AZ

Horovluya köçən sakin: Doğma torpağıma qayıtdığım üçün çox sevinirəm

Bakı, 25 fevral, Elmir Səftərov, Tofiq Babayev, Mirrəsul Cəfərov, AZƏRTAC

Doğma torpağıma qayıtdığım üçün çox sevinirəm. Dövlətimizə minnətdaram ki, bayrağımızı yenidən o torpaqlarda ucaltdı. Allah Prezidentimizin canını sağ eləsin. Əsgərlərimiz canları bahasına torpaqlarımızı düşməndən azad etdilər. Buna görə böyük qürur və sevinc hissi keçirirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl rayonunun Horovlu kəndinə köçən keçmiş məcburi köçkün Nizami Kəlbəliyev söyləyib.

O, 30 ildən çoxdur ki, yurdlarında ayrı düşdüklərini vurğulayıb: "Oradan çıxanda 35-36 yaşım var idi, indi isə 70-i keçib. Bu yaşımda yenidən kəndimə qayıtmaq mənim üçün böyük xoşbəxtlikdir".

Keçmiş məcburi köçkün əlavə edib: "Uşaqlarımla, gəlinlərimlə və nəvələrimlə birlikdə qayıdıram. Bu illər ərzində çox əziyyət çəkmişik. Bir çox yerlərdə məskunlaşmışıq.

Belə ki, əvvəl Salyanda qaldım, sonra Bakıda müxtəlif yerlərdə yaşadım. Hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanasında, daha sonra Masazır qəsəbəsində və başqa ünvanlarda məskunlaşdıq. Məcburi köçkünlük həyatı çox çətin keçdi.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində bu gün biz arzumuza çatmışıq və doğma torpağımıza qayıdırıq".

Seçilən
49
3
azertag.az

5Mənbələr