BAKI, 24 fevral. TELEQRAF
“Ukraynada müharibəyə son qoyacaq sülh sazişinə mane olan məhz Rusiya Prezidenti Vladimir Putindir”.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Kir Starmer deyib.
Britaniya lideri Ukraynanı nə qədər lazımdırsa, o qədər dəstəkləyəcəklərinə söz verib. O xəbərdarlıq edib ki, bu müharibə Böyük Britaniyadan çox da uzaqda baş vermir:
“Burada söhbət azadlıq, demokratiya və ölkələrin öz taleyini özlərinin müəyyən etmək hüququ kimi dəyərlərdən, yəni demokratiya və suverenlikdən gedir”.
Kir Starmer vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələri Böyük Britaniyada bütün ev təsərrüfatlarında hiss olunur, xüsusilə enerji qiymətlərinin kəskin artımında:
“Bunlar hələ də əvvəlkindən 40 faiz yüksəkdir. Buna görə hər bir ailə bunu hiss edir. Bu müharibə Böyük Britaniyada uzun müddət hamıya təsir göstərəcək. Məhz buna görə ədalətli və davamlı sülhün təmin olunması bu qədər vacibdir”.
Britaniya Baş naziri əlavə edib ki, belə bir sülhə mane olan əsas fiqur Putindir.