Meksikada iğtişaşlar zamanı həbsxanadan 23 məhbus qaçıb
Hadisə Xalisko Yeni Nəsil narkotik kartelinin liderinin öldürülməsindən sonra baş verən qarşıdurmalar fonunda qeydə alınıb. Ajans.az NMas televiziyasına istinadən xəbər verir ki, ştatın İctimai Təhlükəsizlik Katibi Xuan Pablo Hernandez qaçış faktını təsdiqləyib. “Hazırda əldə etdiyimiz məlumata görə, 23 məhbus qaçışdadır. Onların tutulması üçün müvafiq bildirişlər federal hakimiyyət orqanlarına göndərilib”, – deyə o bildirib. Məlumata görə, iğtişaşlar zamanı məhbusların əlbirləri həbsxanaya atəş açıb, daha sonra avtomobillə darvazaları sındıraraq əraziyə daxil olublar. Hadisə zamanı mühafizəçilərlə baş verən atışmada həbsxana əməkdaşlarından biri həlak olub. Qeyd edək ki, fevralın 22-də Meksikanın Milli Müdafiə Nazirliyi Xalisko Yeni Nəsil narkotik kartelinin lideri, “El Menço” ləqəbli Ruben Oseguera Servantesin məhv edildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, o, təhlükəsizlik qüvvələri ilə silahlı toqquşma zamanı ağır yaralanıb və hərbi xəstəxanaya aparılarkən helikopterdə vəfat edib. Xüsusi əməliyyatdan sonra ölkənin müxtəlif bölgələrində yolların bağlanması, avtomobillərin və müəssisələrin yandırılması halları qeydə alınıb. Prezident Klaudiya Şeynbaum fevralın 23-dək ölkədə ictimai təhlükəsizlik vəziyyətinin tam nəzarət altına alındığını bildirib.