Fransa və Böyük Britaniyanın Ukraynaya nüvə silahı vermək niyyəti beynəlxalq hüququn pozulmasıdır.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov "TASS"ın sualını cavablandırarkən bildirib.
Peskov qeyd edib ki, Rusiya parlamenti artıq İngiltərə və Fransadakı həmkarlarını parlament araşdırmalarına başlamağa çağırıb:
“Bu, beynəlxalq hüququn bütün norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır”.
Kremlin sözçüsü Rusiya Xarici Kəşfiyyat Xidməti-nin (SVR) London və Parisin Kiyevi nüvə bombası ilə təmin etmək istiqamətində aktiv iş apardığına dair məlumatlarına münasibət bildirərkən bu fikirləri səsləndirib.
SVR-in məlumatına görə, Böyük Britaniya və Fransa hesab edir ki, Ukrayna nüvə silahına sahib olarsa, “hərbi əməliyyatların dayandırılması ilə bağlı daha əlverişli şərtlər əldə edə bilər”. Planlara Avropada istehsal olunan komponentlərin, avadanlıqların və texnologiyaların gizli şəkildə Ukraynaya ötürülməsi daxildir. Variantlardan biri kimi Fransaya məxsus TN-75 tipli kiçik ölçülü döyüş başlığının nəzərdən keçirildiyi bildirilir. SVR həmçinin vurğulayıb ki, Berlin bu “təhlükəli təşəbbüs”də iştirakdan imtina edib.
Rusiya Federasiya Şurasının senatorları məsələ ilə bağlı həm beynəlxalq, həm də milli səviyyədə araşdırmalar aparılmasına çağırıblar. Federasiya Şurası BMT Təhlükəsizlik Şurasına, Beynəlxalq Atom Enerjisi Agentliyi-nə (IAEA) və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi tərəflərinin iclasına London və Parisin niyyətlərinin araşdırılmasını təklif edib.
Xədicə BAXIŞLI