AZ

Tərlan Əhmədov: “Neftçi”nin güclənməsi Azərbaycan futbolu üçün vacibdir

Bakı, 24 fevral, AZƏRTAC

Premyer Liqada çempionluq uğrunda mübarizə getdikcə daha gərgin xarakter alır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Tərlan Əhmədov Misli Premyer Liqasında komandaların hazırkı durumunu və çempionluq şanslarını dəyərləndirərkən deyib.

O bildirib ki, “Qarabağ” bu mövsüm əsas diqqətini daha çox Çempionlar Liqasına yönəldib: “Bu səbəbdən Premyer Liqada daha geniş rotasiyalardan istifadə olunub və bəzi oyunlarda xal itkiləri yaşanıb. Digər klublar da bundan maksimum yararlanmağa çalışırlar. Hazırkı vəziyyətdə “Sabah”la yanaşı, “Zirə” və “Turan Tovuz”un da çempionluq uğrunda müəyyən şansları var. Çünki “Qarabağ”ın əsas prioriteti avrokuboklardır. Klub artıq elə mərhələyə çatıb ki, daxili çempionatla yanaşı, beynəlxalq arenada da böyük uğurlar hədəfləyir. “Sabah” da bu vəziyyətdən istifadə etməyə çalışır. Xüsusilə yeni transferlərdən sonra komandanın hücum xəttində keyfiyyət artımı hiss olunur. “Qarabağ” hər zaman güclü hücum və orta xətti ilə seçilib. Bu mövsüm isə görünür ki, “Sabah” onlar üçün ciddi rəqibdir. Çempionluq uğrunda mübarizə daha maraqlı və gərgin xarakter alıb. Futbolda nəzəri baxımdan hər şey mümkündür. Beş-altı, hətta üç xallıq fərq belə aradan qalxa bilər. Amma düşünürəm ki, martın 1-dən sonra “Qarabağ” daha mübariz və baxımlı oyun nümayiş etdirəcək”.

Veteran futbolçu qeyd edib ki, Ağdam təmsilçisi artıq vəziyyətin ciddiyyətinin fərqindədir: “Komandanın oyun sistemi Qurban Qurbanovun rəhbərliyi altında 18 ilə yaxındır formalaşıb. Heyət uzun illərdir sabit saxlanılır və əsas futbolçular kollektivin özülünü təşkil edir. Məsələn, mən “Neftçi”də baş məşqçi işləyəndə həmin heyətdən bu gün yalnız Emin Mahmudov qalıb. Amma “Qarabağ”da 5-6 əsas futbolçu illərdir komandadadır və kollektiv məhz onların ətrafında qurulub. Yeni transferlər olsa da, lakin özülü dəyişməz qalır. Bu baxımdan “Qarabağ” çempionatda üstün görünür”.

T. Əhmədov “Sabah”ın yenilənmiş heyətlə mübarizə apardığını diqqətə çatdırıb: “Şanslarından maksimum istifadə etməyə çalışırlar. Lakin çempionluğun taleyinə son turlar aydınlıq gətirəcək. Hesab edirəm ki, çempionun adı mövsümün bitməsinə 2-3 tur qalmış bəlli olacaq”.

54 yaşlı mütəxəssis “Neftçi”nin də müəyyən nəticələr çıxarmalı olduğunu söyləyib: “Hər altı aydan, 1 ildən bir baş məşqçi dəyişikliyi uğur gətirmir. Eyni sözləri tez-tez futbolçu dəyişikliklərinə də aid etmək olar. Stabil komanda qurmaq üçün baş məşqçi maksimum beş il işləməlidir ki, sistem formalaşsın və nəticə gəlsin. Hazırda komandada müəyyən canlanma hiss olunur, dirçəliş əlamətləri var. Amma bu, hələ kifayət etmir. Qarşıdakı matçlar, xüsusilə “Qarabağ”, “Sabah”, “Zirə” və “Turan Tovuz”la görüşlər çox şeyi müəyyən edəcək”.

Onun sözlərinə görə, “Neftçi”nin güclənməsi Azərbaycan futbolu üçün vacibdir: “Ənənəvi klublar mükafatçılar sırasına qayıtmasa, çempionatda uzunmüddətli və real rəqabət formalaşmaz. Hətta bu mövsüm istənilən nəticə əldə olunmasa belə, baş məşqçiyə növbəti mövsümdə də şans verilməlidir. Hər bir mütəxəssisin öz komandasını formalaşdırmaq hüququ var. Yeni mövsümdə daha keyfiyyətli futbolçular cəlb olunmalıdır ki, “ağ-qaralar” yenidən layiq olduğu yerlərə qayıda bilsin”.

Qeyd edək ki, 21 turdan sonra “Sabah” 52 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən “Qarabağ” 45 xalla ikinci, “Turan Tovuz” isə 37 xalla üçüncüdür.

Seçilən
12
2
azertag.az

3Mənbələr