AZ

Donald Trampın özü üçün yaratdığı böhran: Ağ Ev İranla müharibə ehtimalını ölçüb-biçir...

ABŞ-nin hərbi güc nümayişi Tehrana təzyiq məqsədi daşıyırdı, lakin bu şou nəticə vermir...

Müəlliflər: Ebiqeyl Hausloxner və Ceyms Politi, Vaşinqton
The Financial Times nəşri

İranı razılaşmaya çağıran həftələrlə davam edən müraciətlərdən sonra Donald Tramp bazar ertəsi Fox News aparıcısı Mark Levinin danışıqların artıq mənasız olduğunu iddia etdiyi videosunu paylaşdı.

Bu fraqment ABŞ prezidentinin təhdidlərinin indiyədək İslam Respublikasından real güzəştlər gətirməməsi ilə bağlı artan narazılığını əks etdirirdi.

Eyni zamanda, bu paylaşım Trampın ikinci müddətində ən böyük xarici siyasət addımı barədə düşünərkən düşdüyü vəziyyəti də göstərirdi: İrana qarşı genişmiqyaslı hücum ehtimalı Tramp üçün problemə dönüşüb.

“Düşünürəm ki, reallıq ondan ibarətdir ki, prezident özünü küncə sıxışdırıb”, deyə Trampın düşdüyü vəziyyəti şərh edən Karnegi Beynəlxalq Sülh Fondunda Yaxın Şərq üzrə ekspert və ABŞ-nin regionla bağlı danışıqlarında iştirak etmiş keçmiş nümayəndə Aaron Devid Miller bildirib.

Millerin sözlərinə görə, Tramp iranlı etirazçılara dəstək vədi verməklə və Tehrana çata biləcək məsafədə geniş hərbi qüvvələr yerləşdirməklə manevr imkanlarını məhdudlaşdırıb.

Bundan əlavə, ABŞ-nin Venesuela lideri Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması əməliyyatının uğurlu nəticəsi Trampın İranla bağlı şanslarına həddindən artıq inamını artırıb.

“Əgər o, istəmədiyi müharibədən qaçmaq üçün iranlılardan ciddi güzəşt ala bilməsə, özünü müharibəyə girmək məcburiyyətində qoymuş olacaq. Bu, onun özünün yaratdığı böhrandır”, deyə Miller bildirib.

Dekabrda rejimin ölümcül repressiyalarına qarşı etiraz edən iranlıları “xilas etmək” vədi ilə başlayan proses zamanla təzyiq alətinə çevrildi, lakin buna baxmayaraq Trampın motivləri tam aydın deyil.

Vaşinqtondakı Defense Priorities analitik mərkəzinin politoloqu və Yaxın Şərq üzrə eksperti Rozmari Kellanikin sözlərinə görə, son iki ayda Tramp İrana zərbə üçün “əsaslandırmalar karuseli” təqdim edib.

Motivlər əvvəllər “məhv edildiyini” dediyi nüvə proqramının tam sökülməsindən tutmuş, ABŞ və İsrail rəsmilərinin artıq zəiflədiyini iddia etdikləri İranın dəstəklədiyi silahlı qrupların neytrallaşdırılmasına qədər dəyişib.

Digər əsas kimi İranın ballistik raketlərinə zərbə endirmək göstərilib, halbuki onların mənzili ABŞ ərazisinə çatmağa imkan vermir. Yanvarda isə Truth Social platformasında səsləndirilən əsaslandırma etirazçılara “KÖMƏK YOLDADIR” vədi olmuşdu.

“Məncə, ABŞ-nin ümumiyyətlə niyə bununla məşğul olduğu ilə bağlı ciddi suallar yaranır”, Kellanik bildirib.

Trampın ətrafındakı sərt mövqeli şəxslər, o cümlədən Levin açıq şəkildə bildirirlər ki, məqsəd rejim dəyişikliyi olmalıdır və Tehran “indiyədək olduğundan daha zəif” olduğu bir vaxtda ABŞ hərəkətə keçməlidir.

“Bunu növbəti nəslə buraxa bilmərik. Bu rejim aradan qaldırılmalıdır”, deyə Levin Fox News telekanalının proqramında deyib. Tramp həmin çıxışın videosunu paylaşmışdı.

Son həftələrdə prezident Yaxın Şərqdə İraq müharibəsindən bəri ən böyük ABŞ hərbi qüvvə cəmləşməsini həyata keçirib. Bazar ertəsi Şərqi Aralıq dənizində, Krit sahilləri yaxınlığında USS Gerald R. Ford aviadaşıyıcısının rəhbərlik etdiyi ikinci zərbə qrupu müşahidə olunub.

Hərbi güc nümayişinə və Trampın məhdud zərbələr də daxil olmaqla təkrar təhdidlərinə baxmayaraq, İran indiyədək heç bir razılaşmaya razılıq verməyib və bu, ABŞ rəsmilərində təəccüb doğurur.

“Tramp düşünür ki, bu qədər təzyiq və dəniz qüvvələri olduğu halda,  niyə onlar təslim olmurlar?”, deyə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Fox News-a bildirib.

Uitkoff həmçinin iddia edib ki, İran “ehtimal ki, bomba üçün sənaye materialı əldə etməyə bir həftə qalıb”, baxmayaraq ki, ekspertlər bu qiymətləndirməni bölüşmürlər.

Ağ Ev nümayəndəsinin sözlərinə görə, Tramp açıq şəkildə bildirib ki, İran nüvə silahına və ya onu yaratmaq imkanına malik ola bilməz və uranı zənginləşdirməməlidir.

“Prezident razılaşmanın danışıqlar yolu ilə əldə olunmasını istəyir, lakin o açıq deyib: ya razılaşma olacaq, ya da çox sərt addım atılacaq”.

Bununla belə, sürətli eskalasiyaya baxmayaraq, Tramp İrana qarşı yeni zərbələrin və ya genişmiqyaslı müharibənin daşıdığı risklərlə də üzləşir.

Regional ekspertlər və administrasiya nümayəndələri xəbərdarlıq ediblər ki, İran ABŞ hərbi obyektlərinə, müttəfiqlərə və regiondakı enerji infrastrukturuna cavab zərbələri endirə bilər.

Bazar ertəsi Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin İrana hücuma qarşı çıxması barədə xəbərləri təkzib edib.

“İranla mümkün müharibə barədə yazılanların hamısı qəsdən səhvdir. Qərarı mən verirəm. Razılaşma olmasını üstün tuturam, amma olmazsa, bu ölkə və onun xalqı üçün çox pis gün olacaq”, deyə Tramp Truth Social-da yazıb.

Müdafiə naziri Pit Heqset də İrana razılaşma çağırışı edib və bildirib ki, qərar Trampa məxsusdur.

“Bizim işimiz variantlar təqdim etməkdir. Bütün variantlar masadadır”, deyə Pentaqon rəhbəri vurğrulayıb.

FT-yə danışan İsrail kəşfiyyat mənbəsinin sözlərinə görə, USS Gerald R. Ford-un gözlənilən gəlişinə baxmayaraq, ABŞ-nin imkanları dörd-beş gün intensiv hava kampaniyası və ya təxminən bir həftə daha az intensiv zərbələrlə məhdudlaşa bilər.

Mümkün ABŞ itkiləri həm Maga hərəkatının tərəfdarları, həm də ümumilikdə seçicilər arasında daxili narazılıq yarada bilər. Merilend Universitetinin yeni sorğusuna görə, respublikaçıların 25 faizi mövcud şəraitdə İrana qarşı hərbi müdaxiləyə qarşıdır, 40 faizi isə dəstəkləyir. Demokratların böyük əksəriyyəti isə əleyhinədir.

“Bunu kim istəyir? Heç kim istəmir. Biz strategiya axtararaq yuxuda müharibəyə doğru gedirik”, deyə Miller qeyd edib.

Bununla belə, analitiklərin fikrincə, Tramp Venesueladakı uğurdan və Tehranın əvvəllər riskli hesab olunan addımlara təmkinli reaksiyasından ruhlanır. Bu addımlara 2018-ci ildə nüvə sazişindən çıxmaq, 2020-ci ildə Sepah komandanı Qasım Süleymaninin öldürülməsi və ötən il İranın nüvə obyektlərinin bombalanması daxildir.

Karnegi Fondunun eksperti Kərim Səccadpurun sözlərinə görə, Tramp hər dəfə risk edib və özünü haqlı hiss edib.

“Onun üçün regional müharibə barədə qaranlıq xəbərdarlıqlar şişirdilmiş, İran isə kağız pələng kimi görünüb. Mən düşünmürəm ki, onun ideal nəticəsi hərbi qarşıdurmadır, amma bu yolu seçərsə, şanslarını yüksək qiymətləndirir”, deyə Səccadpur qeyd edib.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr