AZ

GƏNCƏ XİRNİYİ LAZIMSIZ MEYVƏYƏ ÇEVRİLİB…

Adelet.az saytına istinadən ain.az xəbər verir.

Bu barədə düşünməyə dəyər       Qollu-budaqlı çinarlarla  yanaşı xirnik ağacları   Gəncənin küçə və meydanlarını  bəzəyir, qədim şəhərə xüsusi gözəllik verir.  Nəhəng, qollu-budaqlı   Çinarlar   yaşıl, enli yarpaqları ilə göz oxşayır, xirnik ağacının yarpaqları isə tez tökülür,  sarı-qırmızı meyvələr  çılpaq budaqlardan asılmış çil-çırağa bənzəyir. 

Gəncə çinarlarının yaşı bu şəhərin tarixi kimi  qədimdir, ilk binanın bünövrəsi qoyulanda qarşısında bir çinar  ağacı əkilib, bir də torpağa bir xirnik tingi basdırılıb.    Çinarlar  torpağa bağlılıq, əzəmət, vüqar,  xirnik ağacları isə  bolluq, bərəkət rəmzi kimi müqəddəs tutulub.

Çinarlar bu torpağın “doğma” ağaclarıdır, xirnik isə  “gəlmədir”.  Gəncəlilər səyahəti seviblər, gələn qonağı da əziz tutublar. Gəzdikləri   ölkələrin bar-bəhərindən ləzzət alıb, çörəyini yeyib, suyunu içib, adət-ənənəsində, təsərrüfatında bəyəndiklini  əzizləyib, ən yaxşılarını da öz dogma torpaqlarının “xasiyyətinə” uyğunlaşdırıb, əkib becəriblər.   

Xirnik bu torpağın meyvəsi olmasa da  sevilib-seçilən  ağac kimi basdırılıb və qayğı ilə, sonsuz məhəbbət hissi ilə bəslənilib, bu torpağın ən əziz nemətlərindən birinə çevrilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin professor Zaur Həsənovun çox qiymətli elmi-tədqiqat işləri arasında xirniklə bağlı apardığı  elmi araşdırmalar  də  xüsusi yer tutur. Professor deyir ki, vətəni əsasən  Cənubi-Şərqi Asiya,  Nindistan, Malay  arxipelaqının tropik və subtropik rayonları olan    xirniyin 7 cinsi, 290  növü vardır. Ölkəmizdə Qafqaz xirniyi, Virgin xirniyi və Şərq xirniyi daha geniş yayılıb və təsərrüfat əhəmiyyəti daşıyır.    

Professorla söhbətimin  əsas  səbəbi,  faktlar  da bu qiymətli meyvə ilə, onun  bu günkü vəziyyəti ilə bağlıdır. Qeyd etdiyimiz kimi şəhərin küçə, döngə və dalanlarını bəzəyən bu meyvəyə münasibət təəccüb doğurur. Küçə boyu sıralanan ağacların başı xirnik meyvəsi ilə doludur. İnsanlar istifadə etdiklərini yeyıb, artıqları isə ağacların başında çürüyüb  yerə tökülür. Bu qiymətli meyvə həm xarab olur, həm də onun tullantıları küçələrdə anti-sanotariya vəziyyəti yaradır.

Professor deyir ki,  xirnik insan orqanizmi üçün çox əhəmiyyətli məhsuldur, ona belə  laqeydlik təəssüf doğurur. Meyvələri dadlı və gözəl görünüşlü  olmaqla  həm də  müalicəvi əhəmiyyətə malikdir. Tibbdə  xirnik  meyvələrindən hipertaniya və ateroskleroz, qalxanabənzər  vəzilərin müalicəsində və trioksikoz(zobdan yaranmış zəhərlənmələr) xəstəliyi zamanı istifadə edilir.

Xirnik  meyvələri  büzüşdürücü, canlandırıcı  xüsusiyyətlərə malik olmaqla  yanaşı, eyni zamanda orqanizmin soyuqdəyməyə və mikroba davamlı  olmasını təmin edir. 

Professor Zaur Həsənovun meyvələrlə müalicə ilə bağlı apardığı tədqiqatların nəticələri  bu meyvənin əhəmiyyəti haqqında geniş təəssürat yaradır. Əldə olunan elmi  nəticələr də bunu sübut edir. Xirnik meyvələri müxtəlif mədə-bağırsaq xəstəlikləri, angina,  qanazlığı, damarın müxtəlif mənşəli  xəstəlikləri, qan dövranının pozulması, böyrək, öd yollarının xəstəlikləri, halsızlıq, vərəm,  isitmə, qadın xəstəlikləri ilə mübarizədə müalicəvi vasitədir. Çox maraqlıdır ki,  bu zaman  həm təzə, həm də qurudulmuş və dondurulmuş  meyvələrdə istifadə  etmək olur.  Xirnik lətini qabığı ilə bərabər  irinli yaraların  üzərinə qoyduqda onlar tez sağalır. 

Xiirniyi emal etməklə alınan şirədən də istifadə etmək olar, orqanizmi  təmizləyici xüsusiyyətə malikdir. Antibakterial xüsusiyyəti olduğundan bağırsaq çöplərini və qızılı stafilokoku məhv edə bilir. 

Söhbət zamanı  professor  dedi  ki, hələ qədimdən  həkimlər xirnik şirəsini qan azlığı, halsızlıq, vərəm, soyuqlamadan baş vermiş xəstəliklər, qadın xəstəlikləri, sınqa, isitmə, həmçinin orqanizmin  zəiflədiyi hallarında istifadə ediblər.  Şirəsi  yeməkdən qabaq 1/4-1/2 stakan olmaqla bir qaşıq bal ilə qarışdırılıb içilir. 

Bu qiymətli meyvənin  insan orqanizmi üçün faydaları  tükənməzdir.  Amma meyvədən lazım olan qaydada istifadə olunmur,  insanlar müəyyən miqdarını qəbul etdikdən sonra qalan meyvələr budaqlarda qalıb xarab olur, sonra da yollara tökülüb natəmizlik, anti-sanitariya vəziyyəti yaradır. Vaxtilə Rusiyanın bazarlarında bu məhsula böyük ehtiyac var idi, daşınırdı. İndi o qapı “bağlanıb”. Bu qiymətli ağacların kəsilib, məhv edilməsi gözləniləndir.

Qapı-bacalarında  xirnik ağacı olan insanlarla söhbət zamanı öyrəndim ki, meyvəyə daxili bazarda  tələbat çox azdır, ona görə də qiyməti də ucuzdur. Onun satışından gələn gəlir məhsulu yığmağın  əziyyətinə, yol xərclərinə dəymir...

Bəzi insanlar məhsulun xarab olmasının qarşısını almaq üçün primitiv üsul fikirləşiblər. Yarı yetişmiş  xirniyin qabığı soyulur və  açıq havada   sapdan asılar.  Qurudulmuş  məhsul uzunmüddətli saxlanıla bilir. Ondan həm özləri istifadə edir, həm də satmaqla  cüzi də olsa gəlir  qazanırlar.  

Bəzi insanlar  artıq  bağında əkdikləri xirnik ağaclarını  kəsib atırlar. Söhbət zamanı dedilər ki, vaxtilə tələbat var idi, tədarük məntəqələri məhsulu qəbul edər, satış üçün bazara yönəldirdilər. Xarici tələbat daha sərfəli, cəlbedici idi,  alverçilər gələr,  özləri də yığıb, qablayıb,  Rusiyaya aparırdılar.  Xeyli də qazanc götürərdilər. İndi  vəziyyət acınacaqlıdır.  Daxili bazarda  tələbat cüzidir, yığırsan bazara çıxarırsan alıcısı çox azdır, əziyyətin əlində  qalır,  xarçı-borcunu ödəmir. Xarici bazara aparmaq da  problemə çevrilib. Ona görə də bax beləcə ağacda  qalır, payızın yağışı  yuyur, qışın  qapı dondurur... Bəziləri artıq çoxillik  ağacları kəsməyi daha üstün tuturlar ...        

Bəs nə etməli ?  İnsan orqanizmi üçün həm qiymətli   qida məhsulu olan,  həm də  böyük müalicəvi əhəmiyyətə malik  bu məhsulun belə məhvinə laqeyd yanaşmaq olmaz.   Satış-tədarük məsələləri həll edilməlidir.  Əczaçılar, meyvələrlə müalicə (pomoterapiya) mütəxəssisləri də bu barədə düşünməli, öz sözlərini deməlidirlər. 

                                        

Vaqif TANRIVERDİYEV                                                        

Gəncə       

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
adalet.az

2Mənbələr