AZ

Tarixin yaddaşımıza həkk etdiyi silinməz iz

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan xalqının yaddaşında dərin və sağalmaz yara kimi qalan faciələrdən biri 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımıdır. Bu qanlı hadisə təkcə bir şəhərin deyil, bütöv bir xalqın taleyinə yazılmış ağrı, kədər və eyni zamanda mübarizə əzminin simvoluna çevrilib”.

Bunu Hafta.az-a Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı danışan Nizami rayon icra hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

Tarixə nəzər yetirən K.İsmayılova qeyd edib ki, Xocalının Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qaldığı, dinc əhalinin amansızcasına qətlə yetirildiyi, yüzlərlə insanın itkin düşdüyü, ailələrin dağıldığı, uşaqların valideynsiz qaldığı 1992-ci ilin 25-dən 26-na keçən o qanlı fevral gecəsi daim xatırlanacaq, unudulmayacaq. O, qeyd edib ki, beynəlxalq hüquq normalarına zidd olaraq həyata keçirilən və tarixə XX əsrin ən ağır faciələrindən biri kimi düşən Xocalı faciəsi təkcə insan tələfatı ilə ölçülmür.

“Bu, həm də bir xalqın ləyaqətinə, kimliyinə və torpaqlarına qarşı yönəlmiş sistemli bir cinayət idi. Hər il fevral ayında Azərbaycan xalqı olaraq şəhidlərimizi ehtiramla yad edir, dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmağa çalışırıq. Uzun illər ərzində Xocalı və digər torpaqlarımız işğal altında qaldı. Lakin Azərbaycan xalqı heç vaxt torpaqlarının itirilməsi ilə barışmadı. 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi dönüş nöqtəsinə çevrildi. 44 günlük Vətən müharibəsi nəticəsində ordumuz bir sıra strateji əraziləri azad etdi və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm addım atıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu şanlı Zəfər qazandı. Bu qələbə təkcə hərbi nailiyyət deyil, həm də milli birliyin, xalq-ordu həmrəyliyinin təntənəsi oldu. İllər boyu qəlbimizdə yaşayan ədalət arzusu reallığa çevrildi. Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Doğma torpaqlarımıza həyat qayıdır, şəhər və kəndlər yenidən qurulur. Keçmişin ağrılarını unutmaq mümkün olmasa da, bu gün əldə olunan zəfər xalqımıza gələcəyə ümidlə baxmaq gücü verir.

Xocalı soyqırımı bizim üçün həm dərs, həm də and yeridir. Bu faciə göstərdi ki, müstəqil dövlətin güclü ordusu və milli birliyi onun ən böyük təminatıdır. Bugünkü zəfər isə sübut etdi ki, Azərbaycan xalqı heç vaxt ədalətsizliklə barışmır və tarixi yaddaşını unutmur”, - deyə K.İsmayılova bildirib.

Arzu Zeynallı

Seçilən
0
1
hafta.az

2Mənbələr