AZ

Ömrünüz su kimi aydın olsun: Ordubadın Bist kəndində ilk çərşənbə sevinci REPORTAJ VİDEO

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Naxçıvan, 24 fevral, N.Əsgərov, AZƏRTAC

Xalqımız çoxəsrlik milli-mənəvi dəyərləri və adət-ənənələri özündə yaşadan Novruz bayramını hər il böyük sevinc və səbirsizliklə gözləyir. İnsanlar Novruzdan əvvəlki dörd həftənin çərşənbə günlərini də bayram kimi qeyd edirlər. El arasındakı inanclara görə, bu çərşənbələr Su, Od, Yel və Torpaq adlandırılır. Bu gün isə Novruzun ilk müjdəçisi olan “Su çərşənbəsi”dir.

AZƏRTAC-ın bölgə müxbiri fevralın 24-də - Su çərşənbəsi günü Ordubad rayonunun Bist kəndində Səfərovlar ailəsinin qonağı olub. Onun bu yaşayış məntəqəsində milli adət-ənənələrə uyğun keçirilən Su çərşənbəsindən hazırladığı reportaj təqdim edirik.

Su çərşənbəsi günü dan yeri söküləndə Ordubadın ucqar dağ kəndi olan Bistə çatırıq. Günəş dağların arxasından boylanaraq al-qırmızı şəfəqlərini ətrafa yayır. Havada yazın mülayim ətri duyulsa da, sıldırım qayalarda və dərələrdə qalan qar topaları qışın hələ tam geri çəkilmədiyindən xəbər verir. Sübh çağından etibarən Bistin gənc qızları niyyət edərək, əllərində su səhəngləri ilə bulaq başına üz tuturlar. Həyət-bacalarda təmizlik işləri görülür, evlərdə bayram tədarükü başlayır. Xanımlar Novruzun rəmzi sayılan səməniləri hazırlayır, şəkərbura və paxlava bişirirlər. Dolanbac küçələrdən isə gizlənqaç və qaçdı-tutdu oynayan uşaqların şən sədaları yüksəlir.

Qonağı olduğumuz Səfərovlar ailəsi çərşənbəni qədim adət-ənənələrimizə uyğun qeyd edir. Evin xanımı Nəzakət Qasımova bildirir ki, Novruz öncəsi qeyd olunan dörd çərşənbənin ilkindən başlayaraq evlərdə geniş abadlıq işləri aparılır - həyət-baca yığışdırılır, yorğan-döşəklər havalandırılır, palazlar çırpılır, pəncərələr silinir. Bir sözlə, qışdan qalan bütün toz-torpaq bu müddət ərzində təmizlənir.

Nəzakət xanım vurğulayır ki, qədimdən günümüzədək gəlib çatan adətlərə görə, məhz Su çərşənbəsindən başlayaraq gənc qızlara elçi düşülər, razılıq alınar və nişan mərasimləri keçirilər. İlk çərşənbədə səməni cücərdilir ki, bayrama qədər boy atıb Novruz süfrəsinin bəzəyinə çevrilsin. Bayramdan 13 gün sonra isə niyyət tutularaq səməni axar suya buraxılır. İnanclara görə, səməni suyun üzündə batmadan qalarsa, həmin il ruzi-bərəkətli, sağlam və uğurlu keçər.

“Uşaqlar çərşənbə axşamları qapılara papaq atar, bayram payı yığarlar. Evlərdə şəkərbura, paxlava bişirilər, yumurtalar boyanar və süfrələr naz-nemətlə bəzənər. Bütün bunlar xalqımızın birlik, sevinc və paylaşma ənənəsini yaşadır”, - deyən Nəzakət Qasımova fikirlərini Su çərşənbəsinə aid bayatı ilə tamamlayır:

“Su gələr, axar, duymaz,

Dağ-daşı yaxar, duymaz.

Gözlərim yar gözünə

Ölüncə baxar, duymaz.

Suyumuz Kürdən gələr,

Arazdan, Kürdən gələr.

Elə sovqat müjdəsi

Gələndə birdən gələr”.

Səfərovlar ailəsinin əziz qonağı Cəmilə Əliquliyeva deyir ki, Novruz həm də birlik və bərabərlik rəmzidir. Bu günlərdə qonşular, qohumlar bir yerə yığışar, təndirdə qozlu çöçələr, şorqoğalı, şəkərbura və paxlava bişirirlər. O, məhz Nəzakət xanımla birgə Su çərşənbəsini qeyd etmək, bayram nemətlərini hazırlamaq üçün bu ocağa qonaq gəlib. Cəmilə xanım bildirir ki, elimizin adətinə görə, bayram günlərində hər evdə hazırlanan nemətlərdən pay ayrılaraq ehtiyacı olanlara və qonşulara paylanar. “Papaqatdıya” çıxan uşaqların torbalarına şirniyyatlar qoyular. Bu gözəl adətlər xalqımızın paylaşma mədəniyyətini nəsildən-nəslə ötürür.

Cəmilə xanımın sözlərinə görə, inanclara əsasən, Su çərşənbəsində su oyanar, isinər, ona sanki can gələr. Su saflıq, təmizlik və müqəddəslik rəmzidir. Su olan yerdə ruzi-bərəkət, bolluq olar. Elə buna görə də xalqımız yüz illərdir Su çərşənbəsini böyük sevinc və ehtiramla qarşılayır. İnsanlar bu gün su başına gedir, bir-birinə xoş arzular çatdırır və bayatılar deyirlər. Səhər tezdən axar suyun üzərindən atlananlar isə belə söyləyərlər:

Su üstündən atıldım

Dərdimi suya qatdım.

Bu “Su çərşənbəsi” gəldi

Dərd-sərimi unutdum.

Su başında gül açar

Qəlbimə nur yol açar.

Bu “Su çərşənbəsi” günü

Bütün köhnə dərdlər qaçar.

“Xalq arasında belə bir inam var ki, Su çərşənbəsində suyun üzərindən atlanan insanın dərd-səri suya tökülərək axıb gedər. Su başında edilən niyyət qəbul olar. Bu, bizim qədim inancımızdır və biz bu ənənəni yaşatmağı özümüzə mənəvi borc sayırıq”, - deyə Cəmilə xanım əlavə edir.

Su həyatın təməli, yaradılışın açarıdır. Məhz elə buna görədir ki, ulu babalarımız suyu müqəddəs həyat mənbəyi, paklıq və bərəkət rəmzi sayaraq ona böyük ehtiramla yanaşıb, mənəvi dəyərlərin bir parçasına çeviriblər. Novruzu müjdələyən ilk çərşənbənin də məhz “Su” adlanması bu baxımdan təsadüfi deyil.

Ömrünüz su kim aydın, ruziniz bərəkətli olsun. Su çərşənbəniz mübarək!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
azertag.az

1Mənbələr