AZ

Şərur və Babək rayonlarında ilk dəfə özəl tingçilik təsərrüfatları yaradılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 25 fevral, Nail Əsgərov, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Şərur və Babək rayonlarında ilk dəfə iki fermer tərəfindən özəl tingçilik təsərrüfatları yaradılıb.

AZƏRTAC-ın bölgə müxbiri Babək rayonunun Hacıvar kəndində yaradılan təsərrüfatda olub.

Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi Faiq Bayramov deyir ki, 2013-cü ildən təsərrüfatla məşğuldur. Əvvəllər tingçilik təsərrüfatı yaradıb genişləndirməyə çalışa da, istədiyi nəticəni əldə edə bilməyib. O, yeni qurduğu təsərrüfat barədə danışarkən deyib: "Təsərrüfatımızda Naxçıvana aid göycənin, Ordubad heyvasının tinglərini yetişdiririk. Həmçinin burada el arasında “şalaq ərik”, eləcə də qurutmalıq “təbərzə ərik”dən də var. Əvvəlcədən rayonlarımızda Naxçıvana aid hansı növlərin olduğunu müəyyən edirik. Zamanı çatanda da onları gətirərək calaq üsulu ilə çoxaldırıq. Hər şey qaydasındadır, satışımız da yaxşı gedir".

Təsərrüfatçı bildirir ki, bu il martın əvvəlindən tinglərin əkininə başlayacaqlar. Payız aylarında isə məhsuldar tinglər kimi satışa çıxarılacaq. Məqsəd yerli sortları artırmaqdır. Onun sözlərinə görə, təsərrüfatında yetişdirdiyi tinglərlə bağlı Bakıdan və ölkəmizin digər rayonlarından da müraciətlər olur. Müraciətlər əsasən, Naxçıvana məxsus göycə, ərik və digər yerli meyvə növlərinədir.

Faiqin yaşadığı Babək rayonunun Qaraqala kəndində də 5 hektar meyvə bağı var. Həmin bağdan da tingçilik təsərrüfatını genişləndirmək məqsədilə istifadə edir. Calaq edərək tingləri çoxaldır və əkir, daha sonra üzərindən "göz" (qələm) götürərək Hacıvar kəndindəki tingçilik təsərrüfatında artırır.

“İnsanlar bilmirlər ki, yaxşı tingi haradan alsınlar. Bəzən alıb əkirlər, istədikləri kimi olmur. Ona görə də tingçilik təsərrüfatı yaratdıq. Məqsəd düzgün, keyfiyyətli və mütəxəssis rəyinə əsaslanan peşəkar xidmət göstərməkdir", - deyə təsərrüfatçı əlavə edir.

Muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Məhəmməd Zeynalov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yeni təsərrüfatların yaradılması bölgədə bitkiçiliyin, xüsusilə meyvəçiliyin inkişafına mühüm töhfə verəcək. Fermerlər tərəfindən yerli torpaq-iqlim şəraitinə uyğun meyvə tinglərinin istehsal edilməsi həm daxili bazarın etibarlı təminatında mühüm rol oynayacaq, həm də idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
azertag.az

1Mənbələr