AZ

“Hüquqşünasların 99 faizi bisavaddır, hətta ən tanınmışları...” – Nazirin təklifinə irad

“Azərbaycanda normal hüquqşünas çox azdır. Hüquq fakültəsinin diplomuna malik olan o qədər adam var ki! Onların 99 faizi bisavaddır! Hətta deyərdim ki, ölkə miqyasında tanınan hüquqşünasların çoxu belədir. Bunu tam məsuliyyətimlə deyirəm”.

Bu sözləri “Yeni Sabah”a vəkil Əkrəm Həsənov deyib.

Onun sözləri görə, hüquq sahəsində başlıca problem dərsliklərlə bağlıdır:

“Azərbaycanda hüquq elmi və təhsili digər sahələrə nisbətən lap bərbad gündədir. Məsələn, dərsliklər yoxdur.

Hüquq elə bir sahədir ki, hansısa xarici kitabı tərcümə edib, onu dərslik kimi təqdim etmək olmur. Axı öz qanunvericiliyimiz var. Misal üçün, sizin sahədə, yəni jurnalistikada bu mümkündür. Eləcə də, fizika, yaxud kimyada. 35 ildir Azərbaycan müstəqil dövlətdir, amma hüquq sahəsi üzrə dərsliklər yoxdur. Dərsliklər olmadığı üçün bu sahədə normal təhsil yoxdur”.

Ə.Həsənov vurğulayıb ki, yerli hüquqşünaslar bilərəkdən elmi dissertasiyalarını gizlədir:

“Öz qızım bir neçə il bundan əvvəl Bakı Dövlət Universitetinin Hüquq fakültəsində oxudu. Mən dəhşətə gəldim. Bizim dövrümüzdə pis-yaxşı təhsil var idi. İndi qəti yoxdur. Nə qədər istəyirsiniz hüquq fakültələri açın, keyfiyyət yoxdursa, nə faydası? Azərbaycanda hüquq sahəsi üzrə dərc olunan ktabların əksəriyyəti boş-boş şeylərdir. Yüksək vəzifələrdə çalışan hüquqşünasların çoxu bisavaddır. İnkişaf etmiş ölkələrdə hüquqşünasın keyfiyyəti dərc etdiyi elmi məqalələrdən, dissertasiyalardan məlum olur. Azərbaycanda isə hüquqşünaslar elmi dissertasiyalarını gizlədirlər. Çünki həmin dissertasiyalar ya bisavad formada yazılıb, ya da xarici materiallardan tərcümə edilib”.

Hüquqşünas qeyd edib ki, keyfiyyətli dərsliklərin hazırlanmasına mütləq şəkildə ehtiyac var:

“Hüquq sahəsində dərs deyən müəllimlərin də 90 faizi bisavaddır. Mən onlara dəfələrlə qulaq asmışam. Hüquq fakültələrində dərs deyənlərin çoxu hakim yaxud vəkil kimi haradasa işləyir. Prestij naminə onlar ali təhsil müəssisələrində dərs deyir. Nə var nə var desin ki, mən də müəlliməm. Yazdıqları məqalələrin əksəriyyəti də cəfəngiyatdır. Biz əgər hüquq sahəsində inkişafa nail olmaq istəyiriksə, normal dərsliklər hazırlamalıyıq”.

Xatırladaq ki, ədliyyə naziri Fərid Əhmədov fevralın 5-də Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib ki, Azərbaycan bazara kifayət qədər hüquqşünas buraxa bilmir. Onun sözlərinə görə, məsələnin həll yolu hüquq ixtisası üzrə universetitetlərə qəbul sayının artırılmasıdır:

"Çünki regionlarda kəskin şəkildə hüquqşünas qıtlığı var. Artıq hüquqşünaslıq elitar peşəyə çevrilib. "Hüquq" ixtisasına daxil olanların topladığı bal 600-dən yuxarıdır. Düzdür, kəmiyyət problemini həll edə bilərik, lakin belə olanda keyfiyyət aşağı düşəcək. Bu baxımdan müvafiq qurumlarla işlər aparılmalı, mərhələli şəkildə ciddi addımlar atılmalıdır".

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
20
3
yenisabah.az

4Mənbələr