AZ

“Soyuducu ustası ali təhsilli şəxsdən çox qazanır” – Fazil Mustafa

Universitet məzunlarının əksəriyyətinin öz sahəsi üzrə işləməməsi dəfələrlə müzakirə edilən mövzudur. Reallıq odur ki, onların böyük bir qismi iş tapmaqda çətinlik çəkir. Buna görə də təhsil aldıqları ixtisaslardan tamamilə kənar sahələrdə işləməyə başlayırlar. Bu hal statistik göstəricilərlə də təsdiq olunub.

Məsələn, Dövlət Məşğulluq Agentliyinin açıqladığı 2018–2023-cü illərdə Azərbaycanda universitet məzunlarını ən çox işə götürən 10 qurum arasında ilk yerdə supermarketlər dayanır. Belə ki universitet məzunlarının böyük hissəsi supermarketlərdə işləməyə başlayıblar.

Bəs buna səbəb nədir?

Bizim.Media mövzuyla bağlı deputat Fazil Mustafanın fikirlərini öyrənib. O, məsələylə bağlı ilk olaraq dövlət qulluğu imtahanı mövzusuna toxunub:

“Dövlət qulluğunda ayrıca müsahibə və müsabiqə mərhələləri var və bu mərhələlərdən keçənlər hələ ehtiyyat kadr siyahısına daxil edilirlər. Sonra isə bəzən ümumiyyətlə çağırılmırlar. Buna görə də əmək bazarında harada iş varsa, insanlar oraya yönəlirlər”.

Fazil Mustafa nəzərə çatdırıb ki, işçilərin savadlı olması, xüsusilə supermarketlərə sərf edir. 

“Çünki qiymətləri, müştəri ilə davranış qabiliyyətini bilən işçi nə qədər olarsa, xidmət və qazanc baxımından faydalı olur”.

“Usta ali təhsilli şəxsdən daha çox qazanır...”

Deputatın sözlərinə görə usta ali təhsilli şəxsdən daha çox qazanır:

“Sosiologiyanı, ədəbiyyatı, bəzi humanitar ixtisasları bitirmiş şəxs hansısa ixtisas üzrə çalışma imkanına sahib olmur. Bu gün bir bərbər və soyuducu ustası ali təhsilli şəxsdən daha çox gəlir qazanır. Çünki bazarda tələbat buna yönəlib”. 

Bəs bu məsələdə təhsil sisteminin rolu necədir?

“Diplom alan, ancaq çox da dərin bilik əldə etməyən insanlar əmək bazarında ən asan tapılan elanlara üz tuturlar. Ancaq bu iş yerləri keçicidir, bir çox hallarda əməkhaqqı, növbə rejimi qane etmir. Buna görə də əmək bazarının doğru tənzimlənməsi üçün təhsilin də diferensiallaşmasına ehtiyac var, elə olmalıdır ki, bazara uyğun mütəxəssislər yetişsin”, - deyə deputat qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
2
1
bizim.media

2Mənbələr