AZ

Tramp tələsir, Putin isə güzəştə getmir

ABŞ Prezidenti Donald Tramp bu il iyulun 4-dək, Amerikanın müstəqilliyinin 250 illiyi ərəfəsində Ukraynada sülh razılaşmasına nail olmaq niyyətindədir. Lakin, Rusiya Prezidenti Vladimir Putinin təklif olunan şərtlərlə razılaşmağa və ya güzəştə getməyə hazır olduğuna dair hər hansı əlamət müşahidə olunmur. İrəli sürülən şərtlər Moskvanın maksimalist tələblərinə tam cavab vermir.

Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazı dərc edib.

Məlumata görə, danışıqlar artıq bir neçə dəfə dayandırılıb və hətta bir neçə yüksək vəzifəli Amerika rəsmisi də Putinin tələblərindən imtina etməyə hazır olduğuna dair heç bir əlamət görmədiklərini özəl şəkildə etiraf ediblər. Bu il Əbu-Dabi və Cenevrədə keçirilən üçtərəfli danışıqların üç raundu heç bir əhəmiyyətli nəticə verməyib. Eyni zamanda, Ukraynanın Avropa müttəfiqləri danışıqlardan kənarda qalıblar. Halbuki, Trampın Ukraynaya ABŞ yardımını dayandırmasından sonra Kiyev üçün silah alışının əsas maliyyə yükünü məhz Avropa ölkələri daşıyır. Danışıqlar formal olaraq davam etsə və "konstruktiv" adlandırılsa da, əslində, onlar çıxılmaz vəziyyətə düşüblər.

“Moskva və Vaşinqton ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin rəhbərlik etdiyi danışıqlarda ilk güzəştə getmək uğrunda rəqabət aparırlar. Bu o deməkdir ki, ya Rusiya bütün Donbas üzərində nəzarətin qurulması da daxil olmaqla, bəzi “qırmızı xətlərindən” imtina etməli olacaq, ya da ABŞ Ukraynadan imtina edəcək”, - deyə vurğulanıb.

Qeyd olunub ki, Ukrayna və müttəfiqləri üçün əsas narahatlıq Putinin rəsmi olaraq atəşkəsə razılaşması, lakin paralel şəkildə hibrid müharibəni və təxribat kampaniyasını davam etdirməsidir. Bildirilir ki, Moskva Ukraynada daxili sabitliyi pozmaq və qarşıdan gələn seçkilərə təsir göstərmək cəhdlərini də davam etditə bilər.

Yazıda əlavə olunub ki, Putin hakimiyyətdə qaldığı və Rusiyanın müharibəni davam etdirmək üçün vasitələri olduğu müddətcə, bu, davam edəcək. Hətta davamlı maliyyə və iqtisadi problemlər belə Kremli əhəmiyyətli güzəştlərə getməyə məcbur edə bilməyəcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
11
6
missiya.az

7Mənbələr