“Rəqəmsal dərsliklər artıq uzun müddətdir ki, tərəfimizdən şagirdlərə və müəllimlərə təqdim edilib. Yəni şagirdlər və valideynlər dərs prosesini elektron dərsliklərlə keçmək istəyirlərsə, bunun üçün onların imkanları artıq var. Bunu edə bilərlər”.
Bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün keçirilən brifinqdə danışarkən bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev bildirdi ki, bu yanaşma istər-istəməz şagirdlərin ağır çanta daşıması probleminin aradan qaldırılmasına da müsbət təsir göstərə bilər:
"Şagirdlər artıq çoxsaylı dərslikləri çantada daşımaq məcburiyyətində qalmaz, lazım olan bütün materiallar onların planşetində yerləşər. Beləliklə, şagird dərsə yalnız bir elektron cihaz aparmaqla bütün vəsaitlərdən rahat şəkildə istifadə edə bilər".
Ekspert əlavə etdi ki, bu sistemin bir çox üstünlükləri var:
"Məsələn, soyuq hava şəraitində, xüsusilə regionlarda güclü qar yağışı və ya digər təbii fəlakətlər zamanı şagirdlərin məktəbə getmədən dərsləri onlayn formada davam etdirməsi mümkün olar. Elektronlaşdırılmış və rəqəmsallaşdırılmış tədris prosesi internet vasitəsilə məsafədən təşkil edilə bilər və bu da təhsilin fasiləsizliyini təmin edər. Əslində bunun həyata keçirilməsi üçün böyük maliyyə vəsaiti tələb olunmur. Hər il dərsliklərin çapı və nəşri üçün ayrılan vəsait birdəfəlik olaraq məktəblərin rəqəmsal infrastrukturunun qurulmasına yönəldilə bilər. Bunun üçün əsas maddi-texniki baza sadədir: hər bir şagird planşetlə təmin olunmalı, hər bir orta ümumtəhsil məktəbinin sinif otaqları elektron lövhələrlə təchiz edilməlidir. Əlavə olaraq internetin olması arzuolunandır. Lakin internet olmadığı hallarda belə, lazımi proqram və materiallar əvvəlcədən planşetlərə və elektron lövhələrə yüklənə bilər. Şagird planşet vasitəsilə dərsliyini istənilən yerdə - evdə, ictimai nəqliyyatda və ya digər mühitdə rahat şəkildə oxuya bilər. Bu, bir çox xarici ölkələrdə artıq tətbiq olunan bir modeldir. Məsələn, inkişaf etmiş ölkələrdə şagirdlərin dərsə gedərkən planşet və ya digər elektron qurğular vasitəsilə materialları oxuduğunu müşahidə edirik. Bu təcrübənin ölkəmizdə də tətbiqi mümkündür".
Müsahibimizin fikrincə, birdəfəlik investisiya qoymaqla uzunmüddətli nəticə əldə etmək olar.
"Planşetlər şagirdlərə təhvil verilər, təhsil müddəti başa çatdıqdan sonra geri alınaraq növbəti şagirdlərə təqdim olunar. Əgər cihaz zədələnər və ya itərsə, bunun məsuliyyəti valideyn tərəfindən qarşılanar. Bu da həm valideynlərin, həm də şagirdlərin cihazdan düzgün istifadə etməsinə stimul yaradar. Bu sistemin tətbiqi tapşırıqların elektron lövhə vasitəsilə təqdim olunmasını, əyani vəsaitlərin rəqəmsal formada istifadəsini də asanlaşdırar. Bu istiqamətdə xüsusilə metodkabinetlər fəal işləməlidir. Fənn metodbirləşmələri tədris planlarını, metodik materialları və yenilikləri elektron formata salmalı, hər fənn üzrə rəqəmsal resursların hazırlanmasını təmin etməlidir. Burada məktəb rəhbərliyi, metodkabinet əməkdaşları və aidiyyəti qurumların üzərinə ciddi məsuliyyət düşür. Tədris proqramlarında baş verən dəyişikliklər operativ şəkildə müəllimlərə çatdırılmalıdır.
Düzgün planlaşdırma aparılarsa, bu keçid rahat şəkildə həyata keçirilə bilər. Nəticədə valideynlər, şagirdlər və müəllimlər üçün daha əlverişli və çevik təhsil mühiti formalaşar. Hesab edirəm ki, artıq bu sistemə keçid qaçılmazdır. Xüsusilə süni intellekt və ümumi rəqəmsallaşma dövründə təhsil prosesinin də elektron müstəviyə daşınması gələcək perspektiv baxımından daha məqsədəuyğundur və təhsilin inkişafına mühüm töhfə verə bilər", - deyə Ramin Nurəliyev yekunlaşdırdı.
Xədicə BAXIŞLI