AZ

Xəzərin sahilində ilginc proses: 20 il əvvəlki olay təkrarlanır FOTO

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəzər dənizinin sahilboyu ərazilərində batağan quşlarının kütləvi ölümü qeydə alınıb. Belə ki, Xaçmazın Niyazabad kəndi yaxınlığında dəniz kənarında minlərlə quş cəsədlərinə rast gəlinib. Səbəb kimi daha çox təbii amillər, xəstəlik və ya qida çatışmazlığı göstərilsə də, bu yöndə mütəxəssislər araşdırma aparırlar. 

Batağan quşlarının kütləvi ölümünə səbəb nədir?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, bu quşun əvvəlki adı “may gülü” olub, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu növün adını dəyişdirib:

“Batağan quşunun əti dadsız və iyli olduğundan Azərbaycan mətbəxində istifadə edilmir. Xarici görünüşü cəlbedicidir. Növ çoxsaylıdır, nadir və ya nəsli kəsilmək təhlükəsi altında olan kateqoriyaya aid deyil. Əsasən su-bataqlıq ərazilərdə, daxili su hövzələrində, kanallarda, Xəzər sahillərində və göllərdə, xüsusilə miqrasiya dövründə müşahidə olunur. Hadisədə antropogen təsir ehtimalı az görünür. Çünki yalnız bu növün ölümü qeydə alınır. Əgər çirklənmə, ekoloji insident və ya texnogen qəza baş versəydi, bir neçə növdə ölüm halları müşahidə olunardı. Qida çatışmazlığı versiyası da irəli sürülür, lakin bu ehtimal zəifdir. Belə olsaydı, eyni qida zəncirində yer alan digər növlərdə də ölüm halları qeydə alınardı. Mövcud müşahidələr qida böhranının kəskin xarakter almadığını göstərir. Hava şəraiti də səbəb kimi qiymətləndirilə bilməz. Hazırda mülayim qış müşahidə olunur, xüsusilə sahil zolağında şaxta, don və uzunmüddətli mənfi temperatur qeydə alınmayıb. Buna görə şaxta amili də istisna edilir”.

Arzu Mustafayev

Ekspert bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqlamasında heyvani xəstəlik ehtimalının təsdiqlənmədiyi bildirilsə də, bu mövqe mübahisələndirilə bilər:

“Vəhşi təbiətdə zoonoz nəzarət və monitorinq mexanizmlərinin yetərli səviyyədə qurulmayıb. Ştammların indikator və təyinedici analizləri kifayət qədər dərin aparılmır. Mövcud vəziyyəti batağanlarda dövri xarakter daşıyan və “batağan xəstəliyi” kimi tanınan xəstəliklə əlaqələndirərdim. 2006-cı ildə də oxşar hal kütləvi şəkildə müşahidə olunub. Xəstəliyin ilkin əlamətləri quşlarda hərəkət pozuntusu, ayaqların tutulması və titrəmə hallarıdır. Xəstəliyin insan üçün təhlükəli olduğu düşünülmür, lakin bunu tam istisna etmək də düzgün olmaz. Vətəndaşlara tövsiyə edirəm ki, belə quşlara toxunmasınlar, onları evə aparmağa, sağaltmağa və ya yemləməyə cəhd göstərməsinlər. Son illərin təcrübəsi göstərir ki, vəhşi təbiətdə yaranan yeni virus variantlarının insana keçmə ehtimalı mövcuddur. Belə hallarla rastlaşdıqda quşun torbaya qoyularaq məişət tullantıları ilə uzaqlaşdırılması mümkündür, lakin ən məqsədəuyğun üsul torpağa basdırılmasıdır. Xəstəliyin, xüsusilə su quşlarına, ördəklərə, qazlara və muskat ördəklərinə keçmə ehtimalı az olsa da, istisna edilmir. Bu səbəbdən su quşlarının müvəqqəti izolyasiyası tövsiyə olunur. Hazırkı mərhələnin epidemiyanın pik dövrü olduğu ehtimal edilir və yaxın zamanda azalma müşahidə oluna bilər. Ümid olunur ki, bayramdan sonra bu hadisənin davamlı fəsadları qeydə alınmayacaq”.

Qeyd edək ki, AQTA-nın yaydığı məlumata görə, Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb. Bununla yanaşı, Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında dəniz kənarında quş cəsədlərinə rast gəlinməsi ilə bağlı yayılan məlumatlar aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır. AQTA diaqnostik nümunələr götürərək müayinələr keçirib, nəticələr yaxın zamanda açıqlanacaq.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
globalinfo.az

1Mənbələr