ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Son illər bəzi universitetlərdə ingilis bölməsi adı ilə fəaliyyət göstərən ixtisaslarda dərslərin faktiki olaraq Azərbaycan dilində keçirilməsi ilə bağlı narazılıqlar səslənir. Tələbələrə qəbul zamanı onlara tədrisin ingilis dilində olacağı bildirilsə də, reallıqda bir sıra fənlər Azərbaycan dilində tədris olunur. Bu isə həm tədrisin keyfiyyəti, həm də şəffaflıq baxımından suallar yaradır.
Avtosfer.az xəbər verir ki, bununla yanaşı, bəzi hallarda ingilis sektorunda dərs deyən müəllimlərin ingilis dili səviyyəsinin kifayət qədər olmaması da müzakirə mövzusuna çevrilib. Bu vəziyyət tələbələrin gözləntiləri ilə mövcud vəziyyət arasında uyğunsuzluq formalaşdırır və məsələ ilə bağlı ictimai müzakirələri daha da aktuallaşdırır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, bəzi ali təhsil müəssisələrində ingilis bölməsi olan ixtisaslarda tədris prosesi ya müəllimlərin, ya da tələbələrin hazırlıq səviyyəsinə görə Azərbaycan dilində aparılır:

“Təbii ki, bunun belə olmaması üçün ilk növbədə pedaqoji kadrların, yəni ingilis bölməsində dərs deyən müəllimlərin uyğunluğu mütləq yoxlanılmalıdır. İngilis dili üzrə mütəxəssislərə üstünlük verilməlidir. Digər tərəfdən, əgər qəbul olunan tələbə həmin ixtisas üzrə təhsili ingilis dilində davam etdirmək üçün kifayət qədər dil biliyinə malik deyilsə, birinci il ərzində intensiv şəkildə ingilis dili tədris olunmalı, daha sonra isə ixtisas fənlərinin tədrisinə başlanılmalıdır. Ən optimal üsul budur və bir sıra ali təhsil müəssisələri də bu təcrübədən istifadə edir. Məsələn, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və digər bəzi universitetlərdə ilk il tələbələrə əsasən ingilis dili tədris olunur, sonrakı mərhələdə isə ixtisas fənlərinə başlanılır. Məsələni daha da yaxşılaşdırmaq üçün digər alternativ kimi ali təhsil müəssisələrinə qəbul zamanı ingilis dili ilə bağlı ayrıca tələb qoyula bilər. Xarici dildə təhsil almaq istəyən abituriyentlərin ingilis dili üzrə bilik və bacarıqlarının yüksək səviyyədə formalaşması üçün beynəlxalq dil sertifikatı tələbi tətbiq oluna bilər. Digər vacib istiqamət isə pedaqoji kadrların, xüsusilə ingilis dili üzrə müəllimlərin hazırlanması və onların tədris prosesinə cəlb olunmasıdır. Bu, ingilis bölməsində təhsilin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
Nurcan Babək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.