NATO ilə Rusiya arasında münaqişə riskinin artması...
Müəlliflər: Samuel Çarap, Hiski Haukkala
Foreign Affairs nəşri
Son dörd ildə Vaşinqtonda və Avropa paytaxtlarında siyasətçiləri bir sual məşğul edib: Rusiyanın Ukraynaya genişmiqyaslı hücumuna necə cavab vermək olar. Bu diqqət başadüşüləndir. Rusiyanın qonşusuna hücumu ABŞ və Sovet tanklarının 60 ildən çox əvvəl Berlində üz-üzə dayandığı dövrdən bəri Avropa təhlükəsizliyinə ən böyük təhdiddir. Nəticədə NATO müttəfiqləri Ukraynanın müharibəni uduzub çökməməsi üçün yüz milyardlarla dollar həcmində hərbi, iqtisadi və humanitar yardım göstəriblər. Avropalılar qaçqın axınlarını qəbul edib, amerikalılarla birlikdə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediblər. ABŞ Prezidenti Donald Trampın təzyiqi altında alyans üzrə liderlər döyüşləri dayandırmaq üçün bir sıra sammitlər keçiriblər.
Lakin münaqişənin nizamlanması, necə olmasından asılı olmayaraq, onun azad etdiyi qüvvələri dayandırmayacaq. Əksinə, atəşkəs daha təhlükəli bir dövrün başlanğıcı ola bilər. Toplar susduqdan sonra da Rusiya və Ukrayna gərgin qarşıdurma vəziyyətində qalacaq. Moskva yenidən silahlanacaq və ehtimal ki, qitə boyunca sabitliyi pozan fəaliyyətini gücləndirəcək. Avropa müdafiə xərclərini artırmağa davam edəcək, vaxtilə can atdığı Rusiya ilə inteqrasiyadan imtina edəcək və daha sərt mövqe tutacaq. ABŞ bu qarşıdurmadan uzaqlaşmağa çalışa bilər, lakin Avropadakı iqtisadi və siyasi maraqları tam geri çəkilməni mümkünsüz edəcək. Başqa sözlə, NATO ilə Rusiya arasında az ünsiyyət və çox şübhə olacaq.
Bu, yeni uzunmüddətli sülh dövrü üçün resept deyil. Əksinə, Rusiya ilə Qərb dövlətləri arasında birbaşa münaqişə riski qəbuledilməz dərəcədə yüksək olaraq qalacaq. Uzun sürən etimadsızlıq, silahlanmanın davamı, minimal əlaqə kanalları, dağıdılmış təhlükəsizlik arxitekturası və Kremlin davamlı təxribatları şəraitində kiçik bir qığılcımın qitə miqyaslı yanğına çevrilə biləcəyi ssenarilər az olmayacaq. Transatlantik alyans zəifləsə və ya dağılsa, müharibə ehtimalı daha da arta bilər.
ABŞ və Avropadakı siyasətçilər buna yol verməməlidirlər. Mövcud müharibəni bitirməyə çalışarkən, növbəti müharibənin qarşısını almaq üçün indidən işləməyə başlamalıdırlar. NATO qəbul etməlidir ki, 2022-ci ildən əvvəlki sülhə qayıdış olmayacaq və Kreml ilə münasibətləri idarə etməyin yeni yollarını hazırlamalıdır. Əks halda amerikalılar və avropalılar qitənin yenidən əsas döyüş meydanına çevriləcəyi üçüncü qlobal müharibəyə sürüklənə bilərlər.
Dönüşü olmayan yol
Soyuq müharibədən sonrakı dövrün böyük hissəsində Rusiya ilə Qərb dövlətləri arasında işgüzar münasibətlər mövcud idi. Qarşıdurma başa çatdıqdan sonra tərəflər qarşılıqlı anlaşmanı gücləndirmək və münaqişənin qarşısını almaq üçün institutlar, diplomatik forumlar və mübadilə proqramları şəbəkəsi yaratdılar. Konsensus əsasında fəaliyyət göstərən və inklüziv Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı quruldu. NATO ilə Rusiya arasında müxtəlif qarşılıqlı fəaliyyət mexanizmləri yaradıldı. Silahlara nəzarət və hərbi sahədə etimadın möhkəmləndirilməsi üzrə sazişlər həyata keçirildi.
Bu sistem heç vaxt mükəmməl olmayıb və Rusiya 2014-cü ildə Krımı ilhaq edib Ukraynanın şərqinə daxil olduqda az qala dağılmışdı. Lakin ümumilikdə soyuq müharibə tipli qarşıdurmaya dönüşün qarşısını almışdı. Avropa İttifaqı ilə Rusiya iqtisadi cəhətdən daha çox qarşılıqlı asılı hala gəlmişdi. Milyonlarla insan hər il Avropa ilə Rusiya arasında səfər edirdi. Lakin 24 fevral 2022-ci ildə rus tankları Kiyevə doğru hərəkət edəndə bu sistem dağıldı.
Rusiya NATO Şurası dayandırıldı və sonra ləğv edildi. Moskva Avropa Şurasından çıxdı. Ticarət kəskin azaldı. Qərb rəsmiləri ilə rus həmkarları arasında təmaslar minimuma endi. Quru sərhədləri bağlandı və ya məhdudlaşdırıldı. Birbaşa uçuşlar demək olar ki, dayandırıldı.

Müharibədən sonra nə köhnə Rusiya, nə də əvvəlki Avropa qayıdacaq. Rusiya daha aqressiv və incik olacaq, yenidən silahlanacaq və NATO-nun şərq cinahı boyunca qüvvələrini artıracaq. Avropa isə sürətlə remilitarizasiya prosesinə girib, müdafiə xərclərini artırır və sərt xətt tutur. Tərəflər arasında anlaşma kanalları zəifdir və qarşılıqlı niyyətlər düşməncəsinə yozulur.
Son həddin qırağında
Avropada və Rusiyada siyasətçilər müharibə riskindən açıq danışırlar. Lakin ən real ssenari planlı hücumdan çox, yanlış hesablamalardır. “Boz zona” əməliyyatları, kiberhücumlar, hava məkanının pozulması və ya hərbi təlimlərin səhv yozulması sürətli eskalasiyaya səbəb ola bilər. Baltikyanı ölkələrdə və ya Belarusda böhran qığılcım rolunu oynaya bilər.
Belarus xüsusi risk zonasıdır. Moskva oradakı rejimi qorumaq üçün müdaxilə edə bilər. NATO isə öz növbəsində qüvvələrini səfərbər edə bilər. Bir səhv addım genişmiqyaslı müharibəyə gətirib çıxara bilər.
Çəkindirmə yolu
Ukrayna müharibəsi bitdikdən sonra müdafiə xərclərini azaltmaq və Moskva ilə sürətli yaxınlaşmaya getmək strateji səhv olardı. NATO üçün əsas prioritet çəkindirməni gücləndirməkdir. Transatlantik birliyin qorunması həlledicidir. ABŞ-nin Avropadan uzaqlaşması qitəni daha həssas edər.
Avropa ölkələri müdafiə planlarını dəqiq hədəflərlə qurmalı, balansı pozmadan çəkindirməni gücləndirməlidir.
Buzu əritmək gərəyi
Təkcə çəkindirmə kifayət deyil. Risklərin azaldılması üçün yeni dialoq mexanizmləri lazımdır. Soyuq müharibənin son dövrlərindəki “qaynar xətt” və insidentlərin qarşısının alınması sazişləri kimi mexanizmlər yenidən qurula bilər. Müharibədən sonrakı dövrdə nəzarətli və məhdud iqtisadi əlaqələr də qarşılıqlı anlaşılmazlıqları azalda bilər.
NATO həmçinin Ukrayna ilə mümkün sülh sazişinin konkret və icraolunan olmasına çalışmalıdır. Demilitarizasiya zonaları, monitorinq mexanizmləri və üçüncü tərəf nəzarəti kimi mexanizmlər vacibdir.
Danımaq zərurəti
Artıq NATO ilə Rusiya arasında münasibətlər əməkdaşlıq deyil, düşmənçilik üzərində qurulub. Lakin birbaşa toqquşmanın qarşısını almaq üçün dialoq kanalları açıq saxlanmalıdır. Güclü rəqiblər danışmalıdır. Xüsusilə də potensial münaqişə nüvə dövlətləri arasında ekzistensial xarakter daşıyırsa.
Vaşinqton və Avropa paytaxtları Ukraynada müharibəni bitirməyə çalışmalı və Kiyevi uzunmüddətli dəstəkləməlidir. Eyni zamanda müharibədən sonrakı dövrdə Rusiya ilə son dərəcə təhlükəli və qeyri-sabit olacaq münasibətləri idarə etməyin yollarını indidən düşünməlidirlər.
Tərcümə Poliqon-a aidir
Poliqon.info