AZ

BİZ XOCALI SOYQIRIMINI HEÇ VAXT UNUTMAYACAĞIQ

ain.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Bu il xalqımız XX əsrin bəşəriyyətə və insanlığa qarşı ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının 34-cü ildönümünü qeyd edir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xankəndi şəhərindəki rus ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə 1991-ci ilin oktyabr ayından blokadada saxladıqları Xocalı şəhərinə hücum edərək, əhalisinə amansız divan tutmuşlar. Oktyabr ayının 30-dan Azərbaycanın digər bölgələri ilə avtomobil əlaqəsi kəsilən Xocalıdan çıxmağın yeganə yolu hava xətti ilə mümkün olurdu ki, bu əlaqə də 1992-ci ilin yanvarında Şuşa səmasında mülki vertolyotun vurulmasından sonra kəsilmişdi. Xocalı aeroportuna sonuncu helikopter 1992-ci il yanvarın 28-də enmişdi. Yeri gəlmişkən, Xocalı hadisələrində Rusiyanın 366-cı motoatıcı alayının iştirakı sadəcə erməni faşistlərinə “dəstək” xarakterli olmayıb. Belə ki, şəhərin mühasirəyə alınması və mülki əhalinin çıxdığı dəhlizlərin ağır texnika (BTR, BMP və tanklar) ilə atəşə tutulması bilavasitə bu alay tərəfindən həyata keçirilib. Alayın hərbiçiləri erməni qruplaşmaları üçün yolu açaraq, dinc sakinlərin qaçış yollarını kəsməkdə iştirak ediblər.

613 nəfər dinc soydaşımızın vəhşicəsinə qətlə yetirilməsi, 1275 nəfərin girov götürülərək ən ağlasığmaz və təhqiramiz üsullarla işgəncələrə məruz qalması, 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı faciəsi ermənilərin yırtıcı təfəkküründən doğan iyrənc niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri qanlı siyasətin ən məşum və unudulması mümkün olmayan səhifələrindəndir. Soyqırım nəticəsində 63 uşağın, 106 qadının, 70 qoca və qarının qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirməsi, yaralanan 487 nəfərdən 76-nın uşaq olması, taleyi bugünədək naməlum qalan 150 nəfərdən 68-nin qadın, 26-nın uşaq olması göstərir ki, erməni qaniçən canilər üçün ən elementar insani hisslər belə əhəmiyyət kəsb etməyib. 

Xocalı soyqırımı yalnız xalqımızın yox, bütövlükdə insanlıq tarixinə mülki əhaliyə qarşı tətbiq edilən ağlasığmaz qəddarlıq və sistematik işgəncələrlə yadda qalan bəşəri cinayət kimi yazılıb. Beynəlxalq müşahidəçilər və məhkəmə-tibbi ekspertizalar tərəfindən sənədləşdirilmiş faktlar dinc sakinlərin (qadınlar, uşaqlar və qocalar daxil olmaqla) həm sağ ikən, həm də qətlə yetirildikdən sonra ağır təhqirlərə məruz qaldığını sübut edib. Bu baxımdan, erməni silahlı birləşmələri əsir götürdükləri 1275 nəfərə qarşı diri-diri yandırılma, şikəst etmə (dırnaqların çıxarılması, qulaqların, burunların və cinsiyyət orqanlarının kəsilməsi, döymə və təhqir (əsirlərin küt alətlərlə döyülməsi, dişlərinin kəlbətinlə sökülməsi və s.), aclıq və soyuqda saxlama (əsirlərin dondurucu hava şəraitində çılpaq və ya yarıçılpaq halda saxlanılması, onlara qida əvəzinə qeyri-insani maddələrin yedizdirilməsi) kimi qeyri-insani üsullardan istifadə etmişdilər.

Bundan başqa, düşmən öldürülmüş dinç insanlar üzərində təhqiramiz hərəkətlər icra etmişdi. Hadisə yerindən çəkilən kadrlar və ekspertiza rəyləri göstərir ki, erməni tərəfi qurbanların cəsədlərini tanınmaz hala salmaqla həm də psixoloji terror həyata keçirmişdi. Bir çox cəsədin başının dərisi (skalpı) soyulmuş, həm sağ ikən, həm də öldükdən sonra insanların gözləri oyulmuş, meyitlərin qarın boşluğu yarılmış, müxtəlif bədən üzvləri kəsilib götürülmüş, artıq həyatını itirmiş şəxslərin üzünə və bədəninə dəfələrlə atəş açaraq simaları tamamilə məhv edilərək tanınmaz hala salınmışdı.

Bütün bu vəhşiliklərin məntiqi davamı olan daha dəhşətli bir fakt bundan ibarət idi ki, ermənilər özlərinin törətdikləri soyqırımdan dərhal sonra bəzi xarici ölkələrdə Xocalı faciəsinə aid olan foto, video materialları nümayiş etdirərək bu qanlı cinayəti azərbaycanlıların onlara qarşı törətdiyi hadisə kimi qələmə verməyə çalışırdılar. Belə bir şəraitdə Azərbaycanda siyasi hakimiyyətsizlik, cəmiyyətdə anarxiya və xaosun baş alıb getməsi, o zamanda hakimiyyətdə və müxalifətdə olanların heç bir milli məqsədlərə və fəaliyyət planına malik olmadan, yalnız öz siyasi ambisiyalarını təmin etmək üçün çalışmaları saxta erməni təbliğatının nəticə verməsinə yardım edirdi. Ölkədə dərhal Xocalı soyqırımına siyasi-hüquqi qiymət verərək, faciənin parlamentdə geniş müzakirəsini belə təşkil etmək heç kimin yadına düşməmişdi.

Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu və dünyaya tanıdılması istiqamətində sistemli iş görüldü. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı (genosidi) günü haqqında” xüsusi qərar qəbul etdi. Bu sənəddə hadisənin başvermə səbəbləri təfsilatı ilə açıqlandı, günahkarlar göstərildi. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi. Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi. Ulu Öndər Xocalı faciəsini soydaşlarımıza qarşı törədilmiş soyqırımı adlandıraraq deyirdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.

Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il yanvarın 17-də imzaladığı Xocalı soyqırımının iyiriminci ildönümü haqqında Sərəncamda deyilirdi: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”. Elə həmin il fevralın 26-da – Xocalı soyqırımının 20-ci ildönümündə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azadlıq meydanından “Xocalı soyqırımı” adibəsinə on minlərlə insanın iştirakı ilə edilən ümumxalq yürüşü həm xalqımızın qisas və qələbə əzminin yenilməzliyini göstərdi, həm də böyük beynəlxalq əks-səda doğurdu.

Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsi olaraq Xocalı soyqırımını tanıyan dövlətlərin və beynəlxalq təşkilatların sayı artdı. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, soyqırıma obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu oldu. Xüsusilə “Xocalıya ədalət” kampaniyası ermənilərin törtdikləri soyqırımı həqiqətlərinin dünyada tanıdılması yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbir kimi əhəmiyyətli oldu. Lakin ikili standartlar mövqeyindən çıxış edən iri dövlətlərin və bir sıra beynəlxalq təşkilatların dünyanın gözü qarşısında baş vermiş bu qanlı cinayətə münasibəti adekvat olmadı. Prezident İlham Əliyevin 2024-cü il fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlinin qoyulması mərasimi zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi: “Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır… Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında qalan ərazilər beş ay bundan əvvəl azad edilmişdir”.

Halbuki bir sıra beynəlxalq sənədlərin müddəaları Xocalı faciəsinin soyqırım kimi tövsif etməyə tam əsaslar yaradırdı: 1948-ci il 9 dekabr BMT Baş Assambleyasının 260 A saylı qətnaməsi ilə qəbul edilən “Genosid siyasətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”, Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi, Beynəlxalq Cinayət Məhkəməsinin Statutu (Roma Statutu). Xocalı cinayəti 9 dekabr 1948-ci il tarixli BMT Konvensiyasının 2-ci maddəsinin a, b və c bəndlərinə uyğun olaraq soyqırımı cinayətidir. Lakin dünyanın “hüququn gücü” ilə yox, “gücün hüququ” ilə idarə olunduğunu nəzərə alsaq, o zaman bütün bu beynəlxalq sənədlərin ermənilərin havadarları tərəfindən ikili standartlardan yanaşılan keçmiş Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı üçün elə bir praktik əhəmiyyətinin qalmadığı aydın idi.

Buna görə də, dövlətimiz 1990-cı illərin əvvəllərində ərazilərimizin işğalı zamanı ermənilər tətəfindən həyata keçirilmiş Xocalı soyqırımının qisasını da 2020-ci ilin payızında Vətən müharibəsində Silahlı qüvvələrimizin misilsiz rəşadəti, şəhid və qazilərimizin qəhrəmanlığı hesabına qazanılan möhtəşəm Zəfərlə və 2023-cü ilin sentyabrında bir günlük uğurlu antiterror əməliyyatı ilə aldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə ifadə etsək: “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı”. 2023-cü il sentyabrın 20-də ölkəmiz öz suverenliyini bütün ərazisində tam bərpa edəndən sonra Prezident İlham Əliyevin dərhal verdiyi göstəriş, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilməsi ilə bağlı olmuş, həmin il oktyabrın 15-də Xocalı şəhərində və Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağı ucaldılmışdır. Dövlətimizin başçısı 2024-cü il mayın 28-də isə Xocalıya ilk qayıdan sakinlərlə artıq sürətlə bərpa olunan şəhərdə görüşmüş, rayonun 20-yə yaxın kəndinə müxtəlif vaxtlarda baxış keçirmiş, sakinlərlə görüşmüş, Xocalıda istehsal müəssisələrinin açılışını etmişdir. Bir sözlə, ermənilərin xarabaya çevirdikləri ərazilərə artıq əsl sahibləri qayıtmağa başlamış və bu yurd yerlərində həyat yenidən canlanmışdır.   

Tarixi Zəfərimizdən ötən 5 il xalqımızın, dövlətimizin və hər bir azərbaycanlının həyatında yeni, qürur və fəxarət dolu yeni dövrün ilk mərhələsi olmuşdur: erməni faşizminin barbarlığına məruz qalan, vaxtilə “vəhşi qəbilənin keçdiyi”, yaddaşında Xocalı və digər Azərbaycan kəndlərində törədilən qanlı cinayətlərin izləri öz köksündə saxlayan torpaqlarımıza onun əsl sahibi olan azərbaycanlılar, qarabağlılar qayıtmışlar, 30 il işğal altında inləyən torpaqlarımız indi quruculuq, abadlıq, inkişaf və tərəqqi meydanına çevrilmişdir, xalqımız öz dövlətinin ərazi bütövlüyü, suverenliyini bərpa etməklə yanaşı özünün milli ləyaqətini də xilas etmişdir. Lakin son beş ildə üç əsrlik Azərbaycan tarixinin ən böyük hadisəsinin qürurunu yaşayan xalqımız Xocalı soyqırımını, onun nəticələrini və tarixin ibrət dərslərini də nə indi, nə də gələcəkdə unutmayacaqdır. Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik. Biz onlardan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik”. 

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
yeniazerbaycan.com

2Mənbələr