AZ

Energetika naziri: "Bulgargaz"ın mövcudluğu Azərbaycanla müqavilə sayəsindədir"

Bolqarıstanın dövlət şirkəti olan "Bulgargaz" faktiki olaraq iflas vəziyyətindədir və onun əməliyyat dayanıqlığının saxlanılmasının yeganə səbəbi Azərbaycandan qaz tədarükü üzrə Bolqarıstan tərəfi üçün olduqca sərfəli olan uzunmüddətli müqavilədir.

Aznews.az xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Trayço Traykov bu ölkənin Milli Radiosunun efirində bildirib.

Onun sözlərinə görə, "Bulgargaz" şirkəti Türkiyənin dövlət neft-qaz şirkəti "BOTAŞ" ilə müqavilə üzrə öhdəliklərini yerinə yetirmir, bu da Ankara tərəfindən iddialar irəli sürüləcəyi təqdirdə ciddi risklər yaradır.

T.Traykov həmçinin 2022-ci ilin sonunda imzalanmış sazişin şərtlərinə yenidən baxılması məqsədilə ekspertlər və "BOTAŞ" nümayəndələri ilə görüşlər keçirmək niyyətində olduğunu bildirib. O vurğulayıb ki, Avropa İttifaqına (Aİ) Rusiya boru kəməri qazının idxalının tamamilə dayandırılacağı zaman - 2027-ci ilin sonuna qədər Avropa qaz bazarında vəziyyət əhəmiyyətli dərəcədə dəyişə bilər.

"Bulgargaz" rəhbərliyi şirkətin çətin maliyyə vəziyyətini "BOTAŞ" ilə müqavilənin şərtləri, eləcə də Bolqarıstan paytaxtında əsas mərkəzi istilik və isti su təchizatçısı olan "Toplofikatsiya-Sofiya" EAD şirkətinin borcu ilə izah edir.

Türkiyə tərəfi ilə saziş mayeləşdirilmiş təbii qaz terminallarına çıxışı və illik 1,5 milyard kubmetrə qədər qaz tədarükünü nəzərdə tutur, bu da ölkənin cari tələbatını üstələyir və Bolqarıstan tərəfini güclərin rezervasiyası üçün ödəniş etməyə məcbur edir. Müqavilə 2035-ci ilə qədər qüvvədədir.

"Toplofikatsiya-Sofiya"nın "Bulgargaz" qarşısında borcu 1,25 milyard levi (təxminən 615 milyon avro) keçir.

Seçilən
10
1
aznews.az

2Mənbələr