AZ

Dünya Xocalı cəlladlarını ittiham edir

Gürcüstan

Gürcüstanın Dmanisi rayonunda fəaliyyət göstərən “Dmanisi Tədris Mərkəzi”ndə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir çərçivəsində mərkəzin şagirdlərinin Xocalıya həsr etdikləri rəsmlərin sərgisi açılıb.

Mərkəzin rəhbəri Kamran Xıdırov çıxış edərək Xocalı soyqırımının başvermə səbəbləri, acı nəticələri barədə danışıb. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin, milli yaddaşın qorunması və Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini xüsusi qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Rəşad Məmmədov 1992-ci il 26 fevral tarixində baş vermiş Xocalı faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib.

Sonda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, ədəbi-bədii kompozisiya təqdim ediblər.

Küveyt

Azərbaycanın Küveytdəki səfirliyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Küveytdə yaşayan, təhsil alan Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Səfir Emil Kərimov bildirib ki, ötən əsrdə xalqımız dəfələrlə etnik təmizləmə siyasətinə məruz qalıb, tarixi torpaqları olan Ermənistandan qovulub, 20 Yanvar faciəsini, Xocalı soyqırımını, eləcə də Ağdaban, Qaradağlı, Başlıbel, Bağanıs Ayrım kimi qətliamları və bir sıra digər faciələri yaşayıb. Xocalı soyqırımı dünya miqyasında ən dəhşətli faciələrdən biridir.

Tədbirin davamında Xocalı soyqırımına həsr olunan sənədli film nümayiş etdirilib.

Daha sonra tədbir iştirakçıları zalda sərgilənən və Xocalı soyqırımı ilə bağlı müxtəlif illərdə nəşr edilmiş kitab və jurnallarla, bukletlərlə tanış olub, fotostendə baxıblar.

Kanada

Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Ottava şəhərində tədbir keçirilib. Tədbirdə diaspor və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, Ottavada təhsil alan tələbələr də iştirak ediblər.

Müvəqqəti işlər vəkili Vüsal Süleymanov Xocalı soyqırımı barədə ətraflı məlumat verib. O, Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri adlandırıb.

Tədbir çərçivəsində Azərbaycan icması üzvlərinin çıxışları dinlənilib, faciənin dəhşətlərini əks etdirən fotoşəkillər və film nümayiş olunub.

Türkiyə

Türkiyənin Kırklareli vilayətində bir fermer irimiqyaslı hərflərlə tarlasında torpağa iz salaraq “26 Fevral Xocalı 613 Şəhid - Unutma, Unutdurma” yazıb.

Lüləburqaz rayonuna bağlı Evrensekiz qəsəbəsində kənd təsərrüfatı ilə məşğul olan Burak Tunçkol bununla Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. Tunçkol bunun üçün təxminən 5 saat vaxt sərf edib.

“Xocalı soyqırımı bütün insanlığın vicdanında dərin yaralar qoyub. Bu soyqırımın dili, dini, məzhəbi yoxdur. Ona görə də Xocalı qətliamı unudulmamalıdır. Bu dünyada hər kəsin rahat yaşamaq hüququ var. Xocalıda uşaq, qadın, yaşlı olmaqla 613 nəfər qətl edildi. Dünya isə bu qətliama səssiz qalıb”, - deyə fermer bildirib.

XQ

Seçilən
12
xalqqazeti.az

1Mənbələr