Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Nyukasl, 24 fevral, AZƏRTAC
Hazırda İngiltərənin Nyukasl şəhərində, “Sent Ceyms Park” stadionunun qarşısındayam. Bu şəhərə ilk dəfədir ki, yolum düşür. İllərdir dostlarım Nyukaslı tərifləyir, mütləq görməli olduğumu deyirdilər. Mən də həmişə bura gəlməyi arzulamışdım. Londondan təxminən üç saatlıq qatar yolundan sonra şəhərə çatdım.
Ancaq ilk təəssüratım bir qədər fərqli oldu. Şəhər mənə soyuq və bir az da susqun göründü. Küçələrdə, Tayn çayının sahilində, insanların daha çox toplaşa biləcəyi mərkəzi nöqtələrdə gəzdim. Bəlkə də oyuna hələ 5-6 saat qaldığı üçün şəhərdə xüsusi canlanma hiss olunmur.
Bu gün “Qarabağ” klubu “Nyukasl”ın qonağı olacaq. Oyun Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq. Vaxta hələ var.
Gözlərim azərbaycanlı azarkeşləri axtarır. Bir ay əvvəl Liverpulda keçirilən oyunda tam fərqli mənzərə ilə qarşılaşmışdım. Səhər saatlarından etibarən küçələrə axışan azarkeşlər, gözlərində həyəcan, ürəklərində ümid… “Qarabağ”a dəstək üçün min kilometrlərlə yol qət etmiş insanları görmək qürurverici idi. Həmin oyunda nəticə istədiyimiz kimi olmasa da, oyun öncəsi Liverpuldakı o ab-hava unudulmaz idi.
Bu gün isə Nyukasl küçələrində hələlik azərbaycanlılara rast gəlmirəm. Qulağım tanış səsi, doğma dili axtarır. Mərkəzi küçələrdə, stadion ətrafında əsasən yerli sakinlər görünür. Bəlkə də bu səbəbdən şəhər mənə bir qədər soyuq təsir bağışlayır.
Amma bilirəm ki, oyuna az qalmış azarkeşlər stadionun ətrafında toplaşacaq, komandamıza dəstək olacaqlar. Hər kəsin ürəyində bir narahatlıq, bir tərəddüd var. Bakıdakı 1:6 hesablı məğlubiyyətdən sonra möcüzə gözləmək çətindir. Ancaq futbol bir çox hallarda məhz ümid üzərində yaşayır. Ümid isə sonda ölür.
Reallıq budur ki, bu səviyyədə komandalarla qarşılaşmaq Azərbaycan futbolu üçün böyük təcrübə və nəticədir. Hətta Azərbaycan futbolu tarixində bir ilkdir. Nyukasl kimi bir şəhərdə, belə bir stadionda oynamaq özü-özlüyündə irəliləyişdir.
Bir jurnalist və eyni zamanda “Qarabağ” azarkeşi kimi burada olmaqdan qürur duyuram. Bəlkə Nyukasldakı azərbaycanlı azarkeşlərin gözləri bir qədər yaşlı, ürəkləri bir qədər qırıqdır. Amma ümid hələ də yaşayır. Bir gün bizim futbolumuz da daha böyük uğurlara imza atacaq, qürurla danışacağımız daha böyük qələbələr qazanacaq.
O vaxta qədər isə həm “Qarabağ”a, həm də Azərbaycanı beynəlxalq arenada təmsil edən bütün komandalarımıza və idmançılarımıza dəstək olmağa davam edəcəyik.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyukasl
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.