AZ

ASELSAN 50-ci ilini rekord rəqəmlərlə başa vurub

ASELSAN uzunmüddətli hədəflərinə çatmaq məqsədilə 2024-cü ildə tətbiq etməyə başladığı “aselsaneXt” proqramının müsbət nəticələrini 2025-ci ildə də toplamağa davam edib.

Şirkətin 2025-ci il üzrə gəliri əvvəlki illə müqayisədə 15% artaraq 180,4 milyard TL-yə ((4.1 ABŞ dolları) çatıb. 2025-ci ildə əldə edilən gəlirdə “Polad Qübbə” (ÇELİKKUBBE), radar, elektron müharibə, elektro-optik, ağıllı sursat, dəniz və sualtı sistemlər, hərbi rabitə və səhər təhlükəsizlik sistemləri həlledici rol oynayıb.

2025-ci ili “Əməliyyat Səmərəliliyi İli” elan edən və korporativ transformasiya fəaliyyətlərini diqqət mərkəzində saxlayan ASELSAN-ın həmin dövrdə EBTIDA marjası əvvəlki ilin eyni dövrü ilə müqayisədə 100 baza bəndi artaraq 26,2% səviyyəsində reallaşıb. Səmərəliliyi artıran bir çox yeni tətbiqlərin işə salınması ilə əsas idarəetmə xərcləri 2024-cü illə müqayisədə 10% azalıb. ASELSAN-ın bir nəfərə düşən gəliri ABŞ dolları əsasında 8% artıb.

ASELSAN fəaliyyət göstərdiyi ekosistemə 2025-ci ildə də dəyər qatmağa davam edib. Tədarükçüləri ilə birlikdə il ərzində 103 məhsul milliləşdirilib. Bundan əlavə, ASELSAN 2025-ci ildə yerli tədarükçülərinə verdiyi ümumi sifariş məbləğini əvvəlki illə müqayisədə 82% artırıb. Bütün bu inkişaflarla yanaşı, Türkiyənin ixtisaslı məşğulluğuna da töhfə verən ASELSAN-ın əməkdaş sayı 18% artıb.

Böyümə və davamlılığa yönəlmiş əsas göstəricilərdən biri olan “Alınan İş/Satışlar” nisbətini iki il ardıcıl olaraq 2 səviyyəsində saxlamağı bacaran ASELSAN bu il həmin göstəricini daha da artırıb. 2025-ci ildə bu nisbət 2,2 səviyyəsinə yüksəlib və sektor ortalamasından yuxarıdakı yerini qoruyub. ASELSAN-ın bu dövrdə hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair imzaladığı ümumilikdə 2,76 milyard avro məbləğində müqavilələr 2025-ci ildə alınan ən böyük yeni sifarişlər kimi qeydə alınıb. NATO üzvü bir ölkə ilə imzalanan 410 milyon ABŞ dolları məbləğində yeni müqavilə isə mühüm ixrac uğuru kimi diqqət çəkib.

Mühəndis məşğulluğu və tədqiqat-inkişaf (Tə-İn) layihələrinin sayına görə Türkiyədə lider olan ASELSAN-ın Tə-İn xərcləri 2025-ci ildə 40% artaraq 1,36 milyard ABŞ dollarına yüksəlib. Bu kontekstdə Tə-İn investisiyaları ASELSAN-ın yüksək texnologiya sahələrində rəqabət qabiliyyətini dəstəkləyən əsas amillərdən biri olub. 2025-ci ildə ASELSAN-ın seriyalı istehsal qabiliyyətlərini gücləndirmək məqsədilə həyata keçirdiyi əsas kapital qoyuluşları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 106% artaraq 372 milyon ABŞ dollarına çatıb. İl ərzində 14 yeni istehsal müəssisəsini istifadəyə verən ASELSAN, etdiyi investisiyalarla artan tələbi qarşılaya biləcək istehsal gücünü formalaşdırıb. Qeyd olunan Tə-İn xərcləri və seriyalı istehsal sərmayələri ASELSAN-ın yüksək texnologiya inkişaf etdirmə və istehsal bacarıqlarını gücləndirərək böyüməsini təmin edib.

2025-ci ildə təməli qoyulan və ölkə tarixində bir dəfəyə edilən ən böyük müdafiə sənayesi sərmayəsi olan “Oğulbey” Texnologiya Mərkəzi ilə “Polad Qübbə” komponentlərinin istehsalında əlavə güc artımı təmin edilərək ASELSAN-ın müdafiə sənayesində qlobal rolu daha da möhkəmləndiriləcəkdir. Bu investisiyanın birinci mərhələsi 2026-cı ilin ikinci rübündə istifadəyə veriləcəkdir.

ASELSAN 2025-ci ildə də maliyyə davamlılığı strategiyasını effektiv şəkildə tətbiq etməyə davam edib. Bu dövrdə yaradılan güclü əməliyyat nağd axını həm investisiyaların, həm də borcun sağlam şəkildə idarə olunmasına imkan verib. Tə-İn və seriyalı istehsala yönəlmiş investisiyaların fasiləsiz davam etdiyi dövrdə nağd axınında əhəmiyyətli yaxşılaşmalar müşahidə olunub. 2024-cü ildə 28 milyard TL (638.4 milyon dolları) olan əməliyyat nağd axını (OCF) 2025-ci ildə 49 milyard TL-yə (1.1 milyard dollar) , 91 milyon TL (2 milyon dollar) olan sərbəst nağd axını (FCF) isə 10 milyard TL (228 milyon dollar) səviyyəsinə çatıb. Həmin dövrdə ASELSAN-ın maliyyə borclarının aktivlərdəki payı 13,4%-dən 10%-ə düşüb. Bu yaxşılaşma şirkətin aktiv strukturunu daha möhkəm edib.

ASELSAN-ın maliyyə idarəçiliyinə yönəlmiş yeni strategiyaların tətbiq edildiyi 2025-ci ildə xalis borc səviyyəsi 33% azalıb. Beləliklə, ASELSAN-ın 2024-cü ildə 0,53 olan Xalis Borc/EBTIDA nisbəti bu dövrdə 0,30 səviyyəsində reallaşıb. Şirkət borc göstəricilərində sektor ortalamalarından aşağı səviyyədə qalaraq maliyyə görünüşünü daha da gücləndirib. Eyni dövrdə xalis maliyyə xərclərində 63% azalma baş verib. Bu inkişaflar dövriyyə kapitalının idarə olunmasında tətbiq edilən intizamın mühüm göstəricisi olub.

Tə-İn və seriyalı istehsala yönəlmiş yüksək həcmli investisiyaların davam etdiyi bir dövrdə borc göstəricilərində əldə edilən yaxşılaşmalar şirkətin güclü nağd yaratma qabiliyyətini ortaya qoyub. Maliyyə davamlılığı strategiyası ASELSAN-ın qarşıdakı dövrlərdə miqyas böyüməsi, ixrac artımı və yüksək texnologiyalı investisiyaların reallaşdırılması baxımından mühüm təminat rolunu oynayır.

Gəlirini, qalıq sifarişlərini, imzaladığı ixrac müqavilələrini, əməliyyat marjalarını, balans ölçüsünü və bir çox digər maliyyə göstəricilərini inkişaf etdirən ASELSAN 50-ci ilini güclü nəticələrlə başa vurub. Şirkətin ixracyönlü sifariş strukturundakı artım, effektiv maliyyə idarəçiliyi, güclü nağd axını və artan investisiyalar ASELSAN-ın uzunmüddətli davamlı böyüməsini dəstəkləyir.

ASELSAN-ın baş direktoru Ahmet akyol şirkətin 2025-ci il maliyyə nəticələrini qiymətləndirib. O bildirib ki, ASELSAN ötən ili şirkətin 50 illik tarixini taclandıran bir-birindən önəmli rekordlarla tamamlayıb: “2025-ci ildə tariximizin ən yüksək gəlir göstəricisinə nail olduq. Ən yüksək xarici tədarükü reallaşdırdıq. Aldığımız sifarişlər və yeni ixrac müqavilələrində də tariximizin ən yüksək rəqəmlərinə çatdıq. Beləliklə, balans sifarişlərimiz də 20,4 milyard ABŞ dolları ilə tarixi zirvəni görmüş oldu. 2025-ci il ərzində Borsa İstanbulun ən dəyərli şirkəti olduq. Bazar dəyərimiz 30 milyard ABŞ dollarını keçdi və buna nail olan ilk Türkiyə şirkəti olduq. Eyni zamanda, Borsa İstanbul Dayanıqlılıq İndeksində birinci yerə yüksəldik. 2025-ci il həm də “Polad Qübbə”nin ilk böyük seriyalı çatdırılmalarını etdiyimiz və ölkə tarixinin ən böyük müdafiə sənayesi yatırımı olan “Oğulbey” Texnologiya Mərkəzinin təməlini qoyduğumuz il kimi yadda qaldı”.

Onun sözlərinə görə, ötən il ASELSAN tərəfindən 30-dan çox yeni məhsulu inventara qazandırılıb. Şirkət ixrac müqavilələrini 104% artırıb və 16 məhsulu ilk dəfə xaricə sataraq türk mühəndisliyini yeni bazarlara çıxarıb. Beləliklə, ASELSAN yalnız şirkətin deyil, ölkənin də yüksək texnologiya istehsal qabiliyyətini genişləndirib və iqtisadiyyata daha çox töhfə verib.

“Seriyalı istehsala yönəlmiş investisiyalarımızı 372 milyon ABŞ dollarına çatdırdıq və 14 yeni istehsal obyektini istifadəyə verdik. 10-dan çox robot avtomatlaşdırma xəttini işə saldıq. Tə-İn və innovasiya yatırımlarımızı artırmağa davam etdik. 2025-ci ildə Tə-İn xərclərimiz 1,36 milyard ABŞ dollarına çatdı. Öz mənbələrimiz hesabına həyata keçirdiyimiz Tə-İn xərcləri isə 250 milyon ABŞ dollarına yüksəldi.

Süni intellekti daha effektiv istifadə etməyə başladıq. Şirkət daxilində Türkiyənin ən böyük məlumat mərkəzlərindən birini qurduq. Süni intellekti maliyyə idarəçiliyi, tədarük, insan resursları kimi proseslərimizə inteqrasiya edərək illik 39 milyon ABŞ dollarına qənaət etdik. Məhsullarımızda da süni intellekti geniş şəkildə tətbiq edirik. Fəaliyyət sahələrimizə xüsusi olaraq inkişaf etdirdiyimiz modelləri məhsullarımızda istifadə edirik”, – deyə baş direktor qeyd edib.

A.Akyol vurğulayıb ki, şikrət əməkdaş sayını 18% artıraraq 2 mindən çox yeni iş yeri yaradıb: “Bizi ən çox qürurlandıran məqamlardan biri isə ili ilk dəfə xalis müsbət beyin axını ilə başa vurmağımızdır. Bir il ərzində 137 əməkdaşımız xaricdən Türkiyəyə qayıdaraq ASELSAN-da işə başladı. İstehsaldan ixraca, yüksək texnologiyadan insan kapitalına qədər ortaya qoyduğumuz bu nəticələr dövlətimizin qətiyyətli mövqeyinin, millətimizin bizə olan etimadının və aselsaneXt vizyonumuzun nəticəsidir. Millətimizə qürur verən bu uğurlar gecə-gündüz çalışan 14 mindən artıq əməkdaşımızın əməyidir.

2026-cı ildə qlobal brend strategiyamız çərçivəsində addımlar atacağıq, böyümədə ixraca prioritet verməyə davam edəcəyik. “Polad Qübbə” çərçivəsində çatdırılma həcmlərimizi artırmağa və yeni qabiliyyətlər əlavə etməyə davam edəcəyik. İstehsal gücümüzü daha da artıraraq 2026-cı ildə yenidən iki rəqəmli böyümə əldə edəcəyik”.

ASELSAN 2025-ci ildə qlobal bazarlardakı fəaliyyətini əhəmiyyətli dərəcədə artıraraq beynəlxalq müdafiə ekosistemindəki mövqeyini daha da möhkəmləndirib. İl ərzində xüsusilə “Polad Qübbə” layihəsinə dair imzalanan müqavilələr alınan sifarişlər arasında mühüm paya malik olub. ASELSAN-ın 2025-ci ildə imzaladığı yeni müqavilələr 46% artaraq 9,6 milyard ABŞ dollarına çatıb. Yeni sifarişlərin 2,1 milyard ABŞ dolları həcmində olan hissəsinin ixrac mənbəli olması və ixrac müqavilələrində illik artımın 106% səviyyəsində reallaşması ASELSAN-ın məhsul və sistemlərinə qlobal tələbin sabit şəkildə artdığını göstərib.

aselsan

Seçilən
6
poliqon.az

1Mənbələr