AZ

Azərbaycan sülh təşəbbüslərində fəal mövqeyi ilə beynəlxalq nüfuzunu möhkəmləndirir – ŞƏRH

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Uzun illər ərzində icra olunmayan və ölkəmizin suverenliyini təsdiqləyən Birləşmiş Millətlər Təşkilatının qətnamələri hüquqi baza rolunu oynadı. Beynəlxalq mexanizmlərin faktiki nəticə vermədiyi bir şəraitdə Azərbaycan BMT Nizamnaməsinin özünümüdafiə hüququnu nəzərdə tutan müddəalarına uyğun şəkildə hərəkət edərək işğala son qoydu.

Bunu AZƏRTAC-a açıqlamasında Türk-İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlu bildirib.

Onun sözlərinə görə, müharibə dövründə Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn tələblərinə riayət etdi, mülki əhalinin qorunması prinsipini əsas götürdü.

“Ermənistan tərəfinin isə əvvəlki illərdə və müharibə zamanı dinc yaşayış məntəqələrini hədəfə alması, terror xarakterli hücumlara əl atması beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilir. Buna baxmayaraq, Azərbaycan hərbi əməliyyatları legitim hədəflərlə məhdudlaşdıraraq humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Postmüharibə mərhələsində isə rəsmi Bakı regionda sülh gündəliyinin əsas təşəbbüskarı kimi çıxış etdi. Azərbaycan normallaşma prosesinin başlanması, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması və sülh müqaviləsinin imzalanması istiqamətində konkret təkliflərlə çıxış edərək Cənubi Qafqazda davamlı təhlükəsizlik mühitinin formalaşmasına töhfə verir. Bu yanaşma Azərbaycanın yalnız hərbi-siyasi deyil, eyni zamanda diplomatik və konstruktiv aktor kimi mövqeyini gücləndirir”, - deyə Telman Nüsrətoğlu vurğulayıb.

Mərkəz sədri əlavə edib ki, qlobal miqyasda artan geosiyasi gərginlik, beynəlxalq münasibətlər sistemində balansın dəyişməsi və yeni dünya nizamına ehtiyac sülh təşəbbüslərini aktuallaşdırır. Xüsusilə Yaxın Şərqdə, o cümlədən Qəzza və İsrail-Fələstin münaqişəsi kontekstində yeni platformaların yaradılması təşəbbüsləri diqqət mərkəzindədir: “Bu baxımdan mümkün Sülh Şurası formatları yalnız regional deyil, beynəlxalq təhlükəsizlik arxitekturasının yenilənməsi baxımından da əhəmiyyət kəsb edə bilər”.

Telman Nüsrətoğlunun fikrincə, mövcud şəraitdə Birləşmiş Millətlər Təşkilatı sistemində, xüsusilə Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti daha qabarıq şəkildə ortaya çıxır. Qlobal güc balansındakı dəyişikliklərin beynəlxalq institutlarda da əks olunması çağırışları güclənir. Yeni sülh platformaları bu baxımdan beynəlxalq münasibətlər sisteminin təkmilləşdirilməsinə təkan verə bilər.

“Azərbaycanın belə təşəbbüslərdə iştirakı ölkənin balanslaşdırılmış və çoxtərəfli xarici siyasət kursuna tam uyğundur. Rəsmi Bakı həm Qərb, həm Şərq, həm də İslam dünyası ilə qarşılıqlı hörmət və milli maraqlara əsaslanan əməkdaşlıq modeli formalaşdırıb. ABŞ-la strateji əməkdaşlıq, Çinlə iqtisadi tərəfdaşlıq, eyni zamanda regional platformalarda fəal iştirak Azərbaycanın çevik diplomatiya xəttini nümayiş etdirir. Türk dünyası kontekstində də koordinasiyalı fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, eləcə də, Türkiyə ilə strateji müttəfiqlik Azərbaycanın regional təşəbbüslərdə mövqeyini daha da gücləndirir. Ortaq siyasi baxış və qarşılıqlı dəstək mexanizmləri yeni təşəbbüslərdə sinxron fəaliyyət imkanlarını artırır”, - deyə mərkəz sədri vurğulayıb.

Seçilən
14
1
azertag.az

2Mənbələr