AZ

Qızıl almaq istəyənlərin nəzərinə: Qiymətlər artacaq?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qızılın qiyməti son aylarda artmaqda davam edir. Bu da öz növbəsində qızıl almaq istəyənləri maraqlandırır.

Alıcılar qızılı almaq üçün indi doğru zaman olub-olmadığını bilmirlər. Çünki qızılın qiymətinin daha da artacağı ehtimalı mövcuddur.

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc  Banco.az-a açıqlama verib:

"Qızıl əsrlərdir, hətta minilliklərdir ki, öz dəyərini qoruyub saxlayır. O, yalnız dəyərini sabit saxlamaqla kifayətlənmir, eyni zamanda zaman keçdikcə bu dəyər artım nümayiş etdirir. Məhz bu səbəbdən bir çox insanlar kapital yığımı vasitəsi kimi qızıla üstünlük verirlər. Necə ki, daşınmaz əmlak uzunmüddətli yığım aləti hesab olunur, qızıl da bu baxımdan etibarlı maliyyə vasitələrindən biridir.

Müasir dünyada qızılın qiymətinin artımı xüsusilə qeyri-müəyyən situasiyalarla sıx bağlıdır. Müharibə dövrlərində, iqtisadi çətinlik gözləntiləri artdıqda, eləcə də inflyasiyanın yüksəldiyi mərhələlərdə qızıla tələb artır və nəticədə onun qiyməti yüksəlir.

2022-ci ildə bir unsiya qızıl təxminən 1800–1900 dollar civarında idisə, 2023-cü ildə qiymət 2200 dollara qədər yüksəldi. 2024-cü ildə artım davam edərək 2600–2700 dollar aralığına çatdı. 2025-ci ildə isə rekord səviyyə qeydə alındı və qiymət 4500 dollara qədər yüksəldi. Həmin dövrdə proqnozlaşdırırdıq ki, növbəti il qiymətlər 5000 dollar həddini keçəcək. Hazırda isə bir unsiya qızılın qiyməti 5100–5200 dollar aralığında dəyişir. Bu da qızıla olan tələbin yüksək olaraq qaldığını göstərir".

İqtisadçının sözlərinə görə, son illərin dinamikasına baxdıqda da artım tendensiyası müşahidə olunur: "Qızılın qiymət artımına təsir edən əsas amillərdən biri də qlobal inflyasiyadır. Əksər dövlətlərin maliyyə siyasətində və valyuta tənzimlənməsində qızıl mühüm rol oynayır. Dünya bazarlarında baş verən inflyasiya və müxtəlif istiqamətlər üzrə qiymət artımları qızılın da bahalaşmasına səbəb olur. Hətta müəyyən mənada əks-əlaqə də mövcuddur: Qızılın bahalaşması bazarlarda qiymət artımını təmin edir.

Bu baxımdan hesab edirəm ki, qızıla investisiya qoyuluşu qısamüddətli məqsədlər üçün uyğun deyil. Qızıl həmişə uzunmüddətli investisiya aləti kimi qəbul olunub. Yəni əgər investor qızıla vəsait yönəldirsə, bunu uzunmüddətli perspektivdə dəyərləndirməlidir.

Əgər bir şəxs vəsaitini 5-10 il və ya daha uzun müddət ərzində toxunmadan saxlamaq imkanına malikdirsə, bu halda qızıl almaq məqsədəuyğun hesab oluna bilər.

Əksinə, əgər investisiya qoyulan vəsaitə qısa müddət ərzində ehtiyac yaranacaqsa və həmin aktiv bazara çıxarılacaqsa, bu zaman risk amili artır. Çünki qızılın qiymətini konkret bir tarix üçün dəqiq proqnozlaşdırmaq mümkün deyil. Tarixən qızılın qiymətində dalğalanmalar müşahidə olunub. Müəyyən dövrlərdə müvəqqəti ucuzlaşma baş verə bilər.

Məsələn, bu gün bir unsiya qızıl 5200 dollara alınarsa, qısa müddət sonra onun qiyməti 5000 dollara, hətta daha aşağı səviyyəyə enə bilər. Bu, bazardakı vəziyyət, birjalardakı dəyişikliklər, eləcə də dünyada baş verən siyasi və iqtisadi proseslərlə bağlıdır. Qlobal iqtisadi sabitlik, inflyasiya gözləntiləri, geosiyasi risklər və maliyyə bazarlarındakı tendensiyalar qızılın qiymətinə birbaşa təsir göstərir".

V. Oruc bildirib ki, buna görə də qızılın qiymətində qısamüddətli oynamalar və enişlər mümkündür: "Bu baxımdan, qısamüddətli investisiya üçün qızıl uyğun seçim sayılmır. Bu gün alıb beş ay və ya bir ildən sonra satmaq istəyən investor üçün təminat yoxdur ki, qızılı aldığı qiymətə və ya daha baha sata biləcək.

Lakin uzunmüddətli perspektivdən baxdıqda, tarixi analiz göstərir ki, illər keçdikcə qızıl ümumi trend üzrə artım nümayiş etdirir. Müəyyən dövrlərdə geriləmələr olsa da, uzun zaman kəsiyində qiymətlərin yüksəlməsi tendensiyası üstünlük təşkil edir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
5
1
banco.az

2Mənbələr