2026-cı ilin fevral ayının ortalarınadək Moskvada C1 kateqoriyalı yumurtaların topdansatış qiyməti 80 faizdən çox yüksəlib.
Fevralın 15-nə olan məlumata əsasən, yumurtanın topdansatış qiyməti bir ay ərzində 83,3 faiz, illik müqayisədə isə 89,7 faiz artıb. Əsas ərzaq məhsullarından birinin bahalaşması, yaxınlaşan Pasxa ilə əlaqələndirilir.
Nəticədə fevralın ortalarında Moskvada on ədəd yumurtanın qiyməti 110 rubla (2.43 AZN) çatıb. Bundan əlavə, ötən il bazarda həddindən artıq istehsal qeydə alındıqdan sonra sahə üzrə şirkətlər toyuq sayını azaltmağa başlayıb.
Bu isə məhsul buraxılışının azalmasına səbəb olub. Rusiyanın yumurta bazarında baş verən qiymət artımı Azərbaycanda yumurta qiymətlərinə də təsir edəcəkmi?
Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, Rusiyada yumurta qiymətlərinin artması ilə bağlı tələbat artır:

“Onalr bizədn yumurta istəyirlər, biz də daxili bazarı çətinliklə təmin etdiyimizə görə ixracı dayandırmışıq. Düşünürəm ki, qiymət artımı olmayacaq. Buna baxmayaraq, bayramqabağı çatışmazlıq da gözlənilə bilər”.
Həmsöhbətimiz bunun səbəblərindən danışıb:
“İstehsal sahələrinə bioloji fasilə verə bilmirik. Bununla bağlı dəfələrlə hökumətdən kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişməsini xahiş etsək də, hələ nəticə əldə etməmişik.
Səbəb də odur ki, biz bioloji fasilə verməyimiz üçün digər sahələr inşa etməli, yaxud Sovet dövründən qalan fabriklərdə yenilənmə aparmalıyıq. Yeni innovasiya tətbiq etməliyik. Həmin fermalar innovasiyaya uyğun deyil. Buna görə də söküb yenisini tikməliyik”.
Sədrin sözlərinə görə, hazırda ölkədəki ana toyuqların, yumutlayan sürünün vəziyyəti onu göstərir ki, 1 milyon toyuqdan 920 min yumurta ala biləcəkləri halda, hazırda 720-800 min yumurta alınır:
“Bu da yumurta istehsalının azaldığını göstərir. Bunun da ən əsas səbəbləri fabriklərin bioloji fasilə verə bilməməsi və 700 günlük quşların yanına bir günlük quşların köçürülməsidir. Bu tarazılığın pozulması hazırda çatışmazlıqlar yaradır.
Ehtimal olunur ki, gələcəkdə problem ola bilər. Bununla bağlı zamanında qərar vermək lazım idi ki, bioloji fasilə vermək üçün biz yeni alternativ fermalar, yumurta qoyma sexləri tikə bilək. Ölkədə quş qripi müşahidə edilsə, əgər yumurta tapılarsa, 2,50 manat olacaq.
Doğrudur, bayramdan sonra yumurtanın ucuzlaşması təbiidir. Həm kənd toyuqlarının yumurta istehsalı artır ki, bunun müəyyən mənada təsiri olacaq. Həm də yeni sürülər də yumurta istehsal edəcək”.