AZ

Misirli tədqiqatçı: Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdəndir

ain.az, Azertag saytına istinadən bildirir.

Qahirə, 24 fevral, AZƏRTAC

Misirin “Minbər əl-Təhrir” nəşrində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı məqalə dərc olunub. Məqalədə Azərbaycan xalqının tarix boyu müxtəlif faciələrə və təqiblərə məruz qaldığı vurğulanır, bu faciələr arasında isə Xocalı soyqırımının xüsusi yer tutduğu bildirilir.

AZƏRTAC xəbər verir ki, misirli tədqiqatçı Əhməd Abdoh Tarabikin qələmə aldığı yazıda Xocalı faciəsinin səbəbləri və tarixi barədə məlumat verilir. Qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının Xocalı şəhərinə genişmiqyaslı hücumu nəticəsində 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl şəxs qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi bu günədək naməlum olaraq qalır. Şəhərin 7 min nəfərlik əhalisinin təxminən 3 min nəfəri mühasirə şəraitində, ərzaq, su və tibbi yardımdan məhrum vəziyyətdə saxlanılıb.

Məqalədə bildirilir ki, Xocalıya hücum əvvəlcədən planlaşdırılıb. 1991-ci ilin oktyabrından etibarən şəhər blokadaya alınıb. Ətraf ərazilərlə əlaqəsi kəsilən Xocalı şəhəri və ona bağlı 8 kənd tamamilə dağıdılıb. Nəticədə 2495 yaşayış evi, 31 sənaye obyekti, 20 təhsil müəssisəsi, 14 səhiyyə müəssisəsi və 56 mədəniyyət obyekti məhv edilib.

Məqalədə vurğulanır ki, bir çox dövlətlər, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı Xocalı hadisələrini soyqırımı kimi tanıyıb.

Qeyd olunur ki, 1992-ci il fevralın 26-na keçən gecə baş verən hadisələr beynəlxalq medianın da diqqətindən yayınmayıb. Xarici jurnalistlər hadisə yerinə gələrək gördükləri dəhşətləri ictimaiyyətə çatdırıblar. Fransalı jurnalist Jan-İv Yunet Xocalıda yüzlərlə qadın, uşaq və qocanın meyitlərini gördüyünü, hətta helikopterə atəş açıldığını bildirib.

Məqalədə beynəlxalq hüquq kontekstində də məsələyə toxunularaq qeyd edilir ki, soyqırımı hadisələri BMT-nin 1948-ci il 9 dekabr tarixli Konvensiyası ilə beynəlxalq hüquqda qadağan olunmuş cinayət hesab olunur. Eyni zamanda, 1945-ci il 8 avqust tarixli London Konvensiyasında müharibə cinayətləri və insanlığa qarşı cinayət anlayışları təsbit olunub. Bu baxımdan, Xocalıda törədilən qətliam beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan soyqırımı və insanlığa qarşı cinayətdir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
azertag.az

2Mənbələr