AZ

Bakı–İrəvan sülhü üçün maneə: erməni amilinə qarşı müqavimət

ABŞ və dünya birliyi düşünməlidir ki…

Müəyyən məsələlər var ki, onlar mütləq vurğulanmalıdır. Söhbət Ermənistanla, daha doğrusu, erməni amili ilə bağlı məsələlərdən gedir. Bəri başdan deyək ki, bildirdiklərimiz heç də keçmişdə ilişib qalmaq deyil. Məqsədimiz indi baş verən bəzi hadisə və proseslərin keçmişin mənfi stereotiplərini təkrarlamaması üçün, bir növ, müqavimət formalaşdırmaqdır.

Bəli, Bakı–İrəvan sülhü əldə olunub. Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakları zamanı da bir-birilərinin əllərini sıxdılar və dünyaya Cənubi Qafqazda barışın yarandığının mesajını verdilər. İstər baş nazir Nikol Paşinyanın, istərsə də rəsmi İrəvanın digər təmsilçilərinin açıqlamaları da nikbin ovqata köklənmək üçün əsasdır. Amma... Erməni amilindən danışırdıq axı. O amildən ki, demək olar, iki yüz ilə yaxın müddətdə Cənubi Qafqazda sistemli siyasi və mənəvi diskomfort mənbəyi olub. Bu amil indi bu yazını qələmə almaq üçün səbəbdir və fikrimizə sonda aydınlıq gətirəcəyik.

***

Qeyd edək ki, 1830-cu ildən, yəni hayların bölgəyə köçürülmələrindən sonra regiondakı bütün ziddiyyətlərin və münaqişələrin kökündə məhz onların fitnə-fəsadları dayanıb. Əlbəttə, bu yerdə “arxalı köpək qurd basar” deyimini yada salmalıyıq. Çox güman, Qərb və Rus imperializmi olmasaydı, erməni millətçiləri qınlarından çıxa bilməyəcəkdilər. Sadəcə, ermənilər lazım olan anda, lazım olan yerdə peyda olmağı bacarmış, özlərinin uydurduqları mifləri qlobal oyunların tərkib hissəsinə çevirərək, regiondan türk-müsəlman izinin silinməsi kimi məkrli planın icrasında yer almışdılar.

Əlbəttə, tarixdə hay təxribatçılarının başlarının daşa dəydiyi vaxtlar da olub. Məsələn, XIX əsrin sonlarına doğru Qərbin Osmanlıya yönəlmiş planlarında erməni məsələsini yunan məsələsi ilə əvəzləməsi həmin təxribatçıları taleyin ümidinə buraxılmaq aqibəti ilə üzləşdirdi. Amma bu vəziyyət uzun sürmədi. Birinci Dünya müharibəsi illərində Qərb imperializmi yenidən “erməni kartını” işə saldı və heç şübhəsiz, nəhəng Osmanlının tarix səhnəsindən silinməsində bu “kartın” rolu az olmadı. Ardınca ermənilərin “xidmətlərinə” görə mükafatlandırılmalarına şahidlik etdik. Azğınlaşmış haylar yenidən türk-müsəlman qırğınları, soyqırımı törətdilər.

Qafqazın sovet Rusiyası tərəfindən işğalından sonra bolşevik liderləri ermənilərdən “səxavətlərini” əsirgəmədilər. Sovetlər Birliyinin mövcud olduğu 70 il müddətində ermənilər Azərbaycandan ərazi qoparmaq istiqamətində “fəaliyyət” göstərdilər ki, bu fəaliyyət Moskvadan ciddi dəstək gördü. Oyunları pozan isə o oldu – Ulu öndər Heydər Əliyev. Dahi şəxsiyyət Azərbaycana birinci rəhbərliyi dövründə ermənilərin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə olan iddialarının qarşısını aldı, bölgəni mənəvi baxımdan Azərbaycanın tabeliyinə qaytarmaq istiqamətində məqsədyönlü və ardıcıl xəttə üstünlük verdi.

Ulu öndərin 1987-ci ildə SSRİ-dəki hakimiyyət olimpindən uzaqlaşdırılmasından dərhal sonra erməni millətçilərinin Azərbaycana qarşı torpaq iddiaları baş qaldırdı. Sonra yaşananlar, o cümlədən Qarabağ da daxil olmaqla, müstəqil respublikamızın digər rayonlarının işğalı hamımızın yadındadır. O işğal 30 ilə yaxın davam etdi. O işğal ki, Prezident İlham Əliyev ona son qoymaqla, eyni zamanda, Heydər Əliyev siyasətinin varislik xəttinə misilsiz sədaqətini nümayiş etdirdi. Nəticədə, dünyada erməni amili üzərinə oynanılan böyük oyun pozuldu.

Oyun pozuldu və 44 günlük müharibə təkcə təcavüz faktını aradan qaldırmadı, həmçinin, bütövlükdə dünya erməniliyinə sarsıdıcı zərbə vurdu. Ermənistana və dünya erməniliyinə daha böyük zərbə 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin reallaşdırdıqları lokal xarakterli antiterror tədbirləri ilə dəydi. Ölkəmiz özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi ki, nəticədə hayların Qarabağ avantürasına və onun separatizm mahiyyətinə son qoyuldu.

Onu da deyək ki, Ermənistan və havadarları 2020–2023-cü illərdə də itirilmişlərin bərpasına, Azərbaycan ərazilərindəki erməni amilini saxlamağa cəhd göstərdilər. Mövcud istiqamətdə çeşidli “planların” işə salındığına şahidlik etdik. Ancaq Ermənistan, dünya erməniliyi və havadarları ölkəmizin qətiyyəti, Prezident İlham Əliyevin prinsipiallığa söykənmiş siyasi-diplomatik bacarığı sayəsində yenik düşdülər.

Bəli, 2023-cü ildən sonra yaşananlar hər cəbhədə məğlub Ermənistan separatizminin son çırpıntıları idi. Nəhayət, əvvəldə haqqında söz açdığımız Vaşinqton sülhü ərsəyə gəldi. O sülh ki, özündə qalib Azərbaycanın maraq və manafelərini təcəssüm etdirir. O sülh ki, mərhəmətli və humanistdir, Ermənistan üçün də yaşam şansını tanıyır. Əlbəttə, bu tanıma erməni amilinin yenidən baş qaldırmasına imkan və şərait yaratmayacaq qədər əzmkardır. Çünki müasir, müstəqil Azərbaycan Respublikası keçmişin dərslərindən nəticə çıxarır. O dərslərdən ki, onda 30 ilə yaxın davam etmiş işğal dövrünün də, daha əvvəlki zaman kəsiyinin də məşəqqətləri, ağrı və acıları var.

***

Azərbaycan dövləti və cəmiyyəti ayıq-sayıqdır. Cənubi Qafqazda baş verən bütün prosesləri izləyir. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə yaranmış sülh mühiti çərçivəsində yaşananları da həmçinin. Amma müşahidələrimiz bəzi şübhələr yaradır. Söhbət erməni amili ilə bağlı şübhələrdən gedir. O şübhələr ki, mövcudluqları barış mühitinin davamlılığı baxımından riskdir. Baş nazir Nikol Paşinyan Ermənistanın qarşısında yeni səhifənin açıldığına dair pozitiv açıqlamalar verir. Baş nazirin dedikləri, faktiki olaraq, erməni xalqının uzun illər düzgün yaşamadığının vurğulanmasıdır. Məsələn, Nikol sonuncu “Facebook” paylaşımlarının birində bildirmişdi ki, haylar uzun illər yaşamaq uğrunda mübarizə aparıb, indi isə onların inkişafı zamanıdır. Paşinyanın indiyədək keçilmiş yolun düzgün olmadığına dair əvvəlki açıqlamalarına görə, belə qənaətə gəlmək olar ki, onun dediyi bu məqam, əslində, erməni xalqının kimlərsə tərəfindən yaşamaq uğrunda mübarizəyə mübtəla edilməsi gerçəkliyinə söykənir.

Yəni düşünmək mümkündür ki, baş nazir artıq o acı gerçəklikdən uzaqlaşmağın və inkişafa can atmağın lazım olduğundan söz açır. İnkişaf isə ancaq sülh nəticəsində mümkündür.

Ermənistan rəsmiləri qondarma “erməni soyqırımı”nın tanınmasının ölkənin xarici siyasət prioritetindən çıxdığını bəyan edən açıqlamalar vermişdilər. Mövcud xüsusda onların baxışlarına Türkiyə ilə münasibətlərin normallaşmasını ehtiva edən ritorikanın da hakim kəsildiyini deyə bilərik. Digər tərəfdən, məlumdur ki, rəsmi İrəvan “Azərbaycanda saxlanılan erməni məhbuslar” şousunu da xeyli müddətdir kənara qoymuşdu. Qeyd edək ki, hər iki məsələ erməni amilinin və ya erməni kartının işləkliliyini vurğulayan mövzulardır.

Məlum olduğu kimi, bir müddət əvvəl ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Ermənistana, oradan isə Azərbaycana səfər reallaşdırdı. Cənubi Qafqazın tarixində və ictimai-siyasi mühitində son dərəcə müstəsna əhəmiyyət daşıyan bu səfərdən sonrakı bəzi tendensiyalar diqqət çəkməkdədir. O tendensiyalar ki, haqqında söz açdığımız şübhələri doğurur.

Məsələn, görürük ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 61-ci sessiyasında “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsini qaldırır. Görürük ki, həmin Mirzoyan mötəbər BMT tribunasından soyqırımların qarşısının alınmasının vacibliyindən və ölkəsinin mövcud istiqamətdəki səylərindən söz açır. Təsəvvür edin, soyqırımı törədən dövlətin nümayəndəsi onun qarşısının alınması barədə danışır. Hərçənd, diqqətə çatdırmaq istədiyimiz heç də bu paradoks deyil.

Başlıca məqam, ümumən, soyqırımı məsələsinin qaldırılmasıdır. Qeyd edək ki, rəsmi İrəvan tərəfindən bu mövzuya toxunulması, istər-istəməz, nəzərləri “erməni soyqırımı” cəfəngiyyatına yönəldir. O cəfəngiyyat ki, vaxtilə imperialist qüvvələr tərəfindən erməni amilini diri tutmaq üçün uydurulmuş motiv idi. “Azərbaycanda saxlanılan erməni məhbuslar” şousunun da eyni mərama “xidmət etdiyini” vurğulamalıyıq.

Sözümüz ondadır ki, dünya birliyi Cənubi Qafqazda hansısa formada erməni amili üçün katalizator rolunu oynaya bilən mövzulara qarşı həssas davranmalıdır. İndiki durumda bu həssaslığın ABŞ tərəfindən göstərilməsində fayda var. Çünki Vaşinqton Bakı–İrəvan sülhü yolunda əhəmiyyətli məsafə qət edib. Bunun nəticəsində Birləşmiş Ştatlar Cənubi Qafqazda heç vaxt olmadığı qədər nüfuz sahibinə çevrilib. Deməli, ölkə rəhbərliyi yaratdığı sülhə kənar meyillərin baş qaldırma ehtimalını düşünməlidir.

Bəli, təkcə ABŞ yox, bütövlükdə dünya ictimaiyyəti onun üçün mühüm strateji nöqtələrdən sayılan Cənubi Qafqazdakı siyasi düzənin, Azərbaycanın formalaşdırdığı reallığın pozulmasına yönələn riskləri götür-qoy etməli, belə təmayüllərə, azacıq da olsa, meydan tanımamalıdır. Bunun üçün isə erməni amilinin yenidən baş qaldırmasına imkan vermək olmaz. Bu amil daimi nəzarətdə saxlanılmalı, hətta, obrazlı desək, zəncirlənməlidir.

Çox ciddi şəkildə o da nəzərə alınmalıdır ki, Ermənistan 30 ilə yaxın həyata keçirdiyi işğalçılıq siyasətinə görə bəraət almayıb. Bu gün A.Mirzoyan BMT tribunasından “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsini qaldırırsa və bununla diqqəti həmin şəxslərin vaxtilə Azərbaycana qarşı separatçılıq əməlləri, saysız-hesabsız hərbi cinayətlər törətmələri reallığından yayındırmağa çalışırsa, deməli, erməni amili və onun erməni avantürizmi seqmenti əhəmiyyətini itirməyib.

Bu gün Ermənistan konstitusiyası ölkənin işğalçı mahiyyət daşıyan və ərazi iddiası ruhuna köklənmiş İstiqlaliyyət Bəyannaməsinə istinadını saxlayırsa, ümumən, belə bir sərsəm motivli bəyannamə Ermənistan dövlətinin yaranması baxımından baza rolunu oynayırsa, deməli, formalaşmış sülh mühiti təminatlı deyil.

Bütün bunlara görə Ermənistana edilən yardımlara, onların təyinatına da diqqət yetirilməlidir. Heç bir halda, ölkənin hərbi baxımından güclənməsinə imkan tanınmamalıdır. Yəni dünya birliyi, o cümlədən Birləşmiş Ştatlar Paşinyanın, Mirzoyanın və digər erməni rəsmilərinin müxtəlif beynəlxalq platformalarda sülh zəngulələrinə baş vurmalarına etibar etmək üçün tələsməməli, həssaslıq nümayiş etdirməlidir. Unudulmamalıdır ki, məhz həssaslıq və səmimiyyət hələ də kövrək olan sülh mühitinin davamlılıq və dayanıqlılıq etalonudur.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
11
1
xalqqazeti.az

2Mənbələr