ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Sabirabad rayonunda 1962-ci il təvəllüdlü Əhliman kürəkəni Bəhruza (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü il avqustun 13-də rayonun kəndlərindən birində baş verib.Əhliman həmin gün saat 23 radələrində yaşadığı evinin həyətində kürəkəni Bəhruz ilə ailə-məişət münaqişəsi zəminində etdiyi mübahisə zamanı taxta parçası ilə onun sinə nahiyəsinə vurub. Əhlimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Əhliman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, kürəkəni Bəhruz ilə münasibəti əvvəllər yaxşı olub: “2011-ci ildə qızım Esmiranı Bəhruza ərə vermişəm. Həmin nikahdan onların 2 övladı dünyaya gəlib. Onlar ailə qurduqdan təxminən bir il sonra qızım Bəhruzun evdə narkotik vasitə qəbul etdiyini, tez-tez nalayiq ifadələr ilə təhqir etdiyini dedi. Mən də bununla bağlı hər dəfə Bəhruzun atası Şirzada və anası Xatirəyə xəbər vermişəm. Onlar da düzələcəyini bildiriblər. Bu vəziyyətdə qızım təxminən 11 il Bəhruzun yanında yaşayıb. Təxminən məlum hadisədən bir il əvvəl Bəhruz Bakı şəhərində işlədiyi üçün ailəsini də özü ilə apardı. Qızım Bakı şəhərində yaşadığı müddətdə də dəfələrlə mənə Bəhruzun evdə narkotik vasitə qəbul etdiyini, evə narkotik vasitə qəbul edən şəxsləri gətirdiyini, çox borcu olduğunu, təhqir etdiyini, Bəhruzun bu hərəkətlərinə dözə bilmədiyimi dedi”.Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin avqustun 9-da qızı nəvələri ilə onlara gəlib və geri qayıtmayacağını, Bəhruzdan boşanmaq istədiyini deyib: “Qızıma özünün ailə məsələsi ilə bağlı qərar verə biləcəyini bildirdim. Avqustun 13-də, gecə saat 23 radələrində pəncərənin döyüldüyünü eşitdim. Qızım Bəhruzun gəldiyini dedi. Həyətə düşəndə Bəhruzun həyətdəki divanda əyləşdiyini gördüm. Ona yaxınlaşdıqda spirtli içki qəbul etdiyini hiss etdim. Bəhruza “içkilisən get evinə, sonra gələrsən” dedim. Bu zaman Bəhruz məni və ailə üzvlərimi nalayiq ifadələr ilə təhqir edərək getməyəcəyimi, ya qızım Esmiranı özü ilə aparacağını, ya da bizi öldürəcəyini deyərək hədələməyə başladı. Bəhruzun səsinə qızım və yoldaşım Fidan da həyətə düşdü. Onlar da Bəhruza getməsini dedi. Bəhruz onları da təhqir edərək getməyəcəyini bildirdi. Mən də Bəhruza “dur rədd ol mənim həyətimdən” deyərək qolundan dartmağa başladı. Bəhruz bundan sonra həyətdə olan bir ədəd stulu və 3 ədəd şüşə bankanı yerə vuraraq sındırdı”. Əhlimanın ifadəsinə görə, daha sonra Bəhruzu itələyərək həyətdən çıxartmağa çalışıb: “Qızım da Bəhruzun qolundan dartaraq həyətdən çıxartmağa mənə köməklik etdi. Bəhruz müqavimət göstərdiyi üçün onun boğaz nahiyəsindən tutaraq geri itələdim. Bəhruzun həyətdən çıxmayacağını gördüm və onun valideynlərinə zəng etdim, gələrək Bəhruzu aparmalarını dedim. Bəhruzun valideynləri və Qasım adlı əmisi oğlu gəldilər. Onlar Bəhruzu sürüyərək həyətdən çıxartmağa çalışdılar. Bəhruz həyətdən çıxarılacağını gördükdə yumruqla onun sol göz nahiyəsinə vurdum. Bundan sonra Bəhruzun əmisi oğlu və bir nəfər tanımadığım şəxs onun ayaqlarından, əllərindən tutaraq qucaqlarına götürərək apardılar. Yolda da Bəhruzun getmək istəmədiyi, onu aparan şəxslərə müqavimət göstərməsi ilə bağlı səsi gəlmiş polis əməkdaşları gəldi. Sonra Bəhruz sakitləşdi. Mən Bəhruzu vurmamışam, sadəcə onun boğaz nahiyəsindən tutaraq geri itələmişəm”. Zərərçəkmiş Bəhruzun sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir, qəssablıqla məşğul olur: “Qayınatam Əhliman ilə əvvəllər münasibətlərim normal olub. Arvadım Esmira ilə normal ailə münasibətlərim olsa da, lakin sonradan münasibətlərim pozuldu. Bundan sonra arvadım və iki övladımı götürərək Bakı şəhərinə köçdüm. Bir müddət Bakı şəhərində ailəm ilə birlikdə kirayədə yaşadım. Bir müddət sonra yaşadığım kəndə gəldik. Həmin vaxt arvadım evdə təxminən bir neçə dəqiqə oturandan sonra uşaqları götürərək xəbərsiz atasının evinə getdi. Mən isə evə qayıdan zaman Esmiranın evdə olmadığını gördüm. Səhəri gün Esmira evə gəldi. Ona atası evinə getməsi barədə öz iradımı bildirsəm də, aqressiv olaraq “nə etmişəm, sənə yaxşı eləmişəm” deyərək mübahisə etdi. Lakin mən heç bir söz demədim və Bakı şəhərinə birlikdə getməyi söylədim. Lakin Esmira Bakı şəhərinə getməyəcəyini dedi, atasının evinə geri qayıtdı”. Zərərçəkmiş qeyd edib ki, Esmira növbəti gün atası Əhliman və əmisi oğlu Elmanla birlikdə Bakı şəhərinə gedərək, orda qaldığı evdən məişət əşyalarını gətiriblər: “Səhəri günü Bakı şəhərinə kirayədə yaşadığım evə gedən zaman evdə olan məişət əşyalarının yerində olmadığını gördüm. Bu barədə Esmiraya telefonla zəng edərək əşyaları hansı səbəbə aparmasını soruşdum. O, atasının aparmasını bildirdi. Mən də saat təxminən 23 radələrində Bakı şəhərindən qayınatam Əhlimanın evinə gəldim. Həmin vaxt qayınatama “gəl oturub söhbət edək” dedim. O, söhbət etməkdən imtina edərək ünvanıma nalayiq ifadələr işlətdi. Mən isə Əhlimana öz iradımı bildirən zaman aramızda mübahisə oldu. Mübahisə zamanı arvadım, qayınatam və qayınanam üstümə hücum etdilər. Əhliman məni əlləri ilə boğmağa başladı. Qayınanam üzümə və boğaz nahiyyəmə cırmaq atdı. Həmçinin arvadım başıma stol vurdu. Sonra Əhliman məni sinə nahiyəmdən taxta qırıntısı ilə vurdu. Həmin vaxt üstünə hücum etdikləri üçün, həmçinin Əhliman mənə söyüş söydüyünü görə əsəbləşdim. Onun sol gözünün üstünə bir dəfə yumruqla vurdum. Daha sonra səs-küyə valideyinlərim gəldilər. Bundan sonra oradan uzaqlaşaraq öz yaşadığım evə getdim. Səhəri günü bu barədə polisə şikayət etdim”.Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınmasını deyib. Sabirabad Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması nəzərə alınıb. Onlar arasında barışıq olduğundan Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət işi üzrə cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.