Azərbaycan çempionatlarının yüksək liqasının tarixində 250-ci avtoqol vurulub.

Offsideplus.az xəbər verir ki, "Qəbələ" – "Turan Tovuz" qarşılaşmasında meydan sahiblərinin oyunçusu Seydina Keytanın öz qapısına vurduğu top turnir tarixinin 250-ci avtoqolu kimi tarixə düşüb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

1992-ci ildən bəri davam edən yarışlarda Keytaya qədər 249 bənzər hal yaşanmışdı.

Çempionat tarixinin ilk avtoqolu 16 may 1992-ci ildə qeydə alınıb. Həmin vaxt Kürdəmirin "Şirvan" klubunun futbolçusu Vahid Mahmudov "Kürmük" ilə səfər oyununda (0:6) öz qapısını dəqiq nişan alıb.

Ən çox avtoqol 2022/2023 mövsümündə (18 qol) qeydə alındığı halda, 1993/1994 mövsümü bu baxımdan yeganə qolsuz il kimi yadda qalıb.