AZ

Onlayn alış-veriş edənlərin nəzərinə - Mühüm dəyişiklik edildi

Xəbər verdiyimiz kimi, elektron ticarəti həyata keçirən qeyri-rezident şəxslərin ƏDV məqsədləri üçün vergi uçotuna alınması mexanizmi təkmilləşdiriləcək.

Bu dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, internet vasitəsilə elektron ticarət həyata keçirən və alıcısı Azərbaycanda olan iş və xidmətlərdən təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentindən artıq dövriyyə əldə edən qeyri-rezidentlər 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Bu məbləğdən aşağı dövriyyəsi olan qeyri-rezidentlərin uçota alınması könüllüdür.

Məlumdur ki, Azərbaycanda onlayn ticarətə maraq böyükdür. Vətəndaşlar xüsusilə xarici onlayn alış-veriş platformalarına üstünlük verirlər. Bu sıraya "Trendyol", "Temu", "AliExpress", "Alibaba" və digərləri daxildir.

Yeni dəyişiklik onlayn alış-verişə necə təsir edəcək?

Yeni dəyişikliyin hədəfləri barədə Day.Az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki,  Azərbaycanda müştərilərə xidmət göstərən və ya rəqəmsal məhsul satan xarici platformalar var.

"Yəni, bu platformalar və ya şirkətlər ölkəmizdə də vergi ödəyicisi kimi qeydiyyata alınmalıdır. Çünki bu xidmətlər vasitəsilə faktiki olaraq ölkədən vəsait çıxır. İndiyə qədər bəzi hallarda xarici rəqəmsal xidmətlər - məsələn, müəyyən proqram təminatları, onlayn xidmətlər və s. - yerli şirkətlər kimi vergiyə tam şəkildə cəlb olunmurdu. Lakin hazırda söhbət gedən dəyişiklik ondan ibarətdir ki, Azərbaycanda alıcısı olan bu xidmətləri təqdim edən xarici şirkətlərin illik dövriyyəsi 10 min ABŞ dollarından yuxarı olarsa, onlar 32 faiz dərəcə ilə vergi uçotuna durmalı və ƏDV ödəyicisi kimi qeydiyyata alınmalıdırlar."

İqtisadçı bildirib ki, nəticə etibarilə, bu dəyişiklik rəqəmsal iqtisadiyyatda vergi bərabərliyi yaradır.

"Çünki yerli şirkətlər onsuz da bu sahədə əldə etdikləri gəlirlərə görə vergiyə cəlb olunurlar. Bununla yanaşı, istisnalar da mövcuddur. Qanunda xüsusi olaraq qeyd olunur ki, bəzi xidmətlərə bu mexanizm tətbiq edilmir. Məsələn, hüquq və məsləhət xidmətləri, mühasibat və maliyyə xidmətləri, dizayn və mühəndis xidmətləri, onlayn təlimlər (o cümlədən dərslər), eləcə də müəyyən tədbirlər üçün satılan biletlər və həmin biletlərin satışından əldə olunan gəlirlər bu qaydaya daxil edilmir. Lakin digər rəqəmsal platformalar və elektron xidmətlər sözügedən dəyişikliyin tətbiq olunduğu sahələrə aid ediləcək."

Eldəniz Əmirov dəyişlikliyin şirkətlərin fəaliyyətinə təsiri məsələsinə də toxunub.

"Bu dəyişiklik xarici platformalar üçün vergi öhdəliyi yaradacaq. Onlar hesabat verməli və ƏDV ödəməli olacaqlar. Bu, onların xərclərini müəyyən qədər artıra bilər. Lakin yerli şirkətlər üçün bu dəyişiklik müsbət təsir göstərəcək. Çünki xarici şirkətlərlə rəqabət şəraitində fəaliyyət mühiti daha bərabər olacaq və nəticədə ədalətli rəqabət mühiti formalaşacaq. Bu baxımdan, hesab edirəm ki, bu dəyişiklik dəstəklənməlidir və müsbət xarakter daşıyır."

Ekspert qiymətlərdə müəyyən bahalaşmanın olacağını qeyd edib.

"Qiymət artımı ilə bağlı məsələyə gəldikdə, bəzi xidmətlərdə müəyyən qədər bahalaşma mümkündür. Ancaq bunun ciddi və genişmiqyaslı qiymət artımına səbəb olacağını düşünmürəm. Çünki ƏDV adətən son istifadəçiyə ötürülür. Yəni, xidməti göstərən və ya məhsulu satan tərəf ödədiyi əlavə dəyər vergisini xidmətin və ya məhsulun qiymətinə əlavə edərək istehlakçıya təqdim edir. Hazırda rəqəmsal bazarda rəqabət yüksəkdir. Buna görə də bu amilin ciddi qiymət artımına səbəb olacağı ehtimalı azdır. Düşünürəm ki, istehlakçı bunu böyük ölçüdə hiss etməyəcək."

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
3
1
day.az

2Mənbələr