuna görə, vətəndaşlar torpaqlardan istifadə etmədilər. Bu kimi problem hər yerdə var. Hətta indi Qarabağ iqtisadi zonasına köçən əhalidə də bu kimi problemlər olacaq. Az sayda kimlərəsə, əgər torpaq verilsə belə, onlar da kənd təsərrüfatı sahəsində təcrübəli deyillər. Üstəlik, texnika da olmalıdır. Təcrübəli mütəxəssislər, aqranomlar, fermer təsərrüfatında təcrübəsi olan şəxslər olmalıdırlar”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
bizimyol.info

1Mənbələr