AZ

Kreml “Gümrü-2″ əməliyyatı hazırlığında

Ötən ilin martında rusiyapərəst müxalifətin mer seçkisindəki strategiyasının bu dəfə parlament seçkilərində tətbiqi planlaşdırılır

İrəvanda rusiyapərəst qüvvələrin iyun seçkilərində üç cəbhədə iştirak etmək, daha sonra yeni parlamentdə birləşib hakimiyyəti ələ keçirmək məqsədilə koalisiya yaratmaq planları ilə bağlı siyasi gərginlik qızışır. Ölkənin hazırkı rəhbərliyi isə Rusiyanın “adamları”na – Qaqik Tsarukyan, Samvel Karapetyan və keçmiş prezident Robert Köçəryana xəbərdarlıq edib ki, planlaşdırdıqları “Gümri 2″ ssenarisini həyata keçirə bilməyəcəklər.

Niyə “Gümrü-2″? Haqqın.az yazır ki,   ötən ilin martında Gümrüdəki rusiyapərəst müxalifət eyni ssenari həyata keçirmişdilər – seçkilərdə ayrıca iştirak etdilər, lakin sonra yeni bələdiyyə şurasında birləşərək hakim partiyanı azlıqda qoydular və öz namizədlərini mer seçdilər. Şəhərdə Rusiya hərbi bazası yerləşdiyindən, bu siyasi strategiyanın Moskvada hazırlandığı şübhə doğurmurdu. Ermənistan hakimiyyəti indi iddia edir ki, Kreml qarşıdan gələn seçkilərdə bu taktikadan daha geniş miqyasda istifadə etmək niyyətindədir.

Plana görə, rusiyapərəst qüvvələr rəqabəti simulyasiya edərək vahid blok kimi çıxış etmədiklərini iddia edirlər. Məqsəd seçiciləri çaşdırmaq və hakim partiyaya dəstəyi azaltmaq, onun parlamentdəki yerlərin yarısından çoxunu qazanmasının qarşısını almaqdır.

“Əgər Ermənistan Köçəryanın və iki oliqarxın təklif etdiyi yolu tutarsa, sülh ciddi şəkildə təhdid olunacaq. Onların məntiqinə görə, Ermənistan beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat kilometr ərazi ilə kifayətlənməməlidir. Bu o deməkdir ki, ən yaxşı halda sülh olmayacaq və ən pis halda yeni müharibə başlayacaq”, – deyə parlamentin vitse-spikeri Rubinyan vurğulayıb.

“Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyan ötən həftə yerli ictimai televiziyaya verdiyi müsahibədə hökumət əleyhdarlarının seçkilərdə “Gümri-2″ texnologiyasından istifadə etmək niyyətində olduqlarını gizlətməyib. Bu açıqlama hakimiyyəti daha da qəzəbləndirib və Paşinyanın tərəfdarları rusiyapərəst müxalifətə qarşı ritorikalarını gücləndiriblər. Lakin hələlik onlar “Gümri-2″nin tətbiqinin qarşısını almaq üçün yalnız siyasi metodlardan istifadə etmək niyyətindədirlər və hazırkı vəzifələrinin seçicilərə hər bir kampaniya iştirakçısının arxasında Rusiyanın dayandığını göstərməklə kifayətlənirlər.

Bu arada, hazırda Rusiyada yaşayan və Ermənistan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Hüquq-mühafizə Xidmətinin keçmiş rəhbəri Mihran Poqosyan da səylərini artırıb və müxalifəti “bütün fikir ayrılıqlarını kənara qoyub ortaq bir məqsəd ətrafında birləşməyə”, yəni hökuməti devirməyə çağıran video bəyanat yayıb.

Lakin digər müxalifət partiyası olan “Parlaq Ermənistan”ın lideri Edmon Marukyan “Gümri-2″nin perspektivlərinə şübhə ilə yanaşır. “Gümrüdən sonra Vağarşapatda seçkilər keçirildi və bu ssenarini təkrarlamaq cəhdi fiasko ilə başa çatdı – heç nə əldə edilmədi”, – deyə o xatırladıb.

İlk baxışdan “Gümrü-2” ssenarisində qeyri-qanuni heç nə yoxdur: parlament sisteminə malik ölkələrdə çoxluğu təmin etmək üçün koalisiyalar praktikası olduqca normaldır. Bundan əlavə, hazırkı şəraitdə Ermənistanda heç bir rusiyapərəst qüvvə təkbaşına qalib gələ bilmir, ona görə də onların seçkilərdə ayrı-ayrı güc mərkəzləri kimi iştirak etmək və sonra parlamentdəki yerlərin yarısından çoxunu təmin etmək üçün birləşmək strategiyası qeyri-adi və ya əsassız görünmür. Lakin hazırkı seçkilər təkcə Ermənistanın gələcəyi üçün deyil, həm də bütün Cənubi Qafqazın geosiyasi trayektoriyası üçün çox vacibdir. Kremlin nəzarətində olan qüvvələr “Gümrü-2” metodu ilə hakimiyyətə gələ bilsələr, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və nəticədə TRIPP layihəsinin həyata keçirilməsi sual altına düşəcək.

Region sülh yolundan imtina etmək və yenidən hərbi qarşıdurma vəziyyətinə düşmək riski daşıyır. Ermənistan hakimiyyəti bu risklərin fərqindədir və “Gümri-2″ ssenarisinin gerçəkləşməsinə imkan verməyəcəklərini bəyan edirlər. Hələlik onlar siyasi vasitələrdən istifadə edirlər. Görünür, seçicilərinin dəstəyini qorumaq üçün radikal qüvvələrin hakimiyyətə gəlməsinin Ermənistanı çoxdan gözlənilən sülhdən məhrum edəcəyi və son müharibədən hələ də qurtulan ölkəni yeni hərbi münaqişəyə sürükləyəcəyi fikrini fəal şəkildə istifadə etmək niyyətindədirlər. Lakin zərurət yaranarsa, siyasi vasitələrlə yanaşı, hakimiyyətin inzibati və məcburi tədbirlərdən də istifadə etməsi mümkündür.

“”Gümrü-2 ilə bağlı bu, məcazi mənada ifadədir. Bu o deməkdir ki, müxalifət qüvvələrindən biri səslərin 50 faizini və ya daha çoxunu əldə edə bilməsə, yəni təkbaşına hakimiyyəti ələ keçirə bilməsə, qüvvələrin birləşməsi baş verəcək ki, bu da dünyada koalisiya kimi tanınır. Əslində parlament hökuməti məhz belə bir koalisiya təsəvvür edir. Biz inanırıq ki, bu, belə olacaq, çünki hər hansı bir qrupun səslərin 50 faizindən çoxunu əldə etməsini təsəvvür etmək çətindir”, – deyə “Parlaq Ermənistan”ın rəhbəri E.Marukyan vurğulayıb.

Seçilən
7
editor.az

1Mənbələr