AZ

Ölkə başçısının Naxçıvana etimadı: Nəticələrin danışacağı mərhələ başlayır

Həm ötən həftə, həm də bu həftənin ikinci günündə Prezident İlham Əliyevin Naxçıvanla bağlı su təminatı istiqamətində qəbul etdiyi mühüm qərarlar muxtar respublikanın gələcək inkişafına hesablanmış strateji addımlar kimi dəyərləndirilməlidir. Uzun illərdir, Naxçıvanda həm içməli, həm də suvarma su problemi insanların gündəlik həyatını, kənd təsərrüfatının inkişafını və sosial rifahını birbaşa təsirləndirən əsas amillərdən biri olub. Bu baxımdan, imzalanan Sərəncam və təsdiqlənən Tədbirlər Planı, sadəcə, növbəti rəsmi sənəd deyil, Naxçıvan üçün illərlə yığılıb qalmış problemlərin həlli adına açılan real imkanlar paketidir.

Prezident İlham Əliyevin bu qərarları jurnalistlər, ekspertlər, kənd mülkiyyətçiləri və sadə vətəndaşlar tərəfindən böyük ümid və sevinclə qarşılandı. Sosial şəbəkələrdə yüzlərlə paylaşım, status və şərh bunu açıq şəkildə göstərdi. İnsanlar haqlı olaraq ümidlənirlər.

 O insanlar ki:

– tarlasına su verə bilməyən fermerdir;

 – məhsulu günün altında yanıb gedən kəndlidir;

 – illərlə içməli suya möhtac qalan ailələrdir.

Təbii ki, iqlim dəyişikliklərinin, qlobal istiləşmənin artdığı müasir dövrdə bu problemlər Naxçıvandan da yan keçmirdi. Getdiyimiz kəndlərdə, apardığımız müşahidələrdə, sosial şəbəkələrdə insanların bu sahədəki narahatlıqlarını, illərlə yığılıb qalmış problemlərini açıq şəkildə görürdük. Uzun müddətdir, həm içməli, həm də suvarma su problemi Naxçıvanda sosial rifaha və kənd təsərrüfatının inkişafına ciddi təsir göstərirdi.

Məhz bu baxımdan ölkə başçısının su təminatı ilə bağlı imzaladığı sərəncamlar muxtar respublikanın illərlə yığılıb qalmış problemlərinin mərhələli həlli üçün real imkanlar yaradır. Ancaq burada xüsusilə bir həqiqəti də açıq demək lazımdır: Naxçıvanla bağlı əvvəlki illərdə də mühüm Dövlət proqramları qəbul edilib, Tədbirlər planları təsdiqlənib, maliyyə vəsaitləri ayrılıb. Təəssüf ki, bir sıra hallarda icra proseslərinin effektivliyi gözlənilən səviyyədə olmayıb və əldə olunan nəticələr cəmiyyətin gözləntilərini tam qarşılamayıb. Məhz buna görə də uzun müddət “Naxçıvanda heç nə dəyişmir” kimi fikirlər ictimai rəyə çevrilmişdi.

Blokada şəraitində yaşayan bir regionda müsbət dəyişikliklərin sədası daha güclü eşidilməli idi. Bunun obyektiv və subyektiv səbəbləri çoxdur. Artıq bu mərhələni geridə qoyaraq gələcəyə fokuslanmaq lazımdır. Gələcəyə köklənmək üçün isə ölkə başçısı Naxçıvana yeni fürsətlər açır:

 – 3 rayonda hidrotexniki qurğuların əsaslı təmiri;

 – 7 ərazidə hidrotexniki qurğuların yenidən qurulması;

 – 1 rayonda nasos stansiyalarının və təzyiqli boru xətlərinin yenidən qurulması;

 – 3 rayonun kəndlərində içməli su təchizatı şəbəkəsinin qurulması;

– 1 içməli sutəmizləyici qurğunun bərpası;

– 1 içməli sutəmizləyici qurğunun tikintisi;

– 3 şəhər və rayonda qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin tikintisi;

– əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 subartezian quyusunun qazılması nəzərdə tutulur.

Göründüyü kimi, miqyas böyükdür, ayrılan vəsait böyükdür, gözlənti isə daha böyükdür. Bu baxımdan, əsas çağırış budur: ötən illərdə müşahidə olunan çatışmazlıqlar bu dəfə təkrarlanmamalıdır. İcra mexanizmi peşəkar, şəffaf və koordinasiyalı qurulmalıdır. Ayrı-ayrı qurumların fəaliyyətində koordinasiyanın yetərsizliyi, məsuliyyət bölgüsünün aydın müəyyənləşdirilməməsi və nəticəyönümlü olmayan yanaşma bu proses üçün risk yarada bilər. Bu məsələdə mərkəzləşdirilmiş idarəetmə, sahəni yaxşı tanıyan mütəxəssislərdən ibarət peşəkar komanda və ictimai nəzarət mexanizmləri həlledici rol oynayır.

Bunu təkcə muxtar respublika rəhbərliyindən gözləmək olmaz. Hər birimiz – sadə vətəndaşdan tutmuş ən yüksək vəzifə sahibi olan məmura qədər bu prosesdə məsuliyyət daşıyırıq. Hamı muxtar respublika rəhbərliyinin ətrafında bir komanda kimi birləşərək səmimi, düzgün və vicdanla çalışmalıdır. Ən kiçik boşluq belə layihələrin icrasını ləngidə bilər. Ötən illərin təcrübəsi bunu açıq şəkildə göstərib.

Bir sözlə, Prezident İlham Əliyev Naxçıvanla bağlı imzaladığı Sərəncamla bir daha göstərdi ki, muxtar respublikaya güvənir, Naxçıvanın inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab edir və bunun üçün real maliyyə resursları ayırır. Bu böyük etimaddır. Amma etimad, eyni zamanda, böyük məsuliyyətdir. Prezident Naxçıvandan xoş sədalar eşitmək istəyir: real dəyişikliklər, real nəticələr, insanların həyatında hiss olunan fərqlər.

Əminik ki, Naxçıvanın illərdir, ən ağrılı problemlərindən biri olan su təminatı məsələsi mərhələli şəkildə həllini tapacaq. İnsanlar susuzluqdan əziyyət çəkir, əkin sahələri su çatışmazlığından yanır, kənd təsərrüfatının potensialı tam reallaşa bilmir. Bu isə təkcə iqtisadi məsələ deyil, bu, sosial ədalət, həyat keyfiyyəti və insan ləyaqəti məsələsidir.

Ayrılan vəsait və təsdiqlənən Tədbirlər Planı bu problemləri aradan qaldırmaq üçün tarixi fürsətdir.

Bəli, artıq danışmaq yox, iş görmək vaxtıdır.

İnanırıq ki, real nəticələri tezliklə görəcəyik. Hər manat, hər qəpik yerində və şəffaf xərclənməlidir. Ayrılan vəsait Naxçıvanda yaşayan insanların həyat keyfiyyəti, sağlamlığı və gələcəyi üçündür.

Bu bir kəndin suya qovuşmasıdır, bir ailənin rahat nəfəs almasıdır, bir fermerin məhsulunu xilas etməsidir, bir gəncin doğma yurdundan köçməməsi üçün ümid tapmasıdır.

Sara ƏZİMOVA,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Seçilən
10
ikisahil.az

1Mənbələr